Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində (UBMM) müalicə alan uşaqların 40 faizi sinir sistemi xəstəliyi, 30 faizi dayaq-hərəkət sistemi patologiyası, 20 faizi yuxarı və aşağı tənəffüs sistemi xəstəlikləri, 10 faizi isə digər müxtəlif patologiya diaqnozu ilə bura müraciət edir. Onların müalicəsində müasir fizioterapiya cihazları, kostyum terapiya, süni duzlaq şaxtası, su terapiyası və digər üsullar geniş istifadə edilir.
Bunu UBMM-nin baş həkimi, tibb elmlər namizədi Cəmilə Talıbova AZƏRTAC-a müsahibəsində deyib.
“Əgər əvvəllər bizim Mərkəzə əsasən 3 yaşından yuxarı uşaqları gətirirdilərsə, indi buraya yüksək səviyyəli müalicə üçün hətta 10 günlük körpələri gətirirlər”, - deyə C.Talıbova əlavə edib.
C.Talıbova 1982-ci ildə Bakı şəhəri 132 saylı məktəbi qızıl medalla bitirib. Tibb Universitetinin pediatriya fakültəsinə daxil olub və universiteti fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə UBMM-də otolarinqoloq kimi işə başlayıb. 2014-cü ildə Mərkəzin baş həkimi vəzifəsinə təyin olunub.
Mərkəz Prezident İlham Əliyevin Sərəncamı ilə 2014-cü ildə əsaslı təmir olunub və Səhiyyə Nazirliyi tərəfindən müasir reabilitasiya avadanlıqları, fizioterapevtik cihazlarla təmin edilib. Burada bərpa-müalicə, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya fəaliyyətdədir.
C.Talıbova bildirib ki, UBMM-də bərpa müalicəsinə ehtiyacı olan 18 yaşına kimi xəstələr sahə poliklinikaları tərəfindən göndərilirlər. Burada uşaqlar xüsusi prinsiplər əsasında çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Mərkəzdə hər bir xəstəyə fərdi yanaşma və çox mərhələli müalicə əsas prinsiplər sırasındadır. Mərkəzə gələn hər bir xəstə üçün onun yaşı, xəstəliyin ağırlıq dərəcəsi, yanaşı xəstəlikləri nəzərə alınmaqla, il ərzində 3-6 mərhələdə fərdi reabilitasiya kursu tərtib olunur.
Baş həkimin sözlərinə görə, Mərkəzdə valideynlərlə də iş aparılır, onlara xəstə uşağın sağlamlığının bərpasına məsuliyyət hissi aşılanır, onların bu prosesdə aktiv iştirakına səy göstərilir. UBMM-də sağlamlıq imkanları məhdud uşaqların fiziki reabilitasiyası ilə yanaşı, onların dolğun həyat yaşamasına və sosial adaptasiyasına da çox önəm verilir. Bundan əlavə, Mərkəzdə Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Uşaq Paralimpiya Komitəsinin dəstəyi ilə boçço oyunu üzrə dərnək təşkil edilib.
Qazax rayonun İkinci Şıxlı kəndinin sakini 10 yaşlı Nuranə Hüseynova pleksid və skolioz diaqnozu ilə UBMM-də masaj və digər prosedurlara gələnlər sırasındandır. Onun anası Fidan Musayeva yüksək səviyyəli müalicə və həkim personalından tam razı olduğunu ifadə edib. Bildirib ki, qızı anadangəlmə pleksiddən əziyyət çəkir. Bu xəstəliyin fonunda skolioz əmələ gəlib. Mərkəzdə Nuranəyə göstərilən ilk prosedurdan sonra xəstəliyində sağalmaya doğru irəliləyiş müşahidə edib. O, iki aydan bir 10 günlük müalicə üçün Bakıya gəlir. Mərkəzdə müalicəvi idman kursları da yüksək profilli mütəxəssislər tərəfindən aparılır.
Üç yaşlı Fuad Mürşüdlü anası Leyla Bağırova ilə mütəmadi olaraq Mərkəzdəki inqalyasiya prosedurlarına gəlirlər və buradakı personalın və müayinənin keyfiyyəti ilə razı olduqlarını bildiriblər.
C.Talıbova qeyd edib ki, Mərkəzdə mütəmadi olaraq Bakı poliklinikalarında fəaliyyət göstərən pediatr və nevropatoloqlar üçün “Əlilliyin erkən aşkarlanması və müalicəsi” adlı təlimlər təşkil olunur. “Düşünürəm ki, məktəblilərə ilkin tibb bilikləri öyrədilməlidir. Uşaqların bizim Mərkəzə ekskursiyalar təşkil olunsa, buradakı şəraitlə yaxından tanış ola bilərlər. Sağlam uşaqlar imkanları məhdud yaşıdları ilə ünsiyyət qurmalıdırlar. Onların mənəvi dəstəyə ehtiyacları var. Gələcəkdə yetkin yaşa çatdıqda belə insanlara kömək əlini uzatmaqdan çəkinməsinlər. Bütün kollektiv ilə çalışırıq ki, imkanları məhdud uşaqlara, onların valideynlərinə əlimizdən gələn dəstəyi göstərək. Bizim Mərkəzin qapıları xəstə uşaqların üzünə daim açıqdır”, - deyə C.Talıbova əlavə edib.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.