Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"
14 Fev 2022 16:53

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

- "Turan" klubunun yaranmasından 30 il ötür. Klubu yaratdığınız dövrü necə xatırlayırsınız?

- 1990-cı illərin əvvəllərində çox çətin vaxtlar idi. Bir tərəfdən iqtisadi çətinliklər, digər tərəfdən də mənfur qonşularımızın torpaqlarımıza hücumu var idi. Həmin ərəfədə Nizaməddin Qəmbərov və Məzahir Süleymanzadə mənə yaxınlaşdılar və dedilər ki, futbolumuza kömək etmək lazımdır. Mən də onlara kömək üçün razılaşdım. Yardım etdim, sonra bir daha yanıma gəldilər və söylədilər ki, Tovuzun çox gözəl futbol ənənələri var və milli çempionat başlayacaq, orada iştirak etmək istəyirik. Həqiqətən həmin vaxt çətin dönəm idi, Tovuzun futbol ənənələrini yaşatmaq üçün klubu yaratdıq. Hesab etdim ki, biz bu işi görsək və yarışlarda iştirak etsək, əhaliyə mənəvi dəstək verərik. Bundan əlavə, Tovuzda futbolu çox sevirlər və orada yaxşı azarkeşlər var. Onların istəyini və rayon rəhbərliyinin dəstəyini nəzərə alaraq, "Turan" klubunu yaratmaq qərarına gəldik. Bunadək bir sıra işlər gördük, klub rəhbərliyi üçün yaxşı şəxslər toplaya bildik, güclü futbolçularla danışıqlara başladıq. Klubu təsis etdik və çempionatda iştirak etmək qərarına gəldik.

- 1993/1994 mövsümündə çempionatın qalibi olmusunuz...

- Güclülər dəstəsində mübarizə aparanda yaxşı oyunçular cəlb etdik. Həmçinin uşaq futbolu ilə əlaqədar qruplar yaratdıq. Ruslan Abdullayev, Zaur Hüseynov və Kazbek Tuayev kimi mütəxəssislər cəlb edərək, çempion olduq. Öz işimizin bəhrəsini gördük və Azərbaycanın ilk çempionu kimi avrokubokda mübarizə apardıq. Bir sözlə, Azərbaycanda Avropanın qapısını "Turan" açıb.

- Klubla bağlı ən xoş xatirəniz hansıdır?

- Biz çempion olanda bütün Tovuz sevinirdi, bölgədə bayram idi. Tovuzda stadiona ən azı 7-8 min azarkeş gəlirdi. Bu klub əhaliyə ruh yüksəkliyi verirdi. Respublikanın digər rayonlarındakı oyunları izləmək məqsədilə azarkeşlər üçün əlavə avtobuslar da təşkil edirdik. Əvvəl çempionatımızda bölgə təmsilçiləri də çox idi. Bütün rayonlara gedəndə azarkeşləri də aparırırdıq. Mənim üçün ən xoş xatirə azarkeşlərin istəyini yerinə yetirməyimiz olub. Onlara mənəvi cəhətdən zövq verməkdən savayı yaxşı heç nə ola bilməzdi.

- Hazırda Tovuzu "Turan" yox, "Turan Tovuz" təmsil edir. "Turan Tovuz"un Premyer Liqaya gəlişi nə dərəcədə realdır?

- Komandanın əsas çempionata qayıtmaq şansı hər an var. "Turan Tovuz" bilsə ki, I Divizionda qalib gələcək və Premyer Liqada iştirak edəcək, əminəm ki, çempion olar. Amma onlar bir dəfə çempion olublar və maliyyə çətinliyi ilə əlaqədar Premyer Liqada iştirak edə bilməyiblər. "Turan Tovuz" Azərbaycan futbolunun beşiyidir. Tovuzda hamı futbolla yaşayır. O bölgənin hər zaman futbolu olub. İlk dəfə beynəlxalq hakim məhz "Turan"ın oyununu idarə edib. 1950-ci illərdə hansısa əyalətdən "Neftçi"nin heyətində futbolçu yox idi. Amma Tovuzdan 3-4 oyunçu görə bilirdik. Bu şəhərin çox güclü futbol ənənələri var. Futbola həvəs sanki onların qanında var. Premyer Liqaya vəsiqə qazanmaq bu klub üçün o qədər də çətin deyil. Sadəcə, maliyyə çətinliklərinə görə güclülər dəstəsində iştirak təmin edilmir.

