Bu günədək əkin aparılmış sahələrdən 345 min ton xam pambıq tədarük olunub - RƏSMİ

Bu günədək əkin aparılmış sahələrdən 345 min ton xam pambıq tədarük olunub - RƏSMİ
02 Dek 2025 16:55

Respublika üzrə pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Bu günədək əkin aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə 345 101 ton xam pambıq tədarük olunub.

Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 1-nə olan operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 34,35 sentner/ha təşkil edir.

2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 39,79 sentner/ha təşkil edir. Dekabrın 1-dək rayon üzrə əkin aparılmış 8 898,3 ha sahədən 35 410,3 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,3 sentner/ha), Biləsuvar (37,97 sentner/ha), Tərtər (37,06 sentner/ha), Saatlı (34,67 sentner/ha) və Bərdə (34,56 sentner/ha) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisi olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında bağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyə əsasən, şirkət fermeri zəruri toxum, gübrə və bitki mühafizə vasitələri ilə təmin edir, torpağın əkinə hazırlanması, aqrotexniki qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika təchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerlərə zəruri aqronomik dəstək göstərərək, əkin xərclərini qarşılamaq üçün avans verir. Fermer isə bunun qarşılığında məhsulu yetişdirmək və müqavilədə müəyyən olunmuş şərtlər daxilində şirkətə təhvil vermək öhdəliyinə malikdir. “Contract farming” formatında müqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışı problemini aradan qaldıran üsul kimi Azərbaycanda uzun illərdir tətbiq olunur və özünü uğurla doğruldur.

Ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə 195 manat subsidiya ödəniləcək.

Pambığa görə məhsul subsidiyası 15 dekabr tarixinədək pambığın təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edən fermerlərə verilir.

Bu il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.

Respublikada pambıq yığımı davam edir.


5 Dek 2025
Cəmiyyət

Son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda 50-dən artıq inşaat materialları yatağı istifadəyə verilib

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2020-2025-ci illər ərzində aparılmış geoloji-kəşfiyyat işlərinin nəticəsində lokal sahələri əhatə etməklə 50-dən artıq inşaat materialları yataqları aşkarlanıb və istifadəyə verilib.

5 Dek 2025
Cəmiyyət

Azərbaycan-Gürcüstan Media Forumu başa çatdı

Bakıda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib.

5 Dek 2025
Cəmiyyət

Sabah hava necə olacaq? - 06.12.2025

Ölkə ərazisində dekabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

5 Dek 2025
Cəmiyyət

Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

5 Dek 2025
Cəmiyyət

Azərbaycanda polad boru istehsalı 2,1 dəfə artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 180,7 min ton polad boru istehsal edilib.