Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb
04 Avq 2026 17:23

Bu il avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 13,768 milyard ABŞ dolları təşkil edib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, bu, bu ilin iyulun 1-i ilə müqayisədə 610,3 milyon ABŞ dolları və ya 4,6% çoxdur.

Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 2,577 milyard ABŞ dolları və ya 23% artıb.

Əlavə olaraq qeyd olunub ki, bu il iyulun 1-nə Azərbaycanda pul bazası 23,943 milyard manat təşkil edib.

Məlumata əsasən, bu, 2026-cı ilin iyulun 1-i ilə müqayisədə 438,6 milyon manat və ya 1,8% azdır.

Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 2,7 milyard manat və yaxud 12,7% artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib ki, valyuta bazarında müşahidə olunan yüksək təklif Mərkəzi Bankın bu il alışyönlü müdaxilələr həyata keçirməsinə imkan verib və bu tendensiyanın ilin sonunadək davam edəcəyi gözlənilir.

"Bu ilin sonunda da Mərkəzi Bankın valyuta bazarına müdaxilə edəcəyini proqnozlaşdırırıq", – deyə T.Kazımov bildirib.

Onun sözlərinə görə, ilin ilk altı ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. Yanvar–iyun aylarında mübadilə şöbələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi satışları 482 milyon ABŞ dolları üstələyib. Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,8 faiz bəndi azalaraq 25,6%-ə enib.

T.Kazımov bildirib ki, valyutaya tələbin azalması fonunda Mərkəzi Bank alışyönlü müdaxilələr həyata keçirib və nəticədə ilin ilk yarısında valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və ya 19,5% artaraq 13,8 milyard ABŞ dollarına çatıb.

AMB sədri əlavə edib ki, valyuta bazarında tələbin azalmasının daha bir göstəricisi hərracların nəticələrində özünü büruzə verir. Onun sözlərinə görə, bu il aprelin 1-dən keçirilməsi nəzərdə tutulan 34 valyuta hərracından 23-ü baş tutmayıb.

"Biz hərracda 70 milyon dollar satışa çıxarmışıq, lakin onu almaq istəyən olmayıb. Belə vəziyyət 2016–2017-ci illərdən bəri ilk dəfə müşahidə olunur. Hətta təkcə may ayında ümumiyyətlə heç bir valyuta hərracı keçirilməyib", – deyə AMB sədri bildirib.

T.Kazımov bunun əsas səbəblərindən birinin 2022-ci ildən fəaliyyət göstərən "Bloomberg" platforması üzərindən banklararası valyuta ticarəti sistemi olduğunu qeyd edib.

"Banklar valyutaya olan tələbatlarını artıq öz aralarında qarşılayırlar. Bəzi banklarda tələb yaranarkən, digər banklarda kifayət qədər valyuta ehtiyatı olduğu üçün onlar bir-biri ilə əməliyyat aparırlar. Ona görə də Mərkəzi Bankın valyuta hərraclarına ehtiyac qalmır. Bu, çox vacib məqamdır", – deyə o vurğulayıb.

Qeyd edək ki, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindən yaradılan və birbaşa nəzarət olunan ən ilkin pul kütləsidir.

Pul bazası əsasən iki hissədən ibarətdir: 1) Dövriyyədə olan nağd pul – əhalinin və şirkətlərin əlində olan kağız və metal pullar; 2) Bankların mərkəzi bankdakı ehtiyatları – kommersiya banklarının Mərkəzi Bankda saxladığı məcburi və əlavə ehtiyatlar


10 Avq 2026
Cəmiyyət

Azərbaycanda zəlzələ olub

Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub.

10 Avq 2026
Cəmiyyət

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq mal satılıb.

10 Avq 2026
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.

10 Avq 2026
Cəmiyyət

Sabah Bakıda yağış yağacaq - 11.08.2026

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

10 Avq 2026
Cəmiyyət

FHN: Ötən həftə 925 yanğına çıxış olub, 43 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.