Klubların qış toplanışı: "Sabah" yoxlama oyununun yayımlanmasını istəməyib"

Klubların qış toplanışı: "Sabah" yoxlama oyununun yayımlanmasını istəməyib"
27 Yan 2022 14:27

Azərbaycanın 6 klubu Türkiyənin Antalya bölgəsindəki qış təlim məşq-toplanışını başa vurub.

"Realpress.az"ın məlumatına görə, "Qarabağ", "Qəbələ", "Neftçi", "Zirə", "Sabah" və "Sumqayıt" hazırlıq prosesində müxtəlif ölkələrin təmsilçiləri ilə yoxlama oyunları keçirib.

Ümumilikdə 19 qarşılaşmada "Neftçi" və "Qəbələ" hərəyə bir dəfə qələbə qazanmağa müvəffəq olublar. Premyer Liqanın lideri "Qarabağ" 4, digər komandalar isə 3 matçda qüvvəsini sınayıb.

Türkiyədəki toplanışda məğlub olmayan və bütün matçlarda heç-heçə edən komanda isə "Sabah"dır. "Qarabağ" 2 heç-heçə və eyni sayda məğlubiyyət, "Qəbələ" 1 qələbə, 2 məğlubiyyət, "Neftçi" 1 qələbə, 2 heç-heçə, "Zirə" 2 heç-heçə, 1 məğlubiyyət, "Sumqayıt" isə 1 heç-heçə, 2 məğlubiyyət alıb.

Təlim məşq-toplanışlarını Antalyada izləyən AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev "Report"a açıqlamasında klubların hazırlıq səviyyəsini dəyərləndirib: "15 - 22 yanvarda Məşqçilər Komitəsinin digər üzvü Əsgər Abdullayevlə birgə Antalyada olduq, klubların hazırlıq proseslərində yaxından iştirak etdik. 7 oyunu canlı izlədik və məşq proseslərinə baxdıq. Premyer Liqamızda yeni əcnəbi baş məşqçilər var: "Sabah"dan Murad Musayev və "Sumqayıt"dan Aleksey Baqa ilə görüşümüz oldu. Onlarla bir sıra məsələləri müzakirə etdik".

56 yaşlı mütəxəssis klubların Antalyada yaxşı toplanış keçdiklərini söyləyib: "Orada şəraitin və məşq meydanlarının olması klublarımızın işinə yarayır. Ən başlıcası, yoxlama görüşlərindəki rəqiblərin güclü olmaları klublarımızda olan problemləri üzə çıxarır. Güclü komandalarla qarşılaşanda bütün səhvərimizi görə bilirik. Hər bir klubumuz güclü rəqiblərlə üz-üzə gəlirdilər. Meydanda da başabaş mübarizələr gedirdi".

Diniyev komandaların yoxlama görüşlərində az qələbə qazanmasına da münasibət bildirib: "Belə matçlarda qələbənin o qədər də əhəmiyyəti olmur. Bu, təlim-məşq toplanışıdır və nəticə önəm kəsb etmir. Əsas məqsəd komandanın ikinci yarıya daha səmərəli hazırlaşmasıdır. Bu vəziyyətdə komandalar daha çox funksional hazırlıq üzərində işləyirlər. Hər məşqdə bunu görürdük. Klublarımızın yaxşı təsir bağışladıqlarını deyə bilərik. İnanıram ki, ikinci yarıda daha sürətli və yaxşı çempionat izləyəcəyik".

Azərbaycan millisinin sabiq baş məşqçisi klublarda çatışmazlıqların da olduğunu sözlərinə əlavə edib: "Bu, hər bir klubumuzda var idi. Komandaların baş məşqçiləri çatışmazlıqları daha yaxşı bilirlər. Bəzi futbolçuların zədəli, xəstə olmaları və bu səbəbdən, kollektivə gec qoşulmaları komandaya təsir edirdi. Bəzi transferlərin də gec başa çatmasını qeyd edə bilərəm. Belə olanda oyun praktikasının azlığından əziyyət çəkirlər. Çatışmazlıqlar olmalıdır, hazırlıq prosesi də məhz ondan ötrüdür ki, bunları aradan qaldıra bilsinlər".

Diniyev "Çempionata hansı komandalar daha hazırdır" sualına belə cavab verib: "Klublarımızın gücünə bələdik və hansı səviyyələrdə olduqlarını bilirik. Yoxlama oyunlarında parlaq sıçrayış görmədik, görə də bilməzdik. Yüklənmiş oyunçulardan yorğunluq fonunda parlaq və sürətli oyun görmək mümkün deyil. Hansısa komandanın bizi təəccübləndirdiyini deyə bilmərik".

Toplanış prosesini canlı izləyən futbol agenti Səbuhi Səfiyarlı isə "Report"a açıqlamasında toplanışın axırıncı günü olan yanvarın 25-dək hər şeyin plan üzrə getdiyini deyib: "Sonuncu gündə qarın yağması səbəbindən "Qarabağ"ın planları pozuldu. Çünki komanda iki yoxlama matçı keçirərək bütün futbolçulara şans vermək niyyətində idi. Amma hava şəraitinə görə qarşılaşma təxirə salındı və bir qrup oyunçu son nöqtəni qoya bilmədi. Yəqin ki, bunu məşqlə kompensasiya etməyə çalışdılar. Amma oyun təcrübəsi tam başqadır. Əsas heyət üzvləri lazım olan yüklənməni aldılar və baş məşqçi onlarda gərəkli keyfiyyətləri, hansı vəziyyətdə olmalarını, hazırlıq durumlarını tam gördü".

Səbuhi Səfiyarlı
Səbuhi Səfiyarlı

Səfiyarlı digər klubların hazırlıqlarının plana uyğun baş tutduğunu xatırladıb: "Mövsümün ilk yarısı kubok oyunları ilə başlayacağından, Premyer Liqada şansları çətin olan klubların hazırlıqları birbaşa 1/4 final mərhələsinin iki matçına yönəlib. "Sabah"ın mövsümün əvvəlində itirdiyi xallara görə Premyer Liqadakı işi çətin görünür. Onların əsas məqsədi ölkə kubokunda "Neftçi"yə qarşı mübarizə aparmaqdır. "Neftçi" ilə oynamaq da çətin olacaq. "Sabah" diqqəti daha çox bu qarşılaşmalara yönəldib. Hətta son matçda paytaxt təmsilçisi oyunun canlı yayımlanmasını belə istəmədi və tamaşaçıların məhdud sayda gəlməsinə nail oldu. Çünki hiss olunur ki, komanda "Neftçi"yə qarşı ciddi hazırlaşır. Məhz bu görüşə görə bəzi planlar qurublar və bunu rəqibin görməyini minimuma endirməyə çalışdılar".

"Qəbələ" klubunun keçmiş meneceri "Zirə", "Neftçi", "Sumqayıt" və "Qəbələ"nin də hazırlıqları tam plana uyğun qurduğunu vurğulayıb: "Qəbələ"də yeni transfer Patrik Robson de Souza Monteyronun gec gəlməsi bir az narahatlıq yaratdı. Rəşad Sadıqov həmişə arzulayır ki, "Zirə" təlim məşq-toplanışına tam heyətlə, yeni transferlərlə yollansın, amma planları baş tutmadı. Transferlərdə gecikmə var, bu da həmin oyunçular üçün uyğunlaşma baxımından ən azı 1-2 həftə əlavə vaxt deməkdir. "Sumqayıt" çempionatda zəif çıxış edir. Onların da əsas məqsədi kubokda yarımfinala yüksəlməkdir. Rəqib də "Qəbələ"dir və bu komanda ilə mübarizə aparacaq gücdədirlər. Amma onların hazırlıq oyunları çox da ümid vermədi. Bəlkə də 15 gün hansısa sxemi dəyişmək və yeni sistemi oturuşdurmaq üçün kifayət etməz, bir az risk olardı. Ona görə də yeni baş məşqçi Aleksey Baqa əvvəldən qalan sistemi təkmilləşdirməyə çalışdı. Əsasən, oyun sistemi eyni qaldı. Bunun nə qədər təsirli olacağını "Qəbələ" ilə kubok matçlarında görəcəyik".

Səfiyarlı geniş heyətinin olmamasına rəğmən, toplanışda ən stabil komandalardan birinin məhz "Qəbələ" olduğunu söyləyib: "Bütün oyunçular demək olar ki, şans qazandı. Burada da hansısa sistem dəyişikliyindən söhbət gedə bilməz. Sadəcə, bəzi gənc oyunçular da meydana çıxa bildilər. Komandada bir neçə itki var ki, bu da çempionatda, uzun marafonda özünü göstərəcək. Ən azı, Urfan Abbasovun sıradan çıxmasını göstərmək olar. Onun yerinə "Səbail"dən Turan Manafovu götürmək istəyirdilər ki, bu da alınmadı. Əvəzedici heyətdən gənc oyunçuları oynatmağa məcbur qalacaqlar".

Futbol agenti yoxlama oyunlarındakı nəticələrin çox önəm kəsb etmədiyini əlavə edib: "Məncə, komandaların təlim-məşq toplanışlarını uğurlu saymaq olar. Bu, onların çempionata hazırlaşmalarına və əlavə güc toplamalarına imkan yaratdı".


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.