Vinsent Koçetel: BMT QAK Cocuq Mərcanlı sakinlərinin qayıdışı prosesində yaxından iştirak etmək istəyir

Vinsent Koçetel: BMT QAK Cocuq Mərcanlı sakinlərinin qayıdışı prosesində yaxından iştirak etmək istəyir
01 2017 09:50

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov yanvarın 31-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa bürosunun direktoru Vinsent Koçetelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi ölkəmizin BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.

Baş nazirin müavini Əli Həsənov BMT QAK-ın rəhbərliyinin Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə həmişə diqqətlə yanaşdığını, sabiq ali komissarlar xanım Sadako Oqata və Antonio Quterreşin ölkəmizə səfərlərinə, çadır düşərgələrindəki və digər ərazilərdə məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmalarına toxunub. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələrin daha da inkişaf etdiyini deyən Komitə sədri bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

BMT QAK-ın yeni fəaliyyətə başlayan regional nümayəndəliyinin yaradılmasında əsas məqsədin yerli nümayəndəliklərin fəaliyyətinə dəstək verməkdən ibarət olduğu vurğulanan görüşdə bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun ölkəmizdəki nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri respublikamızda qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olub. Bu gün də məcburi köçkünlər arasında iş vərdişlərinin bərpa edilməsi, reabilitasiya proqramlarının və digər texniki proqramların hazırlanmasında bu təşkilata ehtiyac var.

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən, Azərbaycan dövlətinin bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı, ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyindən danışan Baş nazirin müavini Əli Həsənov diqqətə çatdırıb ki, dünyada baş verən mövcud iqtisadi böhranlara baxmayaraq, ölkəmiz sürətlə inkişaf edən ölkələr sırasındadır. Burada məqsəd inkişaf etmiş ölkələr sırasına çıxmaqdır.

Görüşdə bildirilib ki, bu gün ölkəmizin həll olunmamış yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemidir. Ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün bütün lazımi şərait yaradılıb, ancaq bu insanların yeganə istəkləri öz doğma torpaqlarına qayıtmaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi barədə ətraflı məlumat verən Əli Həsənov deyib ki, münaqişənin həllində vasitəçilik missiyasının həvalə edildiyi ATƏT-in Minsk qrupu heç bir irəliləyişə nail ola bilmir. BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir və bu işğalçı ölkəyə qarşı heç bir təzyiq edilmir. Bu, ən böyük ədalətsizlik və beynəlxalq hüquq normalarının pozulmasıdır. Bu, bizdə bir daha elə bir təsəvvür yaradır ki, beynəlxalq hüquq qüvvədə deyil və bu, dünyada beynəlxalq münasibətlərə təsir edən dövlətlər tərəfindən tətbiq olunur.

Əli Həsənov deyib: “Bu gün dünyada bir çox problemlər var. Ancaq bunların içərisində ən həssası qaçqın və məcburi köçkün problemidir. Güclü dövlətlər yeni ərazilər əldə etmək, təbii resurslar qazanmaq və dünyanın coğrafiyasını bölüşdürmək üçün müharibələr aparırlar. Ortada isə kiçik xalqlar əziyyət çəkirlər. Bir tərəfdən insan hüquqlarının qorunmasından danışırlar, digər tərəfdən isə gündə minlərlə insan həlak olur”.

Baş nazirin müavini bildirib ki, bu gün 550 milyon nəfər əhalisi olan Avropa 1 milyon miqrantın qarşısında çarəsiz qaldı. Bu insanların hər gün hüquqları pozulur. Bu gün bizə insan hüquqlarının qorunmasında irad tutan ölkələr bilməlidir ki, 1990-cı illərin əvvəllərində ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün oldu. Ulu öndər Heydər Əliyev tərəfindən uğurlu idarəçilik mexanizmi yaradıldı, bu problemin vahid mərkəzdən idarə edilməsinin əsası qoyuldu, bu sahədə heç bir konflikt ortaya çıxmadı və bu gün də bu problemin həlli istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm işlər görülür. Ölkəmizə səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri bütün dünyaya nümunə göstəriblər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki baş qərargahında Avropa bürosu direktoru Vinsent Koçetel ətraflı məlumata görə minnətdarlığını bildirib və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin ölkəmizə səfər etmək istədiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin son günlər məcburi köçkünlərlə bağlı imzaladığı fərman və sərəncamlar haqqında məlumatlı olduğunu və bunu dəstəklədiyini deyən Vinsent Koçetel Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinlərinin geriyə qayıdışı prosesində BMT QAK-ın yaxından iştirak etmək və bu sahədə öz təcrübələrini bölüşmək istədiklərini bildirib. Onlar, eyni zamanda, 2019-cu ildə əhalinin siyahıya alınmasında da yaxından iştirak etmək arzusundadırlar.

Azərbaycan Prezidentinin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanın əhəmiyyətindən danışan Əli Həsənov bildirib ki, bu məcburi köçkünlərin sosial müdafiəsinə yönəlib, şəffaflıq tam təmin edilib, onların aldıqları müavinətin istifadə edilməsi hüququ öz sərəncamlarına verilib. Bu isə onların müstəqil həyat tərzi yaşamaları üçün ailə büdcəsinə nəzarət etmələrinə gətirib çıxaracaq.

Əli Həsənov işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam haqqında ətraflı məlumat verərək deyib ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Ancaq həmin ərazi düşmənin atəşi altında idi. Keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə həyata keçirilmiş uğurlu aprel əməliyyatı zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb. Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən 1-ci mərhələdə həmin ərazidə tezliklə yeni qəsəbənin, məktəb binasının tikintisinə başlanılacaqdır. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır. Doğma yurdlarına qayıtmaq üçün sakinlərdən 200-ə yaxın ərizə daxil olub və bunun sayı hər gün artır. Beləliklə, Böyük Qayıdış Proqramının icrasına Cocuq Mərcanlıdan başlanılır.

Əli Həsənov onu da qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu günlərdə ölkəmizdə olan səfirlərin və bütün beynəlxalq təşkilatların nümayəndələrinin də həmin əraziyə səfəri təşkil olunacaq və onlar bir daha erməni vəhşilikləri ilə yerində tanış olacaqlar.

Görüşdə BMT QAK-ın Cənubi Qafqaz (Azərbaycan, Ermənistan və Gürcüstan) üzrə yeni təyin olunmuş Regional Nümayəndəsi Yohannes van der Klauv ölkəmizin zəngin tarixə və mədəniyyətə malik olduğunu bildirib. O, həmçinin hər iki tərəfin əldə etdiyi təcrübənin qarşılıqlı əməkdaşlıq şəraitində paylaşılmasının vacibliyini qeyd edib.

Baş nazirin müavini BMT QAK-ın baş qərargahının Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyi ilə əməkdaşlıq etməsinin vacibliyini bildirib və bunun hər iki tərəf üçün faydalı ola biləcəyinə əminliyini ifadə edib.

Qonaqlar Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məskunlaşmış məcburi köçkünlərlə də görüşüb və onlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar.


28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.