Azərbaycanlı şair: Mən qadın da, kişi də sevmişəm - MÜSAHİBƏ

Azərbaycanlı şair: Mən qadın da, kişi də sevmişəm - MÜSAHİBƏ
12 Noy 2018 10:43


Şair, dramaturq və aktyor Orxan Bahadırsoyun realpress.az-a müsahibəsi:

– Orxan, sizi tanımayan təbəqə üçün özünüzü təqdim edərdiniz...

– 25 yaşım var. Lerik rayonunun Hamarmeşə kəndində anadan olmuşam. İbtidai təhsili rayonda, orta təhsili isə Bakıya köçdüyümüz üçün müxtəlif qəsəbələrdə almışam. Neft Akademiyasına qəbul olmuşam, sonra oranı yarımçıq qoyub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və Dram Teatrı aktyorluğu” ixtisasında təhsilimi davam etdirmişəm.

– Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Biotibbi Texnologiyalar mühəndisliyi” ixtisasını niyə yarımçıq qoydunuz?

– İstəmədiyim sahə idi. Həmişə qəribə bir paradoks var idi. Mən kimya, fizikanı sevirdim, lakin onları, sadəcə, krossvord hesab edirdim. Məsələlər həll etmək, tənliklər çözmək asudə vaxtımı əyləncəli keçirmək üçün bir vasitə idi. Ədəbiyyata isə peşə kimi yanaşırdım. Bunu nə müəllimlərimə, nə də valideynlərimə izah edə bilirdim.

Onlar deyirdi ki, bu cür fizika və kimya beyni gərək humanitar fənlərə getməsin. Məhz bu səbəbdən həmin ixtisasa qəbul olundum. Lakin çox çəkmədi, birinci kursun sonlarında dərslərdən qaçıb, teatra getməyə başladım. Mənə qaib yazılırdı. Ərizəmi yazıb imtina etdim və evdən ayrıldım.

– Belə baxıram ki, universiteti atmağınız evdə etirazla qarşılanıb.

– Bəli, atam çox istəyirdi ki, bu sahələr üzrə ixtisaslaşım. Başa düşürəm, valideynlər övladlarını özlərinə layihə sayırlar, mən bunu daha sonra anladım. Bununla bağlı çox mübahisələrimiz olurdu. Bir də yaradıcılıq prosesim o qədər qəribə gedir ki, onlarla bir evdə qala bilmərəm. Bir əsər yazanda özüm üçün elə şərait yaradıram ki, bunu onların gözü qarşısına etməyi bacarmaram.

Hətta bunu ayrı bir otaqda da edə bilmərəm. Çünki bəzən qışqırıram, tamamilə soyunuram. Ətrafım dağınıq, pinti olur, çevrəmi külqabılar, siqaretlər bürüyür. Ona görə də yeddi ildir tək yaşayıram. Bunları nəzərə alıb, onlardan ayrıldım.

– Yaşınız az idi, evdən ayrılmaq, ev tapmaq çətin olmadı?

– Hətta ev tapmamışdım, dostlarımın evində qalırdım, bəzən skamyada yatırdım. Yetər ki, evə getməyim. Səhər skamyada oyanıb ağrı çəkəndə daha yaxşı şeir yazırdım. Bu cür həzzi itirə bilməzdim, rahatlığa dəyişə bilməzdim. Yetər ki, xəstələnəydim, amma o şeiri yazaydım. O, mənə həzz verirdi deyə, bütün növ fəlakətləri yaşamağa hazır idim. Bıçaqlanmağa da, üstümdəki hər şeyin oğurlanmağına da.

Həmin ərəfələrdə hər şeyə razı idim, elə indi də razıyam. Bütün növ faciələri yaşamağa hazıram. Hətta bir ay özümü xoşbəxt hiss etsəm, narahat olaram. Hərçənd deyirlər ki, bu, maddiyyatla bağlıdır. Amma belə bir sıxıntım yoxdur. Özümü xoşbəxt hiss etmirəm, bunu istəmirəm. Mənə belə xoşdur. Bu, uşaqlıqdan da belə idi.

