Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı sərəncam imzalayıb

Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı sərəncam imzalayıb
28 Yan 2022 16:28

Prezident İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü haqqında sərəncam imzalayıb.

"Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.

Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.

Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.

Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq".

Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb.


19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.

18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.