Səhiyyə Nazirliyinin baş onkoloqu: Onkologiya sahəsində sanballı nəticələrə nail olmuşuq

Səhiyyə Nazirliyinin baş onkoloqu: Onkologiya sahəsində sanballı nəticələrə nail olmuşuq
03 2017 14:11

Təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır. Ancaq xərçəng xəstəliklərinin sayının artması, demək olar, ölkə əhalisinin sayının artması ilə yanaşı gedir. Əhalinin sıxlığının çoxaldığı yerlərdə təkcə onkoloji xəstəliklərin deyil, həm də digər xəstəliklərin statistikası yüksələn xətt üzrə gedir. Əgər qonşu ölkələrin statistik məlumatları ilə müqayisə olunsa, respublikamızda xərçəng xəstəliyinə tutulmuş insanların sayının bir o qədər də çox olmaması üzə çıxar. Ekologiya problemləri, qida rejimi, yeyinti məhsullarının keyfiyyəti, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanma və radiasiya səviyyəsinin çoxalması onkoloji xəstələrin sayının artmasında əsas rol oynayır. Nəzərə almaq lazımdır ki, ətraf mühitin çirklənməsi onkoloji xəstəliklərlə bərabər, başqa xəstəliklərin də əmələ gəlməsinə rəvac verir. Xərçəng şişi erkən mərhələdə aşkar ediləndə müvəffəqiyyətlə müalicə olunur, lakin dünya praktikasında onkoloji xəstəliklərin əmələ gəlməsinin dəqiq səbəbləri indiyə qədər müəyyən edilməyib. Dünyada canlı nə varsa, hamısı kimi, xəstəliklər də təkamül prosesi keçməyə davam edir. Bu məsələyə fəlsəfi nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Axı təbiətin özü də başdan-başa fəlsəfədir.

Bu sözləri Ümumdünya Xərçəng Xəstəliklərinə qarşı Mübarizə Günü ərəfəsində Milli Onkologiya Mərkəzinin (MOM) baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

Xəstəliyin erkən mərhələsində həkimə müraciət etməyi məsləhət görən baş onkoloq bildirib ki, bu, xərçəngin bəzi formalarından şəfa tapmaq ehtimalını xeyli artırır. O deyib: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında çox vaxt süd vəzisi, kişilər arasında ağciyər, traxeya və bronxların xərçənginə təsadüf olunur. Bu xəstəliklərə çox vaxt yaşı 50-dən yuxarı olan insanlar tutulur. Amma daha gənc yaşlarda da bu xəstəliklərdən əziyyət çəkənlər var. Xoşbəxtlikdən, yaşlılarla müqayisədə uşaqlar çox vaxt bu xəstəliklərdən müalicə olunurlar. İnanın mənə, xərçəng sözündən qorxmaq lazım deyil, çünki erkən mərhələdə xəstəlik müalicə olunan xəstəlikdir. Xəstəliyin qarşısının alınması üçün profilaktiki tədbirləri vacib sayıram, xanımlara 30-35 yaşından sonra mammoqrafiyadan keçməyi məsləhət görürəm. Mammoqrafiya süd vəzisi xərçənginin üzə çıxarılmasının ən müasir və dəqiq metodudur. Xərçəng elə bir xəstəlikdir ki, ondan hələ heç kəs sığortalanmayıb. İnsanlarda belə bir rəy formalaşıb ki, onkologiya diaqnozu həyatın üstündən xətt çəkmək deməkdir. Bu diaqnozla bir neçə on il yaşayan insanların sayı az deyildir. Özünüzü bu xəstəlikdən qorumaq üçün ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır. Təəssüf ki, bütün dünyada ancaq şiddətlənəndə və III-IV mərhələyə keçəndə xəstəlikdən xəbər tuturlar. Yeri gəlmişkən, xəstəliyə qarşı mübarizədə bütün məsuliyyəti onkoloqların üzərinə qoymaq olmaz. Son vaxtlar xərçəngə qarşı mübarizədə maarifləndirmə işinin yaxşılaşmasına baxmayaraq, telekanallar da bu işdə fəal iştirak etməli, onkoloji xəstəliklər barədə əhalini daha geniş məlumatlandırmalıdırlar. Məsələn, bəzi insanlar ölkədə Uşaq Onkoloji Klinikasının fəaliyyətindən xəbərsizdir. Bundan əlavə, biz rayonlara gedəndə maraqlı hallarla üzləşirik. İnsanlar xəstəliyi ən böhranlı vəziyyətə çatdırırlar. Mən bu insanları qınaya bilmərəm, çünki bütün bunlar məlumatsızlıqdan irəli gəlir”.

Baş onkoloq Azərbaycanda onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində görülən tədbirlərə də toxunaraq deyib: “Ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsində ciddi addımlar atılıb və bu iş planauyğun şəkildə davam etdirilir. Onkologiya sahəsində sanballı nəticələrə nail olmuşuq. Milli Onkologiya Mərkəzi Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində hazırda ən müasir tibbi texnika, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilib. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin edilməsi ilə bağlı problemlər bu şəkildə aradan qaldırılıb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan MOM-u artıq dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar. Mərkəzin əməkdaşları yüksək keyfiyyətli onkoloji xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını aparır, xəstələri ən müasir cərrahi metodlar, şüa terapiyası və dərman preparatları ilə müalicə edir, mövcud müalicə metodlarını daha da təkmilləşdirmək məqsədi ilə irimiqyaslı elmi araşdırmalara geniş yer verirlər. MOM ilə ABŞ-ın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyalar layihələndirən və istehsal edən “Varian Medical Systems” şirkəti arasında 2014-cü il oktyabrın 8-də imzalanmış əməkdaşlıq haqqında Saziş son illərin nailiyyətlərindəndir. Bununla da Milli Onkologiya Mərkəzinə rəsmi referens-mərkəz statusu verilib. Sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişlənməsinə, müasir texnologiyaların Azərbaycana daha tez gətirilməsinə, xarici mütəxəssislərlə geniş fikir mübadiləsinin aparılmasına imkanlar yaradır. Bununla yanaşı, həmin Saziş Milli Onkologiya Mərkəzində xəstələrə göstərilən xidmətlərin səviyyəsinin yüksək olduğunu dünyanın digər aparıcı klinikaları tərəfindən qəbul edildiyini göstərir. 2015-ci ilin noyabrında MOM və M.D.Anderson adına Onkoloji Mərkəz (M.D. Anderson Cancer Center, ABŞ) arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Hazırda akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzi ölkə əhalisinə göstərilən ixtisaslaşdırılmış onkoloji yardım üzrə elmi-metodik və profilaktiki işlərin əlaqələndirilməsi ilə məşğul olan baş strukturdur. Milli Onkologiya Mərkəzi yerli və xarici alimlər, ayrı-ayrı sahələrin tədqiqatçıları və həkimləri arasında əlaqələr yaratmaq, elmin və tibbin qarşılıqlı əlaqədar sahələrinin ən müasir nailiyyətlərini müzakirə etmək məqsədi ilə beynəlxalq elmi-praktik konfranslar keçirir. Məsələn, Türkiyə Tibbi Onkoloji Birliyinin və Milli Onkologiya Mərkəzinin təşəbbüsü ilə 2015-ci ilin sentyabrında və 2016-cı ilin oktyabrında Bakıda Türkiyə-Azərbaycan Onkoloji Günləri keçirilib. Bu il biz Türkiyədə III Türkiyə-Azərbaycan Onkoloji Günlərinin keçirilməsini planlaşdırırıq. Tədbir çərçivəsində Türkdilli Ölkələrin Onkoloqları Cəmiyyətinin yaradılması məsələsini müzakirə etmək niyyətindəyik.

Bakıda Milli Onkologiya Mərkəzi ilə yanaşı, bölgələrdə onkoloji dispanserlər fəaliyyət göstərir. Bu tibb ocaqları müasir avadanlıq və dərman preparatları ilə təmin edilib. Son illər Azərbaycanda gənc həkimlər arasında onkologiyanın öyrənilməsinə, bu sahədə təcrübə qazanılmasına və biliklərin təkmilləşdirilməsinə maraq artıb və bu da bizi sevindirməyə bilməz”.







8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.