– Sizdəki bu güc haradandır belə?

– Əgər Tanrı varsa, onun böyük bir ideologiyası da var – “Heç bir bəndəmə daşıya bilməyəcəyi yükü vermərəm”. O, arxayın olub ki, daşıya bilərəm, ona görə də verib (gülür).

Bəzi məsələlər var, onları danışa bilmərəm. Ömrümün sonunadək də danışmayacağam. Həyatımın elə bir anı yoxdur ki, deyim, kaş ki bunu yaşamayayadım. Nə yaxşı ki, yaşamışam. Əksinə, xoşbəxt və boş keçən anlarıma peşman olmuşam, ancaq heç bir ağrıma görə peşmanlıq çəkməmişəm. Bilə-bilə fəlakətə getmişəm, əsla peşman deyiləm. Bu gün olsa, yenə edərdim.

– Şeirlərinizdəki təsvirləriniz çox fərqlidir. Bu, tək kitab oxumaqla meydana gələn bir şey deyil. Düşünürdüm ki, bu adam içində nələr yaşayır ki, belə təsvirlər edir.

– Deməli, yaşadıqlarım işə yarayırmış. Həmin an heç kimin ağlına gəlməyəcək bir fikir yazdığımın fərqində olmuram. Sonra o əsərə ədəbiyyatşünas kimi yanaşanda görürəm ki, fərqlidir. Pisdirsə, yayımlamıram. Özüm bilirəm, hansı şeirim güclüdür, hansı deyil.

– “Saçını satan aktrisa” pyesi ilə Almaniyada keçirilən “Next Stage Europe 3” festivalına qatılan ilk azərbaycanlı dramaturqsunuz və əsəriniz Potsdam şəhərində yerləşən “Hans Otto” teatrında səhnələşdirilib. Bundan danışmağınızı istərdim...

– Dramaturgiya festivalı bir neçə dəfə keçirilmişdi. Onlar Azərbaycandan dəvət etmək üçün dramaturq tapmamışdılar. Həmin dövrlərdə mətbuatda mənim “Niyə Azərbaycanda dramaturq yoxdur?”, “Niyə teatrlar dramaturqlarla işləmirlər?” tipli yazılarım çıxmışdı. Araşdırıblar və “Azadlıq” radiosunda çalışan Namiq Hüseynov məni məsləhət görmüşdü.

Dedilər ki, pyesinizi göndərin. İki ay xəbər çıxmadı. Sonra xəbər gəldi ki, bu, sizin dəvətnaməniz, biletləriniz və s. 2017-ci ildə Almaniyaya getdim. Orada çox gözəl sənət mühiti var idi. Gedirdik Brextin evinə, (Bertolt Brext – 20-ci əsrin ən tanınmış alman şairi, dramaturq – red.) hansısa kafedə yazılmışdı ki, “Bu masada bir zamanlar Brext oturub”. Adam özünü başqa cür hiss edirdi. Evə girdik, vitrindəki fincanın üstünə yazılmışdı ki, “Bu fincanda Henrix Von Kleys (almaniyalı dramaturq – red.) çay içib”.

Gəlin, görək, bizdə Cəfər Cabbarlının çay içdiyi fincanı tapa bilərik? Cəfər Cabbarlı heç də Henrixdən zəif dramaturq deyildi. Əksinə, ona dramaturgiya öyrədərdi. Amma biz onun bir fincanı nədir, heç ev muzeyini belə yaxşı qurmamışıq. Bunları görəndən sonra ölkədəki sənət mühitinə fikrim dəyişdi. Əvvəllər teatrlara tez-tez gedirdim, indi yalnız sənətini sevdiyim aktyor dostlarım dəvət edəndə baş çəkirəm.

– Niyə ədəbi mühitin kənarında gəzirsiniz?

– İki-üç müasir Azərbaycan yazıçısı ilə tanışlığım var. Heç vaxt axınla getmək xarakterim olmayıb. Ailəmə, doğulduğum kəndə qarşı çıxmışam, universitetə getmişəm, görmüşəm mənə uyğunlaşmırlar, özüm çıxıb getmişəm.

Bugünkü ədəbi hadisələr mənlik deyil. Bəlkə, mən onlardan aşağıyam, istedadsızam. Bu, başqa məsələdir. Əsla, müqayisəyə girişmirəm. Demək istədiyim xarakter və davranış məsələləridir. Adamlar bir müddət hər şeyi tənqid edirlər, sonra bir millət vəkili onlara iş verəndə, hər şey tərsinə dəyişir. Mən heç vaxt belə ola bilmərəm.

Bu peşəyə nələri qurban vermişəm, bu gün nələrəsə nail olmuşamsa, onun sayəsindədir. Belə qurbanlar verib, indi peşəmə ikiüzlülük edən adamla görüşə, bir səhnəni bölüşə bilmərəm. Peşə əxlaqı deyə bir şey var. Bu, mənim üçün əxlaqsızlıq olar.

– Şeir gecələrində də sizi az-az görürük...

– Çağırırlar ki, şeir gecəsi var, üç şair gələcək, siz də gəlin, getmirəm. Demişəm, dəvət etməyin, tək olsam, gedərəm. Əsla, eqoistlik deyil. Heç kimin öz peşəsinə mənim qədər fədakar yanaşdığına inanmıram. Bu mühitdə ikiüzlülük, maddi təmənnalar görürəm. Bu, məni sarsıdır. Mən öz peşəmə Allah kimi sitayiş edirəm.

Mənim üçün dindən də, ailəmdən də artıqdır. Həmişə demişəm anamı da, atamı da, qardaşımı, bacımı da sənətimə qurban verərəm. Sənətim üçün üstündən xətt çəkə bilməyəcəyim heç nə yoxdur. Sənətim yoxdursa, mən də yoxam. Bunu heç kimlə bölüşə bilmərəm. 

– Şeirlərinizdəki “o adam” kimdir?

– Əslində, “o adam” deyə adam yoxdur. Müxtəlif adamlar ola bilər, təbii ki (gülür). Yaxud uydurduğum adam da ola bilər. Mənim üçün sevmədiyim anda belə sevgi şeirini yazmaq çox asandır, aktyorluğumdan istifadə edib yaza bilərəm. Dram əsərlərimi də belə yazıram. Şeirlərimdə mən də varam, heç vaxt görmədiyim xarakterlər də var. Orada yalanç da var. Ola bilər şeirimdə “Sənin üçün ölərəm” deyim, amma fərd olaraq heç kim üçün ölmərəm, nə qədər sevsəm də, sənətdən artıq heç kim yoxdur.

– Ən çox ağrı çəkdiyiniz hansı şeiriniz olub?

– “Yağış yağdıran” şeirim. Heç bir şeirdə o qədər sancı çəkməmişəm, ən sevdiyim şeirimdir.

– Aktyor olmaq istəyi əvvəldən var idi, ya yazarlıqdan sonra bu istək baş qaldırdı?

– Əvvəldən var idi, indi də oynayıram. Teatra getmək üçün nələrdən keçirdim. Sonralar bunu dramaturgiya öyrənmək üçün bir vasitəyə çevirdim. Yazarın dram yazması üçün məktəb görməsi mütləqdir. Gərək bilsin ki, işıq nədir, səhnəyə giriş-çıxış nədir. Bunları öyrəndim və dram əsərlərimi yazdım. Mənə ən çox uğuru da məhz dram əsərlərim gətirib. Aktyor sənətinin nəzəriyyələrini əzbər bilirəm, bu gün də çıxıb oynaya bilərəm, hansısa resenziyanı yazmağa hüququm var. 

– Ailədən yeni ayrıldığınız vaxtlarda sizə kim dəstək oldu?

– Həmişə mənə nənələrim dəstək olub. Atamın anası müəllimdir, mənə kiçik yaşlarımdan yazmağı öyrədib. Üçüncü sinifdə artıq imla yazırdım. Anamın anası isə mənə maddi dəstək olub. Nənələrim mənə atamdan, anamdan da artıqdır. Valideynlərimə daha çox bacı-qardaş kimi yanaşıram. Nənələrimi çox istəyirəm, amma sənətdən artıq deyillər.

– Bu fikirləriniz yaxınlarınızın xətrinə dəymir?

– Bunu özlərinə də deyirəm. Deməsəm, ikiüzlülük olar. Demişəm ki, bu gün sənət mənim əlimdən tutub harasa aparsa, bu, intihar belə olsa, siz ağrımayın. Evdə məndən başqa uşaqlar var, onlarla başlarını qatsınlar. Məni sənətə versinlər. Çünki mən çox pərakəndə tale yaşayıram. Nə onların ətəyində qala bilərəm, nə də istəmirəm mənə aludə olsunlar.

Düzdür, başlarından bir tük əskik olanda, canım ağrıyır. Həmçinin, onların da. Bu bağlılığın bir itki olduğunda sarsıdıcı hala gəlməsini istəmirəm. Mən sarsılım, bu, problem deyil. Hisslərim oynasın yerindən və nə isə yazım. Amma onlar sarsılmasın, çünki bunda təmənnaları yoxdur.

Hər dəfə deyirəm, məndən uzaq durun. Çünki hər dəqiqə sizi atıb gedə bilərəm. Bu, inziva da, Afrika cəngəllikləri də, intihar da ola bilər. Ona görə də ailəmə, dostlarıma bağlı deyiləm. Həyatımın daxili hissəsində heç kim yoxdur, yalnız çevrəsindədirlər. Qapını bağlayıb, evimə girdikdən sonra orada tamam başqa adamam, oraya heç kəsi buraxmıram. Bəzən deyirlər, sevgili hamısını keçir. Bu, əsla, belə deyil.

– Bir dəfə Lerik və teatr tamaşaçıları barədə bir məsələ olmuşdu və sizin üstünüzə qalxmışdılar.

– Mən Leriki sevirəm, dünyanın harasında gedirəmsə-gedim, Lerikə getmədimsə, özümü istirahət etmiş saymıram. Havası da, suyu da, mətbəxi də, dəyərlidir. O baxımdan, tipik talışam. Azərbaycanın bütün coğrafiyası mənim üçün belədir, amma Lerik, Astara, Lənkəran və Masallı həddindən artıq geridə qalıb. Mən bunu hamısının içində, tribunada da deyə bilərəm, daş-qalaqdan qorxan adam deyiləm. Bunu sevdiyim üçün deyirəm.

Bir adam ki, hələ də artistə “mütrüb” deyirsə, Aygün Kazımova onlar üçün sənətkar deyilsə, pozğundursa, bu insanlara mən necə hörmət edim? Siz deyin. Bukovskinin bir əsərini qarşılarına qoysam, onlar orada, sadəcə, erotika görsələr, sevimmi bu insanları? Bunu deyəndə də oluram düşmən. Ay balam, oxuyun da! Şərait yoxdur, kitabxana ki, var. Oxuyun, təkmilləşin!

Lənkəranda bir teatr var, oraya ildə bir adam gedir. Çox yaxşı insandırlar, evlərinə gedin, sizə ürəklərinin yağını yedirərlər. Amma bir qadına desən ki, niyə hələ də həyat yoldaşın səni döyür? Deyəcək ki, kişidir də, döyməlidir. Bunun səbəbi teatrsızlıq, məktəbi, universiteti oxumamaqdır. İnsanın özü bir otağın içində belə kamilləşə bilər. Qız, ümumiyyətlə, oxumamalıdır. Doqquzuncu sinifdə oxuyursansa, ərə getməlisən. Mən onların inkişaf etməklərini istəyirəm, geridə qalmaqlarını yox.

– İlyas və Mövlanın sevgisini qələmə almağı niyə istədiniz?

– Yetərincə səs-küylü əsər idi. Mən o zaman, həmişəki kimi, əxlaqsız elan edilmişdim. Əslində, ondan öncə “Fahişə mələklər”, “Kimsəsizlər sığınacağı”, “Yalançı akasiya” kimi əsərləri yazdım. Tabu mövzularda yazmağı sevirəm. Ər arvadına xəyanət etdi, qız bakirə çıxmadı kimi mövzular mənlik deyil. Dünya bu problemləri artıq geridə qoyub. Sabah robotların taleyindən əsər yazacağıq, biz hələ qalmışıq ki, kimsə bakirə çıxmayıb. 

İsa Şahmarlının intiharı baş vermişdi. O hadisə məni sarsıtmışdı. Bundan əvvəl erməni oğlanla azərbaycanlı oğlanın sevgisindən bəhs edən “Artuş və Zaur” yazılmışdı, amma bu, siyasi xarakter daşıyırdı. Lakin mən maarifləndirici yöndə olan “Günahdır səni sevmək” romanımı yazdım. Düzdür, əsərlərimi roman adlandırmıram. Mən roman yazmamışam.

Əgər bu gün 20 nəfər mənə yazırsa ki, bundan əvvəl homoseksuallara başqa cür baxırdım, fikrim dəyişdi. Bu, artıq mənim üçün uğurdur. Bu, hansısa ehtiyacdan irəli gəlmir. Bir əsəri yazanda üç şey nəzərə alınır. Aktualdırmı, maraqlıdırmı və nəticəsi olacaqmı? Nəticəsi də oldu. Amma tarixi vitrinə qoyulası bir roman deyil. Əhəmiyyətli əsər deyil, hələ belə əsərlərim çıxmayıb.

– Şeirlərinizi kimin ifasında sevirsiniz?

– Qiraətçilərin heç biri məndən inciməsin, Tural Əhməd mənim üçün başqa aləmdir. Səhər yuxudan ayılanda fikirləşirəm ki, görəsən, Tural mənim hansısa şeirimi səsləndirib? Turalla Vüsalə Əyyubqızı birgə “Gedək, asaq özümüzü” adlı şeirimə klip çəkdiriblər. Bunu görəndə çox sevindim. Zemfira Əbdülsəmədovanın da ifasını sevirəm.

– Azərbaycanda niyə teatrlara biganəlik var. Səbəbi internetdir?

– İnternetin inkişafı teatra mane olur. Əgər desək ki, cəmiyyət mədəniyyəti sevmir, bunların genetikası belədir, onda niyə sovet dövründə teatrlara bilet tapmaq olmurdu? Nəsibə Zeynalovanın adını afişada görəndə tamaşaya üç gün qalmış bilet tapılmırdı. Camaat gəlib yerdə otururdu. O dövrün şəkillərində, videolarında görürəm. Bunun müxtəlif səbəblərini özüm üçün analiz edirəm.

Baxıram ki, müharibədən çıxandan sonra bizim üçün hər şey dəyişib. Baş can dərdinə, mal-mülk itkisinə, övlad itkisinə qarışdı. İnsanların teatrlara getməyə həvəsi olmadı. Nə qədər inkişaf olsa da, sənətə, teatra qayğı o qədər də ürəkaçan deyil. Bu da sənətçilərin öz işinə soyuq yanaşmasına gətirib çıxardı. Hərçənd ki, bu, düz çıxmır. Mənə bu gün pul verməsələr də, yazaram. İnsanın öz işinə sevgisi olmalıdır.

Reallıqları da danışaq, nə qədər peşəkar aktyor olursan ol, biləndə ki, ay sonu 180 manat maaş alacağam, buradan çıxıb, toya, xınaya özümü çatdırmalıyam ki, pul qazanım. Bu adam teatrda nə performans sərgiləyə bilər ki? Azərbaycan tamaşaçısında fikir yaranır ki, bizdə aktyor yoxdur. Halbuki var. Hollivud və Türkiyə aktyorlarını da istedadı və nəzəri bilikləri ilə çökdürəcək aktyorlar var.

