Şəhidimizin qanı qurumadan qisas alındı, yəqin ki, bütün dünya mesajımızı anladı...

Şəhidimizin qanı qurumadan qisas alındı, yəqin ki, bütün dünya mesajımızı anladı...
04 Avq 2022 17:56


Dahi Şəhriyar necə də gözəl deyib...

Bir insan köçürsə dünyadan əgər,

Sən elə bilmə ki, tək bir can gedir.

Hər sönən baxışda saysız diləklər,

Hər kiçik tabutda bir cahan gedir.

Ötən gün olduğu kimi... Yəqin ki, dünən hər birimizin gözlərinin qarşısında 18 yaşlı bir gəncin sönən ümidləri, həyat eşqi, gülüşü, xəyalları canlanırdı. Hər birimizin beynində niyələr, nəyə görələr dolaşır, içdən-içə iş yoldaşlarımıza, ailə üzvlərimizə, dostlarımıza, tanışlara, yaxınlara hiss etdirmədən dolan gözlərimizi gizlətməyə çalışırdıq. Hərçənd, bəlkə də, Yer üzündə bu ağrıya ən çox məruz qalan xalqlardanıq, ancaq hələ də həmin an keçirdiyimiz hissin adını tapa bilməmişik. Ağır, vahiməli bir kədər, özü də qürurlu, şərəfli və bir o qədər ləyaqətli...

Nəfəs alarkən sinəmiz qürurla dolur, lakin sonda kədərlə boşalır. Axı bu dəfə də həmin tabutda gedən bizim üçün cümlə-cahandan qat-qat dəyərli olandır. Həyatını, gəncliyini, ümidlərini, arzularını, xoşbəxtliyini Ana Vətən uğrunda qurban verəndir. Bir evdən, bir ocaqdan yola çıxıb, şəhadəti ilə hər bir ocağa, hər bir qapıya köz salandır...

Şəhid. Sadəcə beş hərfdən ibarət bu söz bizim üçün nələri ifadə etmir ki... Ata üçün illərin zəhmətini, ana üçün bətnində daşıdığı möcüzəni, qardaş üçün arxa-dayağını, dost üçün uşaqlığını...

Bütün bir xalq üçün isə onun səbirlə, əzmlə qurub-yaratdığı gələcək, irsini, tarixini yaşadacaq, onu gələcək nəsillərə ötürəcək bir əmanətdir şəhid!

Məhz ona görədir ki, şəhid xəbəri alanda hər birimiz öz evimizdən, ocağımızdan birinin kədəri kimi qəbul edir, o ağrının ən dərindən hiss edirik. Ancaq şəhid olmaq qürurdur, şərəfdir, əlçatmaz ali mərtəbədir! Ona görə qürurumuz kədərə, ağrılarımız iftixar hissinə qarışır. Dünyanın ən anlaşılmaz hissi bütün varlığımızı bürüyür!

Şəhidlər ölməz! - Bu bizim üçün ali həqiqətdir!

Həqiqətən də, Ana Vətəni uğrunda gözünü qırpmadan canını qurban verənlər hər birimizin qəlbində əbədi yaşayırlar. Onlar Vətənin hər qarışında, havasında, suyunda, ana yurdunu sevən hər bir insanın hər bir zərrəsində əbədiyyətə qədər yaşayırlar. Onlar Vətənin azad səmasından bizi seyr edirlər.

Yəqin ki, dəfələrlə eşitdiyimiz, bəlkə də, müxtəlif şəkillərdə minlərlə dəfə yazılmış sözlər, ifadə edilmiş hisslərdir. Ancaq nə edək, bizim üçün həqiqətən, belədir. Həyatın axarında, gündəlik qayğılarda bu ali həqiqəti nəzərdən qaçırsaq da, heç zaman inamımızı itirmirik.

Ancaq bir şeyi də bilirik ki, qisas qiyamətə qalmır... Gec, ya tez intiqam alınır, kədərlə qarışıq qəzəbin düçar olduğu qəlblər azadlığa qovuşur. Bizim üçün şəhid qanı müqəddəsdir, o qədər müqəddəsdir ki, onun hər zərrəsinin düşdüyü torpağa Vətən deyirik, həmin Vətəni öz anamız hesab edir, onu canımızla, qanımızla, bütün varlığımızla sevirik. Torpağı Vətənə çevirən, onu Vətən edən qan qurumadan onun intiqamını almağı, qisası qiyamətə qoymamağı da bilirik biz...

