Şəhriyar Əbilov: Karyerama görə ailədən vazkeçdim - MÜSAHİBƏ

Şəhriyar Əbilov: Karyerama görə ailədən vazkeçdim - MÜSAHİBƏ
24 Okt 2018 12:27


Tanınmış aktyor və aparıcı Şəhriyar Əbilov bir müddət öncə Azərbaycanı tərk edib. O, artıq karyerasını Türkiyədə qurub, orada çalışmağa başlayıb.

Bu barədə aktyor realpress.az-a müsahibəsində deyib:

– 12 ildir Azərbaycan şou-biznesində və istədiyiniz yerdə idiniz. Bütün bunları atıb, Türkiyəyə gəlmək həvəsi necə yarandı?

– Əslində, həyatda çox şeyə gecikirəm. Ancaq qərarlarım həmişə düzgün olub. Ona görə ki, hər zaman istədiyimə yönəlməyi arzulamışam. Düzdür, getdikcə seriallardan və filmlərdən baş rolda oynamaq təklifləri gəlirdi. Amma hər kəs özünü gördüyü yerdə olmaq istəyir. Hər zaman böyük auditoriyaya sənətimi nümayiş etdirmək, onlar tərəfindən sevilmək istəmişəm.

Sənətimi daha çox inkişaf etdirmək üçün bizə ən yaxın ölkə Türkiyədir. Rusiyada da bu imkanlar var. Ancaq onlar başqa millətdən olan şəxsləri qəbul etmək istəmirlər. Yaxud qəbul edirlər, sabah millətlərarası münaqişə baş verdiyi zaman sən kənarlaşdırılırsan. Amma Türkiyə sənin millətindən olan bir dövlətdir.

Tarixlərimiz bir yerdə yazılıb, dilimiz, dinimiz, düşüncəmiz, kökümüz eynidir. Bu gün türk serialları bazarı isə ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb. Düşündüm ki, zamanı gəlib, hətta gecikmişəm. Dedim ki, Şəhriyar, əgər özünü inkişaf etdirmək istəyirsənsə, bir az sərhədləri aşmalısan. 

– Buna həm də kino sənətimizdə olan geriliklər səbəb oldu?

– İnkişaf var, amma yaxşı yöndə getmir. Ucuz yöndə inkişaf edir. Ola bilər ki, 10 ilə daha da inkişaf edəcək. Amma bizim canımız gedir, yaşımız da az deyil. Bunu keçmək üçün Türkiyəyə gəlməli idim. Çox şeyləri qurban verməli idim.

İndi Azərbaycanda toylara gedirəm, konsertlərdə aparıcılıq edirəm. Onsuz da aramızda iki saat fərq var, həmin gün də yenidən Türkiyəyə qayıdıram. Burada aktyorluğumu inkişaf etdirirəm, tələffüz məsələsi və türk dili ilə bağlı dərslər alıram. Reklamlara çəkilirəm. 

– Hansı reklamlarda çəkilmisiniz?

– Ticarət mərkəzləri və digər ekran işlərində rol almışam. Tezliklə filmdə də ikinci dərəcəli aktyor kimi çəkiləcəyəm. Lakin film işıq üzü görməyib deyə, o haqda danışmaq istəmirəm. Danışığımı tez bir zamanda düzəltmək istəyirəm ki, zaman itirməyim.

Bundan başqa, rəssamlığa hobbim var. Onun üzərində güclü işləyirəm. Çox rəssamlara ilk işlərimi göstərdim, dedilər ki, ilk dəfə üçün biz belə başlamamışıq, səndə götürmə qabiliyyəti çox yaxşıdır. Hər gün belə rəsm çəksən, bir ilə müasir abstrakt rəssamların içərisində seçilə bilərsən, yaxud da natura çəkən rəssamların sırasında fərqlənə bilərsən. 

– Rəssamlıq həm də zövq məsələsidir...

– İnanın mənə, heç vaxt bilməzdim ki, rəssamlıqdan bu qədər zövq ala bilərəm. Düşüncələrini, təxəyyülünü genişləndirir, fantaziyasını inkişaf etdirir. Bir şeyi olduğu kimi çəkmək, kölgə vermək, çox ləzzətli bir işdir.

Türkiyədəki boş vaxtımı rəssamlıqla keçirirəm. Yaxşı əlaqələr qururam. Menecerlərim var. Türkiyənin üçüncü hava limanının simalarından biriyəm. Onun çıxmağını gözləyirəm.

– Türkiyədəki hədəfiniz nədir?

– Ən böyük arzum Türkiyədə tanınmış aktyor olmaqdır. Brendimi yaratmaqdır. Türk dilini peşəkarlaşdırıb, seriallarda oynayandan sonra yaşıma baxmadan, ABŞ-da təhsil alacağam. Onu bitirəndən sonra beynəlxalq aktyorlara çevriləcəyəm və başqa filmlərdə çəkiləcəyəm. Ən böyük arzum “Oskar” almaqdır. Bunu arzu edirəmsə, deməli, heç olmasa “Kann” festivalına getmək kimi şansım var. 

Arzularım yaradıcılıq üzərinə qurulub, nə yaxşı ki, rəssamlıq da buraya əlavə olundu. İnsanlara arzularının dalınca getməyini məsləhət görərdim. Allahdan bir şeyi çox istəyin, bunun üçün də bir şeylər edin, mütləq ona çatacaqsınız.

– Hədəfinizə çatmaq üçün nələri qurban verdiniz?

– Karyerama görə evlənmədim, ailədən vazkeçdim. Bugünədək subayam. İndi ailə qursaydım, Türkiyəyə gələ bilməyəcəkdim. Fikirləşəcəkdim ki, ailəmi necə dolandırım, övladıma, ailəmə necə baxacağam? Düzdür, mənim iki övladım var. Atam da, anam da övladım kimidir. Onlara baxıram. Bacılarıma da həmişə böyük qardaş kimi dəstək olmuşam. Bu gün bir ailə də üstünə gəlsə, kommunal problemlər evimi yıxar (gülür). 

– Evlənmək fikriniz yoxdur?

– Hazırda karyeramı sürətləndirirəm, evlənmək gec deyil. Allah məsləhət bildiyi şeyi vaxtında nəsib edəcək.

– Tək yaşamaq çətin məsələdir. Ev işləri necə, görə bilirsiniz?

– Burada dostlarımla yaşayıram, onlar yaşımın böyüklüyü və çox da işgüzar olmadığımı nəzərə alıb, evi bölüşdürürlər. Qabı filankəs yuyur, evi o biri təmizləyir. Görəndə ki tək yaşayıram, hər şeyi edirəm, təmizkar oluram. Amma evdə məndən başqa kimsə olanda, ona arxayın olub heç nə etmirəm (gülür).

Hazırda hər şey mənə xoşdur, yaxında tək evə köçəcəyəm. Buna imkanım var. 

– Türkiyədə kommunal xərclər də çoxdur.

– Bəli, burada hər şeyə görə vergi vermək lazımdır (gülür).


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.