Bütün dünyanın türkləri, birləşin...

Bütün dünyanın türkləri, birləşin...
16 Okt 2019 13:20

Bakı türk ulusunun nəbzinin vurduğu, qəlbinin döyündüyü məkan oldu. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi. "Zirvə" və "Görüş" kəlmələri "Türk Keneşi" adlanan bu strukturun diplomatik, siyasi, geosiyasi, strateji və s. baxımdan önəmini tam əks etdirmir.

Ən azı ona görə ki, yaradıldığı gündən ötən 10 il ərzində keçdiyi yolu Bakı sammiti, sanki, çox böyük təkanla sürətləndirdi.

On il əvvəl, Naxçıvanda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin prezidentləri bir araya gələrək bu strukturun yaradılması barədə sənəd imzalamışdılar.

Bakı forumunun önəmli məqamları çoxdur.

Onların arasında diqqət çəkəni Türk Şurasına daha iki ölkənin  - Özbəkistanla Macarıstanın qatılması oldu. Daşkəndlə Budapeşt artıq müvafiq sənədləri Türk Şurasına təqdim ediblər.

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev də Türk Şurasının ömürlük Fəxri Sədri statusu verildi. Quruma üzv ölkələrin dövlət başçılarının yekdil qərarı məntiqidir, çünki hazırda Türk Şurasının istinad etdiyi bütün strukturların banilərindən biri məhz N.Nazarbayevdir.

Türk Şurasının gerçək baniləri isə iki şəxs, Azərbaycan və Türkiyənin prezidentləri Heydər Əliyevlə Turqut Ozal idi.

Çünki məhz bu dövlət adamları türk ulusunun, türkdilli dövlətlərin inteqrasiyası istiqamətində ilk əməli addımlar atmış, konkret təkliflərlə çıxış etmişdilər.

Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələri barədə söylədiyi "Bir millət, iki dövlət" fikri, əslində, həmin inteqrasiyanın məhək daşı idi.

Türk Şurası hazırda quruma üzv dövlətlər üçün xarici siyasətdə çoxistiqamətli strategiya yürüdərək dövlət müstəqilliyinin və suverenliyin qorunması yolunda əlavə imkan, regional proseslərə birbaşa təsir rıçaqlarının artması, yeni zamanda struktura üzv dövlətlər arasında siyasi, mədəni, iqtisadi və s. əlaqələrin intensiv inkişaf vasitəsidir.

Türk Şurası heç bir halda millətçi, regionçu və ya etnik zəmində fəaliyyət göstənən qurum deyil. Tam əksinə, bu təşkilat üzv dövlətlərin xalqlarına milli özünüdərkin və milli özünütəyinin dəqiqləşdirilməsi, səbatlaşdırılması istiqamətində yardımdır.

Türkdillli ölkələrin gerçək liderləri olan İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Nursultan Nazarbayevin Bakı sammitindəki nitqləri də əməkdaşlıqla tərəfdaşlığın strateji yol xəritəsinin kodları idi.

Məhz onların nüfuzu təşkilatın inkişafına impuls verməklə yanaşı, türkdilli dövlətlərin ümumi inkişaf strategiyasını müəyyənləşdirməyə kömək edəcək.

Tarix buna dəlalət edir.

2009-cu ildə Naxçıvan sazişi imzalanandan sonra türkdilli dövlətlərin ən yeni tarixində yeni mərhələ başlandı, çünki məmləkətimizin qədim yurdu Naxçıvanda keçirilmiş o Zirvə Görüşündə dövlətlərimiz arasında əməkdaşlıqla tərəfdaşlığın yeni, təsisatlanmış, struktural formatının bünövrəsi qoyuldu.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Türk Şurasının Bakı sammitindəki nitqində önəmli məqamlardan biri də budur: "Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir".

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Türk Şurasının toplantısına qatılması dost və qardaş ölkənin, sadəcə, bölgdəki inteqrasiya proseslərində fəal iştirakla kifayətlənməyərək geniş, qlobal müstəvidə tərəfdaşlıq niyyətində olduğunu göstərdi.

Mərhum prezident İslam Kərimovun dönəmində Türkiyə ilə münasibətlərində sərinləşmə yaşanan rəsmi Daşkənd indi Ankara ilə əlaqələri aktivləşdirməyə çalışır. Belə də olmalıdır, çünki türk dünyası Özbəkistan olmadan əsla tam sayıla bilməz.

Türkçülük ideologiyasının məşhur simalarından biri, ümumiyyətlə, türk avrasiyaçılığı ideyasının görkəmli nümayəndələrinedən sayılan Nursultan Nazarbayevə gəldikdə isə o, türkdilli ölkələrin dövlət başçılarının 1992-ci ildə Ankarada başlanmış görüşlərinin istisnasız olaraq hamısının fəal iştirakçısı olub.

