Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və Birinci vitse-prezidentə şəhərdəki inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verib.
Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı Şirin su hamamında aparılan bərpa işləri ilə tanış olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov məlumat verib ki, tarixi Şirin su hamamında bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri qədim mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Qədim Şuşanın 17 məhəlləsinin hər birində hamam, məscid və bulaq olub. Şəhərin Mərdinli məhəlləsində yerləşən Şirin su hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunub. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi içməli şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam Şirin su hamamı adlandırılıb. 1986-cı ildə aparılan ölçü işlərindən sonra memar Ədalət Məmmədov tərəfindən hazırlanan layihə üzrə abidədə əsaslı bərpa-təmir işləri görülüb. Şirin su hamamı 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək öz təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə digər bütün abidələrimiz kimi bu qədim hamam da ermənilər tərəfindən dağıdılıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyәnin sәnaye vә texnologiya nazirinin müavini Mehmet Fatih Kacırla görüşüb.
Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il qərarını ləğv edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradıb.