Azərbaycan Prezidenti: “Notadan sonra İrandan Qarabağ girən yük maşınlarının sayı artdı”

Azərbaycan Prezidenti: “Notadan sonra İrandan Qarabağ girən yük maşınlarının sayı artdı”
13 Okt 2021 13:36


“Baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik”. 

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində jurnalistin “ Belə başa düşürəm ki, Sizin İsrail ilə yaxın olmağınızdan İran o qədər də məmnun deyil” sualına cavab verən zaman deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmur:

“Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma, əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. 

Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, – demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. 

Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik. Mənim həmkarım cənab Həsən Ruhani ilə ondan artıq görüşüm olub. Bütün həmin görüşlər məhsuldar olub. Biz enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişləri imzalamışıq və icra etmişik. Münasibətlərimiz, əslində, dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir. İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. 

Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi. Buna görə, biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik”.

27 Okt 2021
Dünya

Dünya bazarlarında təbii qaz ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

27 Okt 2021
Dünya

Albaniyada yüzlərlə insan zəhərləndi

Albaniya istintaq orqanları Kruja şəhərinin 400-ə yaxın sakininin zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb.

27 Okt 2021
Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 703 mini keçib

Gürcüstanda son sutkada daha 4 337 nəfərdə koronavirus aşkarlanıb, 42 pasiyent vəfat edib.

27 Okt 2021
Dünya

Neft qiymətləri ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

27 Okt 2021
Dünya

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 245 287 597 nəfərdə koronavirus aşkarlanıb.