Məlik Dadaşovun anadan olmasından 99 il ötür

Məlik Dadaşovun anadan olmasından 99 il ötür
07 İyun 2023 10:45

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Məlik Dadaşovun anadan olmasından 99 il ötür.

BAKU.WS xəbər verir ki, Məlik Yusif oğlu Dadaşov 1924-cü ilin bu günü, yəni iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunur. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır.

1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlib və burada ilk dəfə H.Muxtarovun "Ailə namusu" pyesində oynayıb. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib.

O vaxt Azərbaycan səhnəsinə Ə.Ələkbərov, M.Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarıb.

Yaratdığı obazlarla xatirələrdə yaşayan Məlik Dadaşov Azərbaycan teatrı və kinosunun unudulmayan adı, səsi və simasıdır.

"Abbasqulu bəyin nazı ilə çox oynayırsan a..., Kərbəlayi", - ifadəsini işlətmək kifayətdir ki, Məlik Dadaşovun Qəmlosu yada düşsün.

Bu gün Məlik Dadaşovun nəinki Qəmlosu, həmçinin Molla Sadıqı, Şeyx Nəsrullahı, Xosrov Atayevi, "On ikinci gecə", "Canlı meyit", "Sənsiz" və başqa tamaşalarla filmlərdə yaratdığı obrazlar xatırlanır.

Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı. Kinorejissor Əjdər İbrahimov aktyoru bir neçə filmində çəkmişdi. "İyirmialtılar" və "Ulduzlar sönmür" filmlərində o, M.Əzizbəyovun və N.Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilib. 

Xalq yazıçısı İ.Əfəndiyevin "Atayevlər ailəsi" pyesi əsasında hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.

M.Dadaşov teatrımızda ömrünün sonuna kimi çalışıb. V.Şekspirin "On ikinci gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun "Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun "Nağıl başlananda" və s. tamaşalarda onun yaratdığı obrazlar bu gün də xatirələrdən silinməmişdir.

Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb olunub. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.

Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov bu gün aramızda olmasa da, onun əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi olaraq yaşayacaqdır.

Məlik Dadaşovun filmoqrafiyası "Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: Qəmlo, "Atayevlər ailəsi" (film, 1978), "Baldızoğlu" (film, 1977), "Bizim küçə" (film, 1961), "Böyük dayaq" (film, 1962), "Dəli Kür" (film, 1969), "Fətəli xan" (film, 1947), "Fəryad" (film, 1993), "Hacı Qara" (film, 2002) kimi ekran işləri ilə zəngindir.

Xalq artisti 1996-cı ildə dekabrın 2-də Bakıda vəfat edib.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.