Salyanda, Kür çayı üzərində “Alman körpüsü”-FOTO

Salyanda, Kür çayı üzərində “Alman körpüsü”-FOTO
07 Avq 2019 09:17


Ələt-Astara magistral yolunun Salyan rayonunun Aşağı Kürkənd kənd ərazisindən keçən hissəsində Kür çayı üzərində tikilən dövlət əhəmiyyətli bu körpü öz möhtəşəmliyi ilə seçilir. Ümumi uzunluğu 360, eni isə 7,5 metr olan körpü düz 71 il bundan öncə tikilərək istifadəyə verilib. Yaşlıların dediyinə görə, körpü olmamışdan qabaq çayı pantonlara quraşdırılmış bərələr vasitəsi ilə keçmək mümkün idi. Cənub bölgəsinə də getmək üçün həmin bərələrdən istifadə olunurdu. Bu da uzun növbələrin yaranmasına gətirib çıxarırdı. Belə bir vaxtda Kür çayı üzərində körpünün tikilməsi zərurəti yaranır. 


İkinci Dünya müharibəsi qələbə ilə sona çatdıqdan sonra  Kürün meyilliliyi daha çox olan ərazidə körpünün tikintisinə başlanılır. Tikintiyə rəhbərlik  Uzaq Şərq körpü-tikinti idarəsinin mühəndisi, mayor Florova tapşırılır.  Tikinti zamanı alman əsirlərindən də istifadə olunur.

Tədqiqatçı-jurnalist Fəxrəddin Fərzəliyevin Oxu.Az-a bildirdiyinə görə, 1943-cü ildə Stalinqrad uğrunda gedən döyüşlərdə 100 minə yaxın əsir götürülmüş alman əsgər və zabitlərinin müəyyən hissəsi Salyandakı hərbi əsir düşərgələrində yerləşdirilib. Tikintiyə məhz həmin alman əsirlər çəlb olunub. Onların arasında hərbi tribunalın qərarı ilə 25 il azadlıqdan məhrum edilən, Bavariyada körpü üzrə mühəndislik təhsili almış Alfred Riskop adlı gənc alman da olub. Əsir olmalarına baxmayaraq, körpünün tikintisi zamanı alman dəqiqliyini yaddan çıxarmırlar.  

Körpünün küləkli havada əsməsinin, rezonans hadisəsinin qarşısını almaqdan ötrü üzərində dəmir konstruksiyalı fermalar quraşdırılırılır. Altı dayaqdan ibarət olan körpünün 1946-cı ilin mayında tikintisi başa çatır. 1948-ci ildə isə Azərbaycan Nazirlər Soveti sədrinin, Xalq şairi Səməd Vurğunun, rus generallarının və digər yüksək rütbəli məmurların iştirak etdiyi açılış mərasimində etibarlılığı yoxlanılması üçün bir dəstə alman əsri körpü altında saxlanılaraq üzərindən ağır texnikalar keçirilib. Beləliklə, körpünün dayanıqlı olduğuna əminlik yaranıb. 

Jurnalist-tədqiqatçının sözlərinə görə, körpü tikilərkən onun giriş və çıxış hissəsində iki cüt şir heykəli də qoyulub. Bu da körpüyə möhtəşəmlik gətirirmiş. 1965-ci ildə SSRİ rəhbərliyində təmsil olunan Mikoyan Cənub bölgəsinə gedən zaman körpü üzərindəki şir heykəllərini görür. Şirlərin İran Dövlətinin rəmzi olduğuna işarə edərək dərhal götürülməsi əmrini verir.  Heykəllər götürülür. Bu günün özündə də o vaxt körpünün giriş və çıxış hissəsinə qoyulmuş şir heykəllərinin aqibətindən belə xəbər yoxdur.

Salyanın simvoluna çevrilən, əvvəllər el arasında “alman körpüsü”, sonralar isə “Salyan körpüsü” kimi tanınan Kür çayı üzərindəki bu möhtəşəm tikili ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində  yararsız hala düşür. 1992-ci ildə körpüdən istifadə edilməsinə qadağa qoyulur.  

Hazırda alternativ tikilmiş yeni körpüdən istifadə olunur. Tikinti mütəxəssislərinin qənaətinə görə, alman əsirlərinin tikdiyi körpünün dayaqları və dəmir konstruksiyaları olduqca etibarlıdır. Əgər şpaldan olan üst qatı təmir edilərsə, almanların tikdiyi bu körpüdən hələ uzun illər də istifadə etmək mümkündür.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.