Azərbaycan Atabəyləri dövlətinin yaranması - TARİXİ FAKTLAR

Azərbaycan Atabəyləri dövlətinin yaranması - TARİXİ FAKTLAR
02 Sent 2019 09:01


Azərbaycan Atabəyləri və ya Eldəgəzlər (Eldənizlər) dövləti 1136-1225-ci illər arasında mövcud olub. Bu dövlətin ərazisi Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli əhatə edirdi.

realpress.az-a Atabəylər dövləti barədə geniş məlumatı tarixçi-alim Əkbər Nəcəf verib.

Eldənizlərin qurucusu qıpçaq əsilli bir məmlükdür. Mixonda görə, Eldəniz qıpçaqlar ölkəsindən alınmış bir quldur. Cılız, zəif olduğu üçün qul alverçisi onu pulsuz olaraq kölə tacirinə bağışlayıb. Eldəniz İraq Səlcuqluları dövlətinin vəziri Kəmaləddin Əbu Talib əs-Sümeyrəminin əmrində sarayda xidmətə başlayıb və sıra ilə iqtidar pillələrini bir-bir çıxıb. Cüzcani Eldənizin Böyük Səlcuqlu sultanı Səncərin məmlükü olduğunu və onun adını Eldəniz əs-Səncəri olaraq qeyd edib. Eldənizlər tarixinin ən məşhur araşdırmaçısı Z.Bünyadov təəssüf ki, bu məlumatı ciddiyə almayıb və bunu müəllifin səhv görüşü kimi qiymətləndirib.

Ancaq Cüzcaninin bu məlumatı olduqca qiymətlidir. Müəllifin Eldənizi Sultan Səncərin məmlükü olaraq qeyd etməsi Eldənizin Sultan Məhəmməd Taparın ölümü və oğlu Mahmudun taxta keçdiyi tarixdə, yəni 1118-ci ildə saraya alındığını göstərir.

Bu tarixdə Səncər Mahmudu məğlub edib böyük sultan olunca onun məmlükləri də ali sultanın tabeliyinə keçib. Sümeyrəmini Mahmudun vəzirliyinə gətirən də Səncərin özü olub. Eldəniz birinci dərəcədən Səncərin məmlükü olmasa da, Cüzcaninin məlumatı onun 1118-ci ildə saray məmlükləri arasına alındığını göstərir.

Eldənizin qıpçaqların hansı boyuna mənsub olması haqqında heç bir məlumat verilmir. Lakin Xarəzmşah Təkişin münşisi (divan katibi) Bağdadlı Bəhaəddin Məhəmməd ibn Müəyyəd Xarəzmşahların məktublarını qələmə aldığı əsərində Atabəy Nüsrətəddin Cahan Pəhləvana aid bir məktubdan bəhs edərkən, atabəyin Xarəzm ordularının başında Taraza qədər gəlmiş qıpçaq Uran qəbiləsinin rəislərindən Qıranla (Kıran) "qohum olduğunu" yazıb. Atabəy Cahan Pəhləvanın Qıranı öz qohumlarından göstərməsi Eldənizlərin də qıpçaqların Uran tayfasından olduğuna işarət ola bilər. Qıpçaqların Uran qəbiləsi Orta Asiyada Xarəzmşahlarla sərhəd olan Cənd ətrafında yaşayırdılar. Bunların böyük bir hissəsi müsəlman deyildi. Ancaq Xarəzmşahların əmri altına girdikdən sonra uranlılar Xarəzm ordusunda xidmətə başlamışdılar.

Atabəy Eldənizin Səncərin məmlükü olduğu, Sümeyrəminin Səncər tərəfindən Mahmudun vəziri təyin edildiyi və Atabəy Cahan Pəhləvanın Uran rəisi Qıranı öz qəbilə qohumu olaraq göstərməsi kimi məlumatları əsas götürərək, Eldənizin Orta Asiya (Cənd və ətrafındakı) qıpçaqlarından (Uran tayfasından) olduğu və bir qul kimi əvvəlcə Xorasana, oradan da İraq və Azərbaycana gəldiyi aydın olur. Yəni Eldəniz Qafqaz üzərindən deyil, Orta Asiyadan Xorasana, oradan da İraq Səlcuqlu ölkəsinə gəlib.

