Vergilər Nazirliyi partnyor ödəyicilərə elektron xidmətlər təqdim edəcək

Vergilər Nazirliyi partnyor ödəyicilərə elektron xidmətlər təqdim edəcək
10 Dek 2016 17:05

Gələn ilin yanvarın 1-dən başlayaraq, Vergilər Nazirliyi intizamlı vergiödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipi əsasında fərdi və sürətli xidmətlərin göstərilməsinə başlayacaq. Bu məqsədlə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində Şəffaf vergi partnyorluğu idarələri yaradılıb.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, bunu vergilər nazirinin müşaviri, nazirliyin Vergiödəyicilərinə xidmət baş idarəsinin rəisi Ələkbər Məmmədov sözügedən idarələrin fəaliyyəti və vergiödəyicilərinə göstəriləcək xidmətlərlə bağlı bildirib.

Ə.Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə vergiödəyicilərinin hüquqlarının qorunması, vergi orqanları ilə vergiödəyiciləri arasında münasibətlərin daha şəffaf qurulması və yüksək səviyyəyə çatdırılması əsas hədəflərdən biri kimi müəyyən edilib.

Vergilər Nazirliyi vergiödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin daha da inkişaf etdirilməsi, vergi orqanları tərəfindən belə vergiödəyicilərinə çevik və şəffaf xidmətlərin göstərilməsi, onların fəaliyyətinin uçotda olduqları vergi orqanlarında vahid struktur tərəfindən əlaqələndirilməsi, bununla da digər vergiödəyicilərində könüllü əməletmənin təşviq edilməsinə nail olunması istiqamətində bir sıra islahatlar həyata keçirib. Bu islahatların davamı olaraq, eləcə də biznesin və vergiödəyicilərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə fəaliyyətini şəffaf qaydada həyata keçirən vergiödəyiciləri üçün “Yaşıl Dəhliz” prinsipi əsasında fərdi və sürətli xidmətlərin göstərilməsinə başlanacaq.

Artıq şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyiciləri ilə işlərin tənzimləmə mexanizminin müəyyən edilməsi üçün vergilər naziri Fazil Məmmədovun əmri ilə müvafiq qaydalar da təsdiq edilib. Bu qaydalar şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyicilərinin müəyyənedilmə meyarlarını, onlara göstəriləcək xidmətləri, müraciətlərinə baxılması qaydasını və digər məsələlər üzrə prosedurları müəyyən edir.

Vergilər Nazirliyinin partnyor ödəyicisi statusuna malik olmaq üçün vergiödəyiciləri bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işlərin yerinə yetirilməsinə cəlb etdiyi şəxslərin sayını və onların əmək haqlarını düzgün bəyan etməli, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparmalı, gücləndirilmiş elektron imzaya sahib olmalı, yazışmaların elektron şəkildə aparılmasına üstünlük verməli və digər meyarlara cavab verməlidir. Partnyor vergiödəyicisi statusunu əldə edən ödəyicilərə unikal uçot koda malik bildiriş veriləcək.

Partnyor ödəyicilərə xidmətlər ərazi məhdudiyyəti nəzərə alınmadan “Yaşıl dəhliz” prinsipi əsasında göstəriləcək. Belə ödəyicilərə elektron xidmətlər, sənəd qəbulu, hazır sənədlərin verilməsi, elektron sənəd mübadiləsi, SMS məlumatlandırma xidməti, habelə ünvanlı (səyyar) xidmətlərin göstərilməsi kimi ənənəvi xidmətlərlə yanaşı, partnyor vergiödəyicilərinə informasiya kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməklə innovativ üsullu xidmətlər də göstəriləcək.

Belə innovativ üsullu xidmətlərdən biri partnyor ödəyici ilə videobağlantı xidməti olacaq. Videobağlantı nazirliyin internet saytı, Facebook, Skype, Whatsapp və İKT-nin digər imkanlarından istifadə etməklə aparıla bilər.

Bundan başqa, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzində partnyor ödəyicilər üçün sürətli xidmətlərin göstərilməsi məqsədilə xüsusi ayrılmış xətdən istifadə imkanı yaradılacaq. Vergi orqanları partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün dəyirmi masa, seminar və konfranslar keçirə bilər. Eyni zamanda, Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən xüsusi təlim proqramlarının hazırlanması, o cümlədən ixtisas sahələri və innovasiya təlimlərinin onlayn və ya ənənəvi üsullarla ödənişsiz qaydada keçirilməsi imkanları da nəzərdə tutulur.

Vergiödəyicilərinə xidmət mərkəzlərində də partnyor ödəyicilər üçün xüsusi imkanlar yaradılacaq. Məsələn, partnyor ödəyicilərə “Yaşıl dəhliz” vasitəsilə növbədənkənar xidmət göstəriləcək, onlara xidmət mərkəzlərində sərbəst istifadə üçün özünəxidmət kompüteri ayrılacaq. Bundan başqa, partnyor ödəyicilər üçün hazırlanmış sənədlər əlbəəl götürülməli olduğu halda, onların seçiminə uyğun olaraq sənədin ödəyiciyə çatdırılması üçün zəruri tədbirlər görüləcək.

