Beşqat Paralimpiya mükafatçısı: “Gözlərimi üzdüyüm hovuzun çox xlorlu və çirkli olması zəiflətdi” - MÜSAHİBƏ

Beşqat Paralimpiya mükafatçısı: “Gözlərimi üzdüyüm hovuzun çox xlorlu və çirkli olması zəiflətdi” - MÜSAHİBƏ
14 Sent 2021 15:24


2012-ci ildə Londonda keçirilmiş Yay Paralimpiya Oyunlarının üzgüçülük yarışlarında beş medal (bir qızıl, dörd gümüş medal) qazanmış, “Şöhrət” ordenli Natali Proninanın realpress.az-a müsahibəsi.

– Siz Paralimpiya Oyunlarının üzgüçülük yarışlarında ilk medalları qazanan idmançımız olmusunuz. Tokio Paralimpiya Oyunlarında Raman Saley üç, Vəli İsrafilov bir qızıl medal qazandı. Ancaq nədənsə sizi yada salan olmadı...

– Raman Saley qalib gələndə mən şokda idim. Bütün “Facebook”, “Instagram”da yazırdılar ki, guya mən legioner idmançıyam. Amma Belarusdan olan Saleyə “igid oğlan”, “fəxr edirik” deyirlər. Buna o qədər gülmüşəm ki... Nəyə görə fəxr edirsiniz ki? Mən də orada komment yazdım ki, yəqin sizə fərqi yoxdur, təki himn səslənsin, bayraq qaldırılsın. Mən əminəm ki, o orada özünün Belarus dövlətinin himnini ürəyində oxuyurdu. Üstəlik, hər yerdə ilk dəfə üzgüçülükdə onun qızıl medal qazandığını bildirirlər. Əksəriyyətin mənim hələ doqquz il əvvəl qızıl medal qazandığımdan xəbəri yoxdur. Mən 100 metr məsafəyə brass üsulu ilə Paralimpiya çempionu olanda 1,16:17 dəqiqə ilə dünya rekordu qırmışam. Raman birinci dəfə mükafatlandırılanda ingilis dilində aparıcı bildirdi ki, Azərbaycandan üzgüçülükdə ilk medalı qazanan idmançı Natali Pronina olub. Ancaq Azərbaycanda heç bir aparıcı bunu bildirmədi.

– Beş yaşından üzgüçülüklə məşğul olduğunuzu bilirik. Hətta doqquz yaşınız olanda İranda keçirilən İslam Həmrəyliyi Oyunlarında dörd gümüş və iki bürünc medal qazanmısınız. Bəs sonra necə oldu ki, Paralimpiya yarışlarında mübarizə aparmağa başladınız?

– Biz eynəklə üzsək də, o, peşəkar eynək deyildi. Üzdüyümüz hovuzun suyu çox xlorlu idi və gözümüzə dəyirdi. Onda indiki kimi Bakı Su İdmanı Sarayındakı kimi gözəl şəraiti olan hovuzumuz yox idi. Biz Heydər Əliyev prospektində yerləşən “Təhsil” Respublika İdman Mərkəzinin 5 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində məşq keçirdik. Ordakı hovuzun suyu xlorlu olmaqla yanaşı, yaşıl rəngdə və çirkli vəziyyətdə idi. Bu da mənim gözlərimin zəifləməsinə səbəb oldu və bundan sonra Paralimpiya yarışlarına keçdim... O vaxt deyirdik ki, şərait yoxdur. İndi hər cür şərait var, amma yenə də nəticə yoxdur. Məsələn, üzgüçülük millisinin baş məşqçisi (Rəşad Əbdürəhmanovu nəzərdə tutur – S.M.) üzgüçülüyü bilmir. O ancaq su polosu ilə məşğul olub, amma orada da heç bir nəticəyə nail olmayıb. Sizcə, sadəcə üzməyi bacaran şəxs üzgüçülük millisinin baş məşqçisi ola bilərmi?

– Son illər qadınlardan Azərbaycanın üzə çıxardığı üzgüçü yalnız Fatimə Alkərəmova olub. O da maksimum dörd il əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında iki bürünc medal qazanıb. Sizcə, azərbaycanlı qızların üzgüçülükdə sizin kimi uğur qazana bilməməsinin səbəbi nədir? Mentalitet?

– Mentalitetlə bağlı deyil. Üzgüçülüyə bu dəqiqə çox sayda qız gəlir. Bu, məşqçiliklə bağlı olan məsələdir. Düzgün yanaşma yoxdur. Məsələn, İrandan gətirilən qız üzgüçü (Məryəm Şeyxəlizadəxangahı nəzərdə tutur – S.M.) niyə gətirilib? Deyilənə görə, çox kobud qızdır, özündən çox razıdır. Əgər İrandan üzgüçü gətirirsinizsə, azyaşlı olanı gətirin. Onsuz da bu qız heç bir nəticə verməyəcək. Onun yerinə özümüzünkü olan Fatimə Olimpiadaya aparılsaydı, daha doğru olardı.