Bu aktyorlar necə görməzdən gəlinə bilər? Deyirlər ki, sonuncu üç komediya aktyorumuz Yaşar Nuri, Nəsibə Zeynalova Siyavuş Aslan idi. Vallah, bu gün Yaşar Nuridən istedadlı aktyorlarımız var. Yaşar bu gün sağ olsaydı, onlardan öyrənərdi. Bizim sonuncu dram artistlərimiz Leyla Bədəlbəyli, Həsənağa Turabov Həsən Məmmədov idi. Onlardan da güclü aktyorlarımız var və bundan sonra da olacaq. Sovet nə karə idi ki, aktyor yetişdirsin? Sovet doğmadı Həsənağa Turabovu, ona kinematoqrafiya məktəbi verdi. Bizə elə məktəb lazımdır. 

Cəmiyyətimiz rəvac yaradıb ki, hər yoldan keçəni 10-15 manata, yaxud şöhrət xətrinə filmə, seriala çəksinlər. Hara baxır Televiziya Şurası, telekanal rəhbərliyi? Nə ilə məşğuldurlar? “Azərbaycanfilm” Kinostudiyası hara baxır? Min ildir sənədlərdə adı var. Nə iş görüb? Bu xalq nə vaxt çıxıb studiyanın qabağına, dedi ki, ay studiya, neçə ildir buradan maaş alırsan, nə kino verdin mənə? Nə qədər daş atdılar həmin binaya?

İndi hansı haqla kino, teatr tələb edirlər? Getsinlər, barbar şəkildə yaşayıb, məsud olsunlar. Çox danışanda əsəbiləşirəm, əsəbləşəndə də əlim əsir. Hər yerdə də danışa bilmirəm, sizin müsahibələri, işinizə olan hörməti bəyənirəm. Çox məsuliyyətli yanaşırsınız. Bir dəfə sizin bir yazı çıxdı qarşıma, girdim şəkillərin ardıcıllığından tutmuş, yarımbaşlıqlara qədər dedim ki, artıq yaxşı jurnalistlərimiz yetişir. Neçə müddət idi buna həsrət idik. Ona görə sizə məmnuniyyətlə danışa bilirəm, məni anlayırsınız.

– Minnətdaram, çox sağ olun. Bayaq dediniz ki, xoşbəxt olanda darıxırsınız. Bəs nə ilə xoşbəxt olursunuz?

– Məni xoşbəxt etmək asandır, bir-iki kəlmə tərif desəniz, xoşbəxt olacam (gülür).

– Şair, bunu hər yerdə deyirəm, siz Yeni Azərbaycan Ədəbiyyatının günəşisiniz!

– Çox sağ olun, xoşbəxt oldum (gülür). Çox şeydə gözü olan deyiləm, ev, maşın kimi arzum yoxdur. Alman teatrında öz əsərimə müəllif kimi tamaşa edəndə o qədər xoşbəxt olmuşdum ki, bundan sonra heç nə onun yerini verə bilməz. Əslində, xoşbəxt olmaq istəmirəm. Deyirlər, bir şeyin adını çox çəkəndə gəlir (gülür). Adını çox çəkməyim ki, gəlməsin. Həmişə arzulamadığım şeyləri yaşamaq istəmişəm. Çünki mənfəət xor varlıqdır.

Arzuladığın şeylər sənin rahatlığın üçündür. Mən rahat olanda narahat oluram ki, niyə mən rahatam? Beş ildir nevrozam, bir dəfə həkimə getməmişəm, əlim titrəyir, onun da müalicəsi var, amma getmirəm. Qoy titrəsin, o titrəyəndə əlimdən bir stəkan düşür, əsəbiləşirəm və oradan bir şeir yaranır. Bu, mənə bəs edir.

– Sizin içinizdə bir Yıldız Tilbe yatır.

