Qarabağda yeni arxeoloji abidələr aşkarlandı

Qarabağda yeni arxeoloji abidələr aşkarlandı
15 İyul 2019 13:30


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası may-iyun aylarında Aran Qarabağ ərazisində arxeoloji tədqiqat işləri aparıb.

AMEA-nın rəsmi saytının yaydığı məlumata görə, arxeoloji kəşfiyyat işləri əsasən Bərdə və Füzuli rayonları ərazisində gerçəkləşib, Ağdam rayonu ərazisində yerləşən bir çox abidədə isə monitorinq işləri aparılıb, onların mühafizə vəziyyəti yoxlanılıb.

Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunub, müxtəlif dövrlərə aid arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib. Xaçınçay-Tərtərçay vadisində aşkar edilmiş neolit dövrü abidələrində arxeoloji kəşfiyyat qazıntılarının aparılması bu il də davam etdirilib. Belə ki, bu tədqiqat mövsümündə 3 saylı Əmirli neolit dövrü yaşayış məskənində arxeoloji qazıntı işləri aparılıb.

Ekspedisiyanın rəhbəri Xəqani Alməmmədovun sözlərinə görə, qazıntılar nəticəsində 3 saylı Əmirli abidəsində neolit dövrünə aid mədəni təbəqənin qalınlığının təxminən 2 m olduğu müəyyənləşdirilib. Memarlıq nümunələri dairəvi və oval plan quruluşa malik, samansız çiy kərpiclə inşa edilmiş yarımqazma və yerüstü tikililərdir. Abidədə multidisiplinar tədqiqatların aparılmasına da başlanılıb.

Qədim yaşayış məskəninin mövcud olduğu dövrdə baş vermiş iqlim dəyişkənliyi və bu prosesin insanların həyat tərzinə necə təsir etdiyi haqqında dəqiq ümumiləşdirmələr aparmaq üçün müxtəlif dərinliklərdən torpaq nümunələri götürülüb. Həmin nümunələr əsasında AMEA-nın Coğrafiya və Geologiya və Geofizika institutlarının müvafiq laboratoriyalarında paleonoloji analizlər aparılacaq.

Əmirli yaşayış yerinin mövcud olduğu xronoloji çərçivənin müəyyənləşdirilməsi istiqamətində də tədqiqatlar aparılır. Belə ki, AMEA-nın Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi, “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun üzvü Aybəniz Əhədova qazıntılarda iştirak edərək nümunələr götürüb və nümunələrin götürüldüyü nöqtələrdə radiasiya fonunu ölçüb. Nümunələrin Termolüminessensiya və Elektron Paramaqnit Rezonans metodlarının tətbiqilə müvafiq analizlər aparılaraq onların şərti yaşları təyin olunacaq.

AMEA Rəyasət Heyətinin “Qarabağın işğaldan azad edilmiş ərazilərində arxeoloji tədqiqat işlərinin aparılması haqqında” 11 iyun 2014-cü il tarixli qərarına əsasən, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş ərazilərində də arxeoloji kəşfiyyat işləri aparılıb. Aparılan kəşfiyyat işləri nəticəsində onlarla müxtəlif dövrlərə aid arxeoloji, tarixi-memarlıq abidəsi qeydiyyata alınaraq xəritələşdirilib.

Ekspedisiya tərəfindən aşkar edilən neolit dövrünə aid Horadiz yaşayış yeri ekspedisiyanın əsas tədqiqat obyekti olaraq seçilib, onun ərazisində topoqrafik ölçmə işləri aparılıb. Gələcəkdə burada geniş miqyaslı arxeoloji qazıntı işlərinin aparılması planlaşdırılır.

6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.