Bakıya Qazaxıstanın ilk Prezidenti, elbası kimi gəlmiş N.Nazarbayev 30 ilə yaxın ölkəsinə rəhbərlik edib. Bu illər ərzində Qazaxıstanın iqtisadiyyatı 20 dəfə, ölkə vətəndaşlarının rifah səviyyəsi 19 dəfə artıb və ölkə tədricən inkişaf etmiş dövlətlərə yaxınlaşıb.

2006-cı ildən başlayaraq Jeenbekov, Ərdoğan, Mirziyoyev və Orban isə ötən il Çolpan-Atadakı görüşlərdə iştirak edirlər. Mərkəzi Asiyada yeni müstəqil dövlətlərin tarixinin yalnız ilk ayları gedirdi, amma dövlət başçıları artıq qardaş xalqlarımız arasında dilin, mədəniyyətin və ənənələrin eyniliyinə əsaslanan münasibətlər qurulmasının əhəmiyyətini dəqiq başa düşürdük. Buna görə də bütün qardaş ölkələr Ankara bəyanatını imzaladılar. Bunun vasitəsilə geniş türk dünyasında qarşılıqlı əməkdaşlığımızı inkişaf etdirmək üçün iradə və qətiyyətimizi ifadə etdilər. Türkdilli dövlətlərin başçıları müxtəlif heyətlərdə Azərbaycanda, Türkiyədə, Qırğızıstanda, Özbəkistanda və Qazaxıstanda 10-a yaxın görüş keçiriblər. Görüşlərin dəyişkən nəticələrinə bizim ölkələrimizin daxili inkişafının cürbəcür gündəlikləri və xarici siyasət konyukturası təsir edib.

"Mən ötən müddət ərzində, - 1992-ci ildən 2019-cu ilə qədər 25 ildən artıq müddətdə, - müxtəlif heyətlərlə türkdilli dövlət başçılarının 17 görüşünün hamısında iştirak etmişəm. Mən bunları əxz etmişəm: məsələn, "Türk" sözü, bu sözün hər bir hərfinin mənim üçün xüsusi mənası var. Birinci "t" hərfi - trast, yəni, inamdır, "ü" - uniti, yəni, birlik, "r"- renessans, yəni, intibah və sonuncu "k" hərfi - kinşil, yəni, qohumluq. Bu anlayışa əsaslanaraq mənim birlik daxilində işimin məqsədi ölkələrimizi yaxınlaşdırmaq olub və buna görə də mən çox şadam ki, birgə səylərlə bu məqsədə nail olmuşuq.Bizim hamımızın növbəti səviyyəyə, yəni, ümumtürk gələcəyinin yeni üfüqlərinin formalaşdırılmasına başlamağa keçmək vaxtıdır. Bununla əlaqədar mənim iki təklifim var. Birincisi, "Türk baxışı 2040" proqramını hazırlamaq. Bu proqramda türkdilli birliyin uzunmüddətli məqsədləri və onlara nail olmaq yolları əksini tapmalıdır. Beləliklə, biz xalqlarımıza göstərilən dövr üçün türk inteqrasiyasının təxmini obrazının cizgilərini təqdim edərik. Bununla da biz, həmçinin xarici siyasət və ticarətin yumşaq gücü, tranzit və turizm, investisiya, energetika, "yaşıl" iqtisadiyyat, kiçik və orta biznes kimi prioritet sahələrdə ölkələrin qarşılıqlı fəaliyyətinə yeni impuls verərik", - elbası Nazarbayev Bakıda dedi.

Türk Şurası Bakıdakı yubiley sammitinə yaxşı nəticələrlə gəlmişdi.

Şuraya üzv dövlətldər təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail oldular. Şura Özbəkistanın və Macarıstanın hesabına genişləndi ki, bu da türkdilli dövlətlərin birgə salnaməsində yeni səhifə açdı.

Üzv ölkələr tərəfindən sanballı institusional struktur yaradıldı. Bu struktura TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası, eləcə də Türk Ticarət-Sənaye Palatası daxildir.

Şuranın siyasi və iqtisadi nüfuzu regional və beynəlxalq səviyyələrdə artır. Və ən nəhayət, türk dünyası inteqrasiyasının konsepsiyası qəbul olunub. Həmin sənəd, əsasən, türkdilli ölkələrin çoxplanlı qarşılıqlı fəaliyyətini perspektivdə keyfiyyət cəhətdən daha yüksək səviyyəyə çıxaracaq.

"Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm.

Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür. Sizi əmin edirəm ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək", - bu sözləri dövlət başçımız İlham Əliyev dedi.

Fəalliyyət proqramı təsbitləndi, işlər davam edir.





19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.