- Sizcə, klubun əsas çempionatda iştirakı üçün nə qədər maliyyə vəsaiti lazımdır?

- Təxminən bir il ərzində 800 min - 1 milyon manat lazımdır. Amma bu məbləğlə komanda qarşısına hansısa məqsəd qoya bilməz. Sadəcə, normal şəraitdə çıxış etmək üçün bu məbləğ lazımdır.

- Tovuzlu iş adamlarının "Turan Tovuz"a dəstək olmaq üçün hansısa addımları varmı, birləşib hansısa işlər görməyi planlaşdırırlarmı?

- İş adamları ilə söhbətlər olunmalı və müzakirələr aparılmalıdır. Bəlkə 100 nəfər birləşib nə isə kömək edə bilər. Hərə 5 manat kömək etsə, 500 manat edir. Mən hazırda AFFA-nın işinin quruluşu ilə tanış deyiləm. Belə başa düşürəm ki, bütün klublar assosiasiyadan maliyyələşir. Əvvəl belə şey yox idi. Hər klubun özünün maliyyə təminatı var idi. İndi isə maliyyə təminatı AFFA-nın öz kassasından olur. Çox sağ olsunlar, futbolun yaşaması üçün nə isə edirlər. Amma bu, çox gedə bilməz. Klublar özəlləşməli və onların sahibləri olmalıdır. AFFA uşaq futbolunun inkişafına və müəyyən məsələlərdə köməklik edə bilər. Amma qurumun bütün klubları saxlaması çətin məsələdir. Saxlayırsa belə, bu qədər klubu Bakıda saxlamağın mənası yoxdur. Bakıya maksimum 3 klub kifayət edir. Digərlərinin bölgələrdə olması daha yaxşıdır.

- Sizin "Turan Tovuz"a hansısa dəstəyiniz varmı?

- Hazırda dəstəyim yoxdur. Bayaq dediyim kimi, 100 adamdan biri kimi dəstək verə bilərəm. Məsələn, klublarda səhmdar cəmiyyət yarana bilər. Mən də o səhmlərdən birini ala və digər səmdarlar kimi ildə klubun xərcinin 2-3 faizini öz üzərimə götürə bilərəm. Klubla əlaqədar hansısa xərci öz üzərimə götürmək mənim imkanlarım daxilində deyil.

- Tovuzda AFFA-nın qurduğu infrastruktur və akademiya ilə bağlı nə deyə bilərsiniz?

- Akademiya ilə tanış deyiləm. Bizim vaxtımızda da UEFA-nın müasir tələblərinə cavab verən stadionumuz var idi. Hər şeyi çox gözəl düzəltmişdik, böyük xərc çəkmişdik. Futbolçuların qalmaları üçün otel tipli yataqxana da var idi. Akademiya yaratdıqlarını da mətbuatdan oxumuşam. Bu, futbolun inkişafına yaxından köməklik edəcək. Bunu yaxşı iş kimi qiymətləndirmək olar.

- "Turan Tovuz"la bağlı hansı arzularınız var?

- İstəyirəm ki, komanda Premyer Liqada çıxış etsin. Mən rəhbərlikdə olduğum vaxt klubun uşaq futbol məktəbini təşkil etmişdik. Aşağı yaş qruplarında da həmişə ən yüksək yerlərdən birini tuturduq. Əksər hallarda birinci olurduq. Əvvəllər demək olar ki, bütün klublarımızın heyətində "Turan"dan oyunçular görürdük. Akademiyaya görə əvvəlki ənənələrin qayıdacağına inanıram.


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.