Vəzir Sümeyrəmi hicri 515/16-cı ildə (1121-1122) ismaililər tərəfindən öldürülüncə Eldəniz də Sultan Mahmudun əmri altına girib. 1131-ci ildə Sultan Mahmud vəfat etdi. Yerinə Sultan II Toğrul keçdi. O, Eldənizi öz şəxsi məmlükləri arasına daxil etdi. Eldəniz sultanın arvadı Möminə Xatunun təşəbbüsü sayəsində qısa zamanda II Toğrulun kiçik yaşlı oğlu Arslanşahın atabəyliyinə gətirildi. Sultan II Toğrulun ölümü və yerinə Sultan Məsudun (1135-1152) keçməsindən sonra Eldəniz Möminə Xatunla evləndirildi və 1136-cı ildə Aranı Arslanşah ilə onun iqtası təyin etdi. Beləcə, 1136-cı il Azərbaycan Atabəyləri dövlətinin quruluş ili olaraq qəbul edilir. Eldənizin Möminə Xatundan Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Qızıl Arslan adlı iki oğlu və bir qızı olub.

On il içində (1136-1146) Atabəy Eldəniz Arandakı bütün idarəetməni əlinə aldı. O, üsyankar əmirləri zərərsizləşdirdi və yerli idarəçilər arasında nizam-intizamı təmin etdi. Xalq arasında asayişi bərqərar edən Eldəniz dövrün alban tarixçisi Mxitar Qoşun məlumatına görə, "o gücləndi; bütün böyük hökmdarları əzdi və çoxlarını özünə tabe etdi; türkmənlərin qiyamçılarını tamamilə darmadağın etdi. O, Albaniya (Aran) ölkəsindəki çaxnaşmalara son qoydu".

1145/46-cı illərdə Farsın türk hakimi Boz Aba ilə Rey valisi Abbas arasında ittifaq təsis edildi. Bu ittifaqa Sultan Məsudun hacibi Əbdürrəhman ibn Toğan Yürək də daxil oldu. Onlar sultanın qardaşı oğullarından şahzadə Məhəmmədlə şahzadə Məlikşahı öz yanlarına alıb, Məsuda qarşı qiyam qaldırdılar. Sultan Məsudun onlara qarşı gələcək gücü olmadığı üçün Atabəy Eldənizə müraciət etdi. Atabəy təcili yola çıxıb Məsudla birlikdə Kaşan ətrafında qiyamçıların qarşısına çıxdı. İlk çarpışmalardan sonra qiyamçılar sultanla atabəyin gücləri qarşısında geri çəkilməyə başladılar. Bu hadisə Atabəy Eldənizin İraq Sultanlığı nəzdində nüfuzunu xeyli artırdığını göstərməkdədir.

1 rəcəb 547-ci ildə (2 oktyabr 1152-ci il) Sultan Məsud Həmədanda vəfat etdi. Yerinə qardaşı oğlu Məlikşah ibn Mahmud keçdi. Ancaq vəzir Xass bəy Bələncəri qısa müddət sonra onu həbs edib, yerinə onun qardaşı Məhəmmədi oturtdu. Ancaq yeni sultan hakimiyyətə keçməsinin üçüncü günü onu taxta çıxaran Bələncərini edam edib, başını Aran hakimi Şəmsəddin Eldəniz vasitəsilə Marağa hakimi Nüsrətəddin ibn Ağsunqura göndərdi. Ancaq sultanın bu hərəkəti onları qorxutdu. Bundan istifadə edən xəlifə əl-Müqtəfi əmirləri sultana qarşı qiyama çağırdı. Əmirlər özlərinə yeni sultan olaraq Süleyman şahı seçdilər. Onlar birlikdə Bağdada gəldilər və burada xəlifə tərəfindən təntənə ilə qarşılandılar. Məhərrəm 551-ci ildə (mart, 1156) Bağdadda xütbələr Süleyman şahın adına oxundu. Beləcə, Süleyman şah yanında, xəlifə orduları xaricində, Aran hakimi Şəmsəddin Eldəniz, Marağa hakimi Nüsrətəddin Arslan Apa, Alp Quş Gün-qur, Fəxrəddin Zəngi Həmədana doğru irəlilədilər. Sultan Məhəmməd şəhəri tərk etmək məcburiyyətində qaldı və İsfahana qaçdı. Süleyman şah heç bir maneə ilə qarşılaşmadan paytaxta gəldi və sultanlıq taxtına oturdu.