– Sizin ata soyadınız Filina olub. Soyadınızın Proninaya dəyişməsinin xüsusi səbəbi varmı?

– ABŞ və Almaniyadakı yarışlarda Filina familiyası ilə mübarizə aparmışam. Sonra 2011-ci ilin dekabrında Milli Paralimpiya Komitəsi soyadımın dəyişdirilməsini bildirdi. Mənə azərbaycanlı familiyası təklif olundu. Dedilər ki, Filina familiyası olmaz. Mən də dedim ki, dəyişirəmsə, anamın soyadı olan Proninanı götürürəm. O vaxtdan bu soyadı qəbul etdim. İndi Raman Saleyin soyadını da Saleh yazırlar...

– Həyat yoldaşınız da idmançı olub. Məşhur cüdoçular ailəsindən olan Cəsur Rəcəbli ilə idman növləriniz çox fərqlidir. Bir-birinizi harada görüb tanıdınız?

– Mən ondan əvvəl “Sərhədçi”də məşqçi işləyirdim. Həmin vaxt orada cüdo turniri vardı. Onda bir-birimizi görmüşdük. Əvvəl Cəsurla evlənmək fikrim yox idi. Çünki onunla dost kimi idim. Sonradan evlilik təklifi aldım və evləndik. 2013-cü ilin aprelində toyumuz oldu.

– Hazırda 34 yaşınız var. Amma Paralimpiya çempionu olanda 25 yaşınız vardı. Niyə karyeranızı tez başa vurdunuz?

– Mən 2017-ci ildə Bakıdakı İslam Həmrəyliyi Oyunlarında da çıxış etmək istəyirdim. Amma onda üzgüçülükdə yalnız estafet yarışı proqrama salınmışdı. Amma bunu mənə görə etdiklərini bilirəm. Çünki proqrama fərdi yarış salınsaydı, qızıl medal qazanacaqdım.

– Sizinlə Milli Paralimpiya Komitəsi arasında soyuqluğun səbəbi nədir? Axı siz bir Paralimpiya Oyunlarında beş medal qazanmış idmançı olmuşunuz...

– 2012-ci ildən sonra heç bir yarışda iştirak etməmişəm. Paralimpiyadan uzaqlaşdırılmağımın səbəbi medallara görə dövlət tərəfindən verilən pulun bir hissəsini kimlərəsə verməməyim olub. O vaxt mənə beş medala görə 600 min manat verilmişdi. Mən bu pul üçün əziyyət çəkmişəm. Amma hansısa əziyyət çəkməyən bir idman məmuru məndən bu pulun yarısını – 300 min manatı istəyirdi. Sizə sual verirəm. Necə düşünürsünüz, məndən çox şey istəmirdilər?! Bu ki düzgün deyil. Bir də qardaşım mənə məşqçilik etdiyi halda, ona çatası 100 min manat pulu gözü görməyən bir başqa məşqçinin adına yazmışdılar. Ümumiyyətlə, maraqlısı bu idi ki, mən Londona gedəndə yanımda heç bir məşqçi olmayıb. Amma Tokioda Saleyin yanında məşqçilər də iştirak edib.

– Sizin həyat yoldaşınızla birgə “Qəhrəman övladları zirvələrə doğru” şüarı ilə keçirilən layihəniz var. Şəhid və qazi övladları arasında keçirdiyiniz layihəyə nə vaxtdan başlamısınız?

– Ötən ilin iyul ayının sonlarından aztəminatlı ailələrin uşaqları üçün turnirlər keçirməyə başlamışıq. Uşaqlar arasında rəsm, idman, əyləncə yarışları təşkil edirik. Qarabağdakı qalibiyyətdən sonra Vətən müharibəsinin iştirakçılarının övladlarına da dəstək olmağa başladıq. Mənim “yardım” sözümdən xoşum gəlmir.

– Maraqlı layihədir. Bəs bunun maliyyə xərclərini kim qarşılayır?

– Demək olar ki, bunu öz maliyyəmiz hesabına edirik. Bir də müəyyən müddət kömək edən şəxslər olur. Bu layihəyə başlayanda elə bilirdim ki, idmançılar maraq göstərəcək. İnanırsınız, əcnəbi idmançılara müraciət edəndə, onlar buna yerlilərdən daha çox müsbət yanaşır. Yerli idmançılar ağlayır ki, pulları yoxdur. Yalnız Olimpiya çempionu bizə köməklik edir. Ancaq adının çəkilməsini istəmir (əldə etdiyimiz məlumata görə, söhbət Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurovdan gedir – S.M.).

– Nəzərə alsaq ki, layihənin maliyyələşməsini özünüz edirsiniz, o zaman belə sual yaranır: siz və həyat yoldaşınız harada işləyir?

– Mən özüm şəxsi məşqçilik edirəm. Evlərə çağırırlar, gedirəm. Həyat yoldaşım da dövlət işində işləmir. O da fərdi şəkildə cüdoda məşqçilik edir. Bu layihəni faktiki olaraq cənab prezidentin mənə verdiyi 1 300 manatlıq təqaüdün hesabına həyata keçiririk.

Səbuhi Musayev

19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.