Ə.Məmmədovun sözlərinə görə, belə ödəyicilərin vergi orqanları ilə əlaqələndirilməsi məqsədilə hər bir partnyor ödəyici üçün vergi əməkdaşlarından kuratorlar ayrılacaq. Kuratorlar partnyor ödəyicilərin müraciəti əsasında onlara ünvanlı xidmətlər göstərəcək, vergi qanunvericiliyində dəyişiklik olarsa, bu barədə vergiödəyicisini məlumatlandıracaq, onun mənafeləri üçün qabaqlayıcı (profilaktik) tədbirlər həyata keçirəcək, partnyor ödəyicilərin hər hansı uyğunsuzluğu yaranarsa, bu məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görəcək. Bununla yanaşı, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin partnyor ödəyicilərin iştirakı ilə müzakirə edilməsi və zərurət yarandıqda Vergilər Nazirliyinin müvafiq struktur vahidinin nümayəndələrinin iştirakı ilə birgə görüşlərin təşkil edilməsi imkanı yaradılacaq.

Kurator bir növ partnyor ödəyicinin müdafiəçisi rolunda çıxış edəcək. Kuratorlar partnyor vergiödəyicilərinə göstərilən xidmətlər zamanı meydana çıxan və vergi nəzarəti tədbirləri zamanı yaranan fikir ayrılıqları və mübahisələrin həlli prosesində iştirak edəcək və uyğunsuzluqların həlli üçün lazımi tədbirlər görəcək. Yeri gəlmişkən, vergi qanunvericiliyinin tətbiqi və ziddiyyətli məqamların aydınlaşdırılması zamanı, eləcə də vergi nəzarəti tədbirləri keçiriləcəyi halda partnyor ödəyicilərin məsələsi xüsusi diqqətə götürüləcək, yaranan fikir ayrılıqları həmin ödəyicinin iştirakı ilə vergiödəyicisinin istəyinə uyğun olaraq onun iş yerində və ya vergi orqanında, o cümlədən videobağlantı qurmaqla baxılacaq.

Vergilər Nazirliyi vergiödəyicilərinin partnyor ödəyici kimi fəaliyyət göstərmələrinin stimullaşdırılması məqsədilə onların razılığı əsasında belə, ödəyicilərin siyahısını mütəmadi olaraq dərc edəcək. Bu həmçinin digər ödəyicilər üçün də nümunə olacaq və vergiödəyiciləri intizamlı vergiödəyicisi olmağın üstünlüklərini aydın şəkildə görə biləcəklər.

Vergi orqanları belə ödəyicilərə münasibətdə yaranan ziddiyyətli məqamları qarşılıqlı razılaşma yolu ilə həll etməyə səy göstərəcəklər. Partnyor ödəyicilərin müraciətləri mövcud qanunvericilikdə müəyyən edilmiş müddətlərdən 3 dəfə tez baxılacaq və beləliklə, bütün bunlar partnyor vergiödəyicilərinin vaxt itkisinin əhəmiyyətli şəkildə azalmasına gətirəcək.

Ə.Məmmədov hesab edir ki, intizamlı vergiödəyiciləri üçün yaradılan bu şərait vergi orqanları ilə vergiödəyiciləri arasında partnyorluq münasibətlərinin genişləndirilməsi və şəffaflığın artırılmasına, eləcə də intizamlı vergiödəyiciləri ilə münasibətlərin yeni keyfiyyət müstəvisinə qaldırılmasına imkan verəcək, ölkədə könüllü əməletmə səviyyəsinin artırılmasına və vergi mədəniyyətinin yüksəldilməsinə xidmət edəcək.


31 Mar 2020
İqtisadiyyat

Neft bahalaşdı

Dünya birjasında “Brent” markalı neftin 2020-ci ilin may ayının fyuçerslərinin qiyməti artaraq, bir barel üçün 23,04 dollar təşkil edib.

30 Mar 2020
İqtisadiyyat

"Brent" markalı neftin qiyməti aşağı düşüb

"Brent" markalı neftin qiyməti 7,92 faiz aşağı düşüb.

26 Mar 2020
İqtisadiyyat

Azərbaycanda bəzi məmulatlar gömrük rüsumlarından azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

23 Mar 2020
İqtisadiyyat

Türkiyədə küçəyə çıxan yaşlı cütlük 6 min cərimələndi

Türkiyədə 65 yaş qadağasına əsasən cəzalanan ilk şəxslər almaniyalı cütlük olub.

23 Mar 2020
İqtisadiyyat

“MƏK-AN” MMM-dən koronavirusla mübarizə fonduna 300 000 manat dəstək

1999-cu ildən fəaliyyət göstərən, ölkəmizin aparıcı tikinti, memarlıq, layihələndirmə şirkətlərindən biri “MƏK-AN” MMM korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.