Azərbaycanın Müzəffər Ordusu ötən gün öz şəhidinin intiqamını döyüş meydanında aldı. Şəhidimizin nəşi torpağa tapşırılmadan terrorçulara divan tutuldu. Azərbaycan əsgərinin canına qəsd edən quldurlar qiyamətə qədər fəryad qoparacaqları növbəti dəhşətə düçar edildilər. Şəhid Anar Kərimov və onun timsalında bütün qəhrəman şəhidlərimizə qəsd edənlər üçün cəhənnəm bu dünyada quruldu. Onlar bu dünyada cəhənnəmi yaşayıb, yenidən əbədi cəhənnəmə vasil oldular.

Azərbaycan öz şəhidinin qisasını ən azı dörd qulduru məhv etmək, 19-nu isə yararsız hala gətirməklə aldı. Üstəlik, bu, erməni mətbuatı və sosial şəbəkə hesablarında özünəməxsus riyakarlıq və saxtakarlıqla kiçildilmiş rəqəmlərdir. Ermənilərin xislətini və 44 günlük müharibədəki Ovannisyan nümunəsini xatırlayanda bu rəqəmin qat-qat artıq olduğunu söyləmək üçün uzun-uzadı düşünməyə gərək belə yoxdur.

Ancaq bir xalqın böyüklüyünün, onun birliyinin, dövlətin xalqı ilə həmrəyliyinin bariz nümunəsi olan bir məqamı vurğulamasaq, olmaz.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən gün bütün dünyaya “Qisas” əməliyyatının keçirildiyini, təxribatların davam edəcəyi halda daha sarsıdıcı zərbələrin heç də uzaq ehtimal olmadığını bəyan etdi. Ermənilərin Anar Kərimovu təxribat nəticəsində, namərdcəsinə şəhid etməsindən fərqli olaraq, Azərbaycan dövləti, onun ordusu birmənalı olaraq öz şəhidinin qisasını aldığını açıq şəkildə açıqladı.

Bəlkə də, dünyada kimlərsə hərbi itkiləri müqayisə edərkən bir əsgərə görə 30-40 nəfərin məhv edilməsini qeyri-mütənasib görə, bunun üçün Azərbaycanı ittiham edə bilərlər. Şəhid anlayışını dərk etməyən, onun müqəddəs məramına çata bilməyən qüvvələr, siyasətçilər, şərhçilər, hətta bütövlükdə xalqlar, dövlətlər belə, Azərbaycanın “Qisas” əməliyyatının ali həqiqətini dərk etməyə bilirlər.

Ancaq biz hər şeyi dərk edir, necə böyük bir xalqa və qüdrətli dövlətə sahib olduğumuzu görürük, göstəririk! Bizim üçün şəhidimizin bir damla qanı onlarla, yüzlərlə terrorçunun məhv edilməsi üçün kifayətdir! Bununla belə, biz heç kimdən çəkinmədən, bunu bəyan edəcək qədər əzəmətli, qüdrətliyik! Bütün dünyaya bir əsgərimizə qəsd edən onlarla terrorçunu məhv etmək əzmində olduğumuzu göstərir, eyni zamanda xəbərdarlıq etməyi də unutmuruq!

Bir daha xəbərdarlıq edirik ki, bütün dünya bilsin, anlasın! Dünyanın bütün terrorçuları, separatçıları, quldurları məhv edilsələr belə, bu bizim şəhidimizin bir damla qanına dəyməz! Ötən gün yaşananlardan sonra əminik ki, bütün dünya bunu birmənalı olaraq anladı...

Şəhid Anar Kərimov

Ruhun şad olsun! Ordumuz sənin qisasını terrorçuları darmadağın etməklə aldı. Əbədiyyətə qədər məzarında rahat uyu! Sənə qəsd edən, Vətəninə göz dikən mənfur düşmən layiqli cəzasını aldı. Sən Tanrının cənnətinə yollandığın halda Azərbaycan Ordusu terrorçuları əbədi cəhənnəmə göndərdi...


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.