Yaponiyanın şərqində yerləşən Maebaşi dairə məhkəməsi ilk dəfə hökuməti və TEPCO enerji şirkətini 2011-ci ildə “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzada təqsirli bilərək, fəlakət zonasından təxliyə edilənlərin bir qisminə 38,55 milyon yen (340 min dollar) kompensasiya ödənilməsi barədə qərar qəbul edib. Bu barədə martın 17-də Kyodo agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Fukuşimadan təxliyə edilərək Qumma prefekturasında yerləşdirilən 137 şəxs Maebaşi dairə məhkəməsinə müraciət edərək onlara dəyən maddi və mənəvi ziyana görə 1,5 milyard yen (13,2 milyon dollar) ödənilməsini tələb edib. Aparılan məhkəmə araşdırması zamanı məlum olub ki, həmin şəxslərdən 62-sinə müxtəlif məbləğdə kompensasiya ödənilib.
Bildirilir ki, ümumilikdə bütün ölkə üzrə Fukuşimadan təxliyə edilmiş sakinlər tərəfindən məhkəmələrə 30 kollektiv iddia daxil olub.
Hökumət və “Fukusima-1” AES-in operatoru olan şirkət qəzaya səbəb olmuş sunami dalğalarının seysmik gücünü düzgün qiymətləndirməməkdə təqsirləndirilirlər. TEPCO şirkəti öz növbəsində bəyan edir ki, hazırda mövcud elmi üsullarla sunami dalğalarının hündürlüyünü qabaqcadan təyin etmək mümkün deyil.
Xatırladaq ki, 2011-ci ilin martında baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində Yaponiyanın şimal-şərq sahillərində 15 metr hündürlüyündə sunami dalğaları yaranmışdı. “Fukusima-1” AES-in altı enerji blokundan dördü sunami dalğalarının altında qalmış və bu, reaktorların soyuducu sistemlərinin sıradan çıxmasına, nüvə yanacağının əriməsinə və silsilə hidrogen partlayışlarına səbəb olmuşdu. Yaranan vəziyyətə hazırlıq lazımi səviyyədə olmadığına görə, həm stansiyada, həm də insanların təxliyəsində ciddi səhvlərə yol verilmişdi. Hələ də stansiyanın yaxınlığındakı məntəqələrin sakinlərinə evlərinə dönməyə icazə verilmir. Qəzanın nəticələrinin tam aradan qaldırılması üçün isə 40 il vaxt lazım olduğu bildirilir.
Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.
Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub.