Meteor yağışı olacaq

Meteor yağışı olacaq
01 Okt 2026 11:55

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir".

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır.

Drakonidlərin əsas cismi Yupiter ailəsi kometalarına aid olan 21P/Cakobini-Zinner kometasıdır. Kometa 1900-cü ildə fransız astronomu Mişel Cakobini tərəfindən kəşf edilib, 1913-cü ildə isə Ernst Zinner tərəfindən yenidən müşahidə olunub. 2 km diametrə malik bu qısaperiodlu kometa Günəş ətrafında bir dövrünü təxminən 6.6 ilə tamamlayır.

Kometa Günəşə yaxınlaşdıqca onun nüvəsindən ayrılan toz və bərk hissəciklər orbit boyunca yayılır. Yer hər il oktyabr ayında bu hissəciklər selindən keçdikdə onların bir hissəsi atmosferə daxil olur və Drakonid meteorlarını yaradır. Drakonidlər Yer atmosferinə təxminən 20 km/san sürətlə daxil olur. Buna görə də onlar bir çox digər meteor yağışlarının meteorları ilə müqayisədə səmada daha yavaş hərəkət edirlər.

Drakonid meteor yağışı əsasən Şimal yarımkürəsindən yaxşı müşahidə olunur. Azərbaycan da müşahidə üçün əlverişli coğrafi mövqedə yerləşir. Drakonidlərin digər meteor yağışlarından mühüm fərqlərindən biri onların axşam və gecənin ilk yarısında müşahidə üçün əlverişli olmasıdır.

2026-cı ildə Drakonid meteor yağışının maksimumunun Bakı vaxtı ilə təxminən saat 23:00-a təsadüf etməsi Azərbaycan müşahidəçiləri üçün əlverişlidir. Bundan əlavə, maksimum Yeni Ay fazasına düşdüyündən Ay işığı da olmayacaq. Meteor yağışını müşahidə etmək üçün teleskop və ya binokla ehtiyac yoxdur. Şəhər işıqlarından uzaq, açıq və qaranlıq ərazi seçmək və mümkün qədər geniş səma sahəsini adi gözlə izləmək daha məqsədəuyğundur.

Drakonidlər adi illərdə zəif meteor yağışı olsa da, tarixdə güclü aktivlik göstərdiyi dövrlər olub. Xüsusilə 1933 və 1946-cı illərdə meteor fırtınaları müşahidə edilib. Bunun səbəbi meteoroidlərin kometanın orbiti boyunca bərabər paylanmaması və Yerin bəzi illərdə daha sıx toz izləri ilə qarşılaşmasıdır. 2026-cı il üçün isə xüsusi güclü meteor fırtınası proqnozlaşdırılmır.


15 Okt 2026
Cəmiyyət

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib.

15 Okt 2026
Cəmiyyət

Sabah hava çiskinli olacaq - 16.10.2026

Oktyabrın 16-də gözlənilən hava şəraiti açıqlanıb.

15 Okt 2026
Cəmiyyət

Azərbaycan qaz ixracını artırıb

Bu ilin 9 ayında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Bu da illik müqayisədə 0,8 azalma deməkdir.

15 Okt 2026
Cəmiyyət

Azərbaycanın maliyyə sektoru bu il 7 % böyüyüb

Bu ilin I yarısında Azərbaycanın maliyyə sektorunun aktivləri 7 % artaraq 64,9 milyard manata çatıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) 50 %-i deməkdir.