İlham Əliyev: “Biz Şuşa şəhərini azad edəndən sonra Putin mənə zəng etdi”

İlham Əliyev: “Biz Şuşa şəhərini azad edəndən sonra Putin mənə zəng etdi”
24 Sent 2021 13:21


“Praktiki olaraq hərbi əməliyyatların ilk günlərindən etibarən mən jurnalistlərə müsahibələrimdə də, öz çıxışlarımda da, Azərbaycan xalqına müraciətlərimdə də dəfələrlə deyirdim ki, Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi biz müharibəni dayandırmağa hazırıq. Mən bunu hərbi əməliyyatlar dövründə mənə zəng vuran, dayanmağımı tələb və ya xahiş edən Qərb liderlərinin çoxuna, Qərb ölkələrinin liderlərinə də demişəm. Mən deyirdim: Mən hazıram, söz verirəm və həmişə sözümün üstündə dururam, lakin mənə tarixi deyin. Siz istəyirsiniz, müharibə dayansın, mən də istəyirəm, tarix deyin, Ermənistan rəhbərliyi ilə danışın, mənə ərazilərin nə vaxt azad ediləcəyi tarix lazımdır. Bizə müharibə lazım deyil və mən bunu hərbi əməliyyatlar dövründə dəfələrlə açıq demişəm”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalına verdiyi müsahibədə deyib.

“Hərbi əməliyyatların müxtəlif mərhələlərində biz Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə təbii ki, müntəzəm əlaqə saxlayırdıq. Hərbi əməliyyatlar başlanandan sonra bizim ilk telefon söhbətimiz oktyabrın 7-də, onun doğum günündə olub. Ənənəvi olaraq mən onu doğum günü münasibətilə təbrik edirəm. Hərbi əməliyyatlar başlayan andan artıq on gün keçmişdi və bu, bizim ilk telefon söhbətimiz idi. Biz müharibənin dayandırılması üçün nə etmək lazım olması məsələlərini də müzakirə etdik. Mənim təkliflərim vardı. Vladimir Vladimiroviç öz müsahibələrinin birində bu təklifləri qismən işıqlandırıb, buna görə də çox təfərrüata varmaq istəmirəm. Lakin artıq məlumdur ki, Rusiya tərəfi də bu təklifləri dəstəklədi, amma erməni tərəfi imtina etdi və mənim fikrimcə, faciəvi, məşum səhvə yol verdi. Ona görə ki, əgər o vaxt onlar mənim təklif etdiyim, Rusiya tərəfindən dəstəklənmiş planı qəbul etsəydilər, məğlubiyyət onlar üçün bu dərəcədə alçaldıcı olmazdı, həm bizim tərəfdən, həm də ermənilər tərəfdən minlərlə hərbi qulluqçu sağ qalardı. Yəni, bu insanların ölümündə məhz hərbi əməliyyatlar dövründə azı iki dəfə bu tarixi şansı əldən vermiş Ermənistan rəhbərliyi təqsirkardır. Onlar güman edirdilər ki, qərbli dostları onlara kömək edəcəklər. Onlar Rusiyadan açıq-aşkar narazılıqlarını bildirirdilər ki, nə üçün Rusiya onların tərəfindən döyüşmür. Hərçənd, Rusiyanın mövqeyi beynəlxalq hüquqa tam müvafiq idi, çünki hərbi əməliyyatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyətində olan zonada deyil, Azərbaycan ərazisində aparılırdı, ermənilər özləri bunu çox gözəl bilməli idilər. Bundan əlavə, Paşinyanın və onun əlaltılarının baş katibini həbs etdirməklə bacardıqları qədər hörmətdən saldıqları həmin KTMT-yə narazılıq bildirməsi bir qədər təəccüb doğurur. Ümumiyyətlə, bu, hiddətləndirici faktdır, mənim fikrimcə dünya praktikasında belə hadisə olmayıb, - ermənilər KTMT-nin indiki baş katibinin təyin olunmasına bir il ərzində imkan verməyib, əslində, özlərini meydanoxuyucu tərzdə aparıb və bu davranış Ermənistanın dünya xəritəsində yerinə, roluna və əhəmiyyətinə əsla uyğun gəlmir.

Buna görə dediyim mövzuya bir daha qayıdıram, mən dəfələrlə bu cür bəyanatlar etmişəm və bu mövqe Vladimir Vladimiroviç Putinə məlum idi. Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır. O soruşdu: “Siz öz mövqeyiniz üzərində dayanırsınızmı?” Mən dedim: “Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq”. Bu, noyabrın 8-də axşam olmuşdu. Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik, çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı. Bu, noyabrın 9-da səhər tezdən gecədən xeyli keçənə qədər davam etdi. Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Təsəvvür edin, düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir. Həmin bu razılaşdırma gecədən xeyli keçənə qədər davam etdi. Bakı vaxtı ilə artıq noyabrın 10-u idi, buna görə biz həmin sənədi 10 noyabr tarixli Bəyanat adlandırırıq, Moskva vaxtı ilə ayın 9-u idi. Nəhayət, mətn razılaşdırıldı, təbii ki, onun imzalanması nəzərdə tutulurdu, lakin Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın da həmin sənədi bizim yanımızda imzalamasını israr etməyim. Rusiya Prezidenti çox nəzakətli, çox həssas insandır, hamıya çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, qarşı tərəfin alçaldılması ilə bağlı hər hansı əlavə elementlər mənə lazım deyil, çünki bu, insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik. Buna görə mən razılaşdım ki, biz həmin sənədi ikilikdə imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu haradasa imzalayacağına zəmanət olsun. Onun həmin sənədi harada imzalaması indiyə qədər məlum deyil. Mən dəfələrlə bu barədə açıq soruşmuşam, cavab almamışam, ola bilsin bir il keçəndən sonra biz bunu da biləcəyik, sadəcə, tarix üçün. Həmin gün barədə hələlik təqribən bu qədər deyə bilərəm”, - deyə, dövlət başçısı bildirib.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.