Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Day.Az xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eyni zamanda, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb.
Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.