Taxtı ələ keçirdikdən sonra sultan içki məclislərinin aludəsi olub əyyaşlıq etməyə başladı. Buna görə də müttəfiqləri ondan ayrılaraq öz əyalətlərinə çəkildilər. Eldəniz də gürcülərin Arana hücumunu eşidib ölkəsinə döndü. Bu vaxt vəzir Bələncərinin əmisi oğlu Rəvvadi də Aranda rahat durmamış və qiyam etmək üçün fürsət gözləyirdi. Süleyman şahın ordusunun dağıldığını görən sabiq sultan Məhəmməd onun üzərinə hücum çəkib taxtı yenidən ələ keçirmiş, Süleyman şahı da tutub həbs etmişdi. Sultan Məhəmməd Atabəy Eldənizin bağışlandığını desə də, onu nəzarət altında tutmaq üçün oğlu Cahan Pəhləvanı girov olaraq sarayda saxladı. Ancaq xəlifənin təhriki ilə Şəmsəddin Eldəniz sultana qarşı üsyan etdi. Sultan Məhəmməd Bağdadı mühasirə etdiyi sırada Eldəniz şahzadələrdən Məlikşahı və oğulluğu Arslanşahı yanına alıb Həmədana yiyələndi. Bunun üzərinə Bağdadın mühasirəsini buraxan Sultan Məhəmməd Həmədana hücum etdi və Rey yaxınlığında Eldənizin qüvvətlərini ağır məğlubiyyətə düçar etdi. Naxçıvan yaxınlığında cərəyan edən ikinci vuruşmada da Eldəniz məğlub oldu. O, bir məktub yazaraq sultandan əfv edilməsini istədi. Sultan onun üzrxahlığını qəbul edib atabəyin Arandakı hakimiyyətini təsdiq etdi. Azərbaycanı da Marağa Ağsunqurlularından Arslan Apa ibn Ağsunqura verdi.

Ancaq Məhəmmədin hakimiyyəti çox davam etmədi. Bağdada hücuma hazırlaşdığı bir dövrdə qəflətən xəstələndi və zülqədə 554-cü ildə (dekabr, 1159) öldü. Taxta təkrar Süleyman şah keçdi. Süleyman şah Eldənizin oğulluğu Arslanşahı özünün vəliəhdi elan etdi. Necə ki, Süleymanın adına oxunan xütbələrdə Arslanşahın da adı vəliəhd olaraq keçdi.

Süleyman şah taxta çıxmasından sonra yenidən əyyaşlığa başladı. Əmirlər ona qarşı sui-qəsd planı hazırladılar. Şəvval 555-ci ildə Süleyman şah taxtdan salındı və həbs edildi. Şərafəddin Qurd Boz adlı bir əmir onu 12 rəbiüləvvəl 556-cı ildə (22 aprel, 1161) həbsdə boğaraq öldürdü.

Atabəy Eldənizi Həmədana dəvət edib Arslanşahı taxta oturtmasını istədilər. Eldəniz Həmədana gəldi. Oğulluğu Arslanşah ibn II Toğrulu sultanlıq taxtına əyləşdirdi. Özü isə Atabəy Əl-Əzəm (Böyük Atabəy) adı ilə onun yanında oturdu. Beləcə, Eldənizlər İraq Səlcuqlu dövlətinin idarəsini əllərinə keçirdilər.

20 Sent 2019
Maraqlı

27 dəqiqə ölən qadın o dünya haqqında danışdı

Qadın 27 dəqiqə öldü və ayılandan sonra nə baş verdiyi haqqında danışdı.

20 Sent 2019
Maraqlı

Mobil telefonlar beyin xərçəngini yaradırmı?

Son zamanlar bütün dünyada beyin xərçəngi artmaqdadır. Bəzi mütəxəssislər bunu qəcetlərdən uzun müddət ərzində istifadə etməsi ilə əlaqələndirir.

20 Sent 2019
Maraqlı

Ateist alim o dünyanın olduğunu təsdiqlədi — MARAQLI SƏBƏB

Rusiyalı məşhur ateist fizik Vladimir Efremov o biri dünyanın olduğunu təsdiqləyib.

19 Sent 2019
Maraqlı

Misirdə su pərisi skeleti tapıldı

Havay çimərliyində su pərisi skeleti tapıldı.