Dünyada qızıl bahalaşdı: Azərbaycan bazarında qiymətlər necə dəyişəcək?

Dünyada qızıl bahalaşdı: Azərbaycan bazarında qiymətlər necə dəyişəcək?
03 Okt 2025 12:19

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr tədarükü üçün qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir troy unsiyası üçün 3900 dollar həddini aşıb.

Bu artım konkret olaraq yerli istehlakçı və istehsalçılara necə təsir edəcək?

"COMEX birjasında qeydə alınmış 3 900 ABŞ dolları/unsiya həddində qiymət artımı qlobal qızıl bazarında tarixi maksimum göstərici kimi qiymətləndirilir.

Bu dinamika qlobal maliyyə bazarlarında qeyri-sabitliyin güclənməsi, beynəlxalq valyuta siyasətində dəyişikliklər, mərkəzi bankların aktiv qızıl alışı siyasətini daval etdirmələri və investorların riskləri minimuma endirmək cəhdləri ilə bağlıdır.

Azərbaycan bazarında isə bu artım birbaşa təsir göstərərək qızılın alış və satış qiymətlərinin yüksəlməsinə səbəb olub. İstehlakçıların alıcılıq qabiliyyəti zəifləsə də, investisiya məqsədli alışlar, xüsusilə 999 əyarlı külçə və sikkələr üzrə tələbat artmaqdadır".

Bu fikirləri Trend-ə açıqlamasında iqtisadçı ekspert, Azərbaycan Zərgərlik Assosiasiyasının sədr müavini Rövşən Əmircanov deyib. O, vurğulayıb ki, qızılın dünya bazarında kəskin bahalaşması nəticəsində yerli bazarda zərgərlik məmulatlarının qiymətləri də əhəmiyyətli dərəcədə artıb.

Xüsusilə 585 və 750 əyarlı qızıl məmulatlarının, həmçinin qiymətli daşlarla bəzədilmiş zinət əşyalarının maya və satış qiymətləri bahalaşmışdır. İdxal olunan qızılın bahalaşması eyni zamanda daşınma, gömrük rüsumları və digər xidmət xərclərinin də artmasına səbəb olub.

İqtisadçı ekspertin sözlərinə görə, bu vəziyyət istehlakçılar üçün alıcılıq imkanlarının azalması ilə xarakterizə olunur.

"İstehsalçılar üçün isə ikili təsir mövcuddur: bir tərəfdən qiymət artımı istehsalın genişləndirilməsi və əlavə gəlir imkanları yaradır, digər tərəfdən isə xammalın bahalaşması istehsal xərclərini yüksəldərək bazarda rəqabət mühitinə mənfi təsir göstərir".

R.Əmircanov qeyd edib ki, 2025-ci ilin əvvəlindən etibarən qızılın qiymətləri ardıcıl şəkildə yüksəliş nümayiş etdirib. İlin ilk aylarında bahalaşma daha mülayim templə davam etsə də, ilin ortalarından etibarən sürətlənmiş və nəticədə tarixi rekord həddə çatıb.

Ümumilikdə 2025-ci il ərzində qızılın dəyərində müşahidə olunan yüksəliş son onilliklərdə qeydə alınan ən kəskin bahalaşmalardan biri hesab olunur. Mövcud proseslər göstərir ki, qızıl yalnız qısamüddətli spekulyativ amillərin deyil, həm də uzunmüddətli struktur dəyişikliklərin təsiri altında qiymət qazanır. Bu baxımdan, 2025-ci ildəki qiymət artımı bazarın tarixində xüsusi mərhələ kimi qiymətləndirilə bilər və ümumi artım təxminən 40-50% civarında olub.

Ekpsert həmçinin qızılın bahalaşmasının qiymətləri daşlara təsiri barədə də danışıb:

"Qızılın bahalaşmasından fərqli olaraq, qiymətli daşlar və brilyant bazarında qiymət dinamizmi daha zəif olub. 2025-ci ildə qiymətli daşların ümumi artımı 6-10% intervalında qeydə alınmışdır. Bu artım əsasən 0.30 karat və daha iri keyfiyyətli daşlarda müşahidə olunmuş, kiçik və orta seqmentlərdə isə qiymət sabit qalmış və bəzi hallarda azalma qeydə alınıb.

R.Əmircanov vurğulayıb ki, laboratoriya şəraitində yetişdirilən brilyantlarda isə qiymətlərin ucuzlaşması tendensiyası müşahidə olunur. Bu hal Çində və Hindistanda istehsal gücünün əhəmiyyətli dərəcədə artması və süni daşların bazara kütləvi daxil olması ilə izah olunur.

Ekspert qeyd edib ki, analitiklərin qiymətləndirməsinə əsasən, qızılın 2026-cı il qalan hissəsində 4 000 ABŞ dolları/unsiya həddinə yaxınlaşması mümkündür. Bununla yanaşı, bazarda kəskin artımdan sonra qiymətlərin müəyyən düzəlişlərə məruz qalması və yüksək volatilliyin davam etməsi ehtimalı da istisna olunmur.

"Qlobal iqtisadi və siyasi qeyri-müəyyənliklərin davam etməsi şəraitində qızılın qiymət artımı tendensiyasının qorunub saxlanması real görünür. Azərbaycan bazarında da qiymətlərin yüksəlməsi davam edəcək, lakin tələbat əsasən investisiya yönümlü alışlara (külçə və sikkələr) yönələcək, gündəlik zərgərlik məhsullarında isə satış həcmləri zəifləyə bilər",- əlavə edib.


19 May 2026
Dünya

Türkiyədə kömür mədənində uçqun: Ölən var

Türkiyənin Zonquldak bölgəsində kömür mədənində uçqun baş verib.

19 May 2026
Dünya

Çində güclü daşqınlar nəticəsində 10 nəfər öldü

Çin Xalq Respublikasının mərkəzi və cənub ərazilərində davam edən şiddətli leysan ağır daşqınlara yol açıb və nəticədə 10 nəfər həyatını itirib.

19 May 2026
Dünya

Konqoda Ebola yayılır: Ölənlərin sayı 130-a yüksəldi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Uqanda və Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu ilə bağlı rəsmi təsdiqini tapmış 32 yoluxma, eləcə də 500-dən artıq şübhəli fakt aşkarlanıb.

19 May 2026
Dünya

Vanuatu sahillərində güclü zəlzələ oldu

Vanuatu ada dövlətinin sahillərində, Mərcan dənizi akvatoriyasında 5.8 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.

19 May 2026
Dünya

Tramp İrana planlaşdırılan hücumu təxirə saldı

ABŞ Prezidenti Donald Tramp İrana mayın 19-na planlaşdırılan hücumdan imtina etdiyini açıqlayıb.