– Onu mən özüm də deyirəm (gülür)

– Qarşınıza özünüz kimi adam çıxıb?

– Yox, çıxmayıb.

– Çıxsa, nə baş verər?

– İki qoçun başı bir qazanda qaynamaz. Mən ona paxıllıq edərəm, ilk fürsətdə özümdən uzaqlaşdıraram. Gərək, sənəti mənim qədər sevsin, mən qısqanaram axı (gülür).

– Dediniz ki, atanızdan, ananızdan sənət görə imtina edərsiniz. Bəlkə, onların yoxluğunu hiss etməmisiniz, buna görə rahat danışırsınız...

– Yeddi ildə onları 7-8 dəfə görmüşəm. Sənətdən başqa heç kim və heç nə üçün darıxmıram.

– Siz sevəndə nə baş verir? 

– Bütün sevgililərimdən sənətimə görə ayrılmışam.

– Qadın sevgisi güclü bir şeydir axı...

– Birincisi, sevgini cinsə bölməyək. Mən qadın da, kişi də sevmişəm. Ən maraqlı şairlərdən biri sevgilim olub, Azərbaycanda heç tanınmayan, sevgimə layiq olmayan bir adamı da sevmişəm ki, bu, kişi olub. Bahardan başqa bütün sevgililərimdən sənətə görə ayrılmışam. 

Birinə dedim ki, mən getməliyəm Rusiyaya, səfil həyatı sürəcəyəm, istəyirsən, sən də gəl. Dedi ki, mən getmirəm, sən də getmirsən. Mən isə gedəcəyimi dedim. Söylədi ki, məni atıb gedirsən? Dedim ki, səni nədir, ailəmi atıb gedirəm. Onlar səndən artıqdırlar (gülür). 

Və çıxdım getdim. 20 gün səfil həyatı sürdüm. Orada öyrəndiklərimdən maraqlı şeirlər yazdım.Bu hadisə sonralar da baş verdi. Türkiyədə, Gürcüstanda, Azərbaycanın rayonlarında bir neçə günlük yoxa çıxmışam, heç kim məndən xəbər ala bilməyib. Bunlar tez-tez yaşanır və yaşanacaq da. Təkliyi yaşamaq isətəyəndə evə girib, qapını bağlayıram. O zaman evə heç kim girə bilməz. 

– Bu “vəhy” hansı aralıqlarda gəlir?

– İldə 12-20 dəfə o şeyi yaşayıram. Çox nadir hallarda 3-4 günlük sosiallaşıram. Psixoloji analizlər aparıram. Bir dəliyə saatlarla baxıram, sərxoşu saatlarla izləyirəm. Heç dilini anlamadığım Rusiyada ağacların arxasında gizlənib, iki nəfərin danışmasına fikir verirdim ki, hansı intonasiya ilə danışırlar, hansı aksentdən istifadə edirlər. Nə cür hərəkət edirlər. Gözümün qarşısında narkotik alveri gedib. Onları müşahidə edirdim, dillərini başa düşmədiyim üçün o qədər özümə əsəbiləşirdim ki... Amma emosiyaları diqqətlə izləyirdim. Orada tutula da, döyülə də, öldürülə də bilərdim. Bu gün olsa, yenə edərəm. Ona risk kimi baxmaram. 

– Müsahibə zamanı hey intihardan söz açırsınız. Uzunömürlü olmaq istəmirsiniz?

– 70-80 il yaşamaq istəmirəm. Bəlkə də, o yaşa çatanda belə düşünməyəcəyəm.

– Bəlkə, yarımçıq əsəriniz qalar, bir az yaşayıb tamamlamaq istəyərsiniz?

– Yox, 70 yaşlı insan nə yaza bilər ki? Bugünkülər nə yazır? Nə qədər modernləşə bilərəm, bilmirəm, mən o dövrün Anarı, Fikrət Qocası olaramsa, gərək onda yaşamayım. Niyə boş yerə dünyada yer tutum? (gülür)


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.