SOCAR GPC layihəsi çərçivəsində lisenziya müqavilələri imzalanıb

SOCAR GPC layihəsi çərçivəsində lisenziya müqavilələri imzalanıb
20 Dek 2016 17:09

Dekabrın 20-də SOCAR GPC layihəsi çərçivəsində müasir texnologiyaların tətbiq olunması ilə təbii qazın mükəmməl emalı və yüksək keyfiyyətli polimer məhsulları istehsal edilməsi məqsədilə SOCAR ilə dünyanın neft-kimya sənayesində mühüm texnologiyalara sahib olan “Technip”, “Univation”, “Axens” və SinopecTech şirkətləri arasında texnologiya lisenziyası müqavilələri imzalanıb.

Trend Dövlət Neft Şirkətinə istinadən verdiyi məlumata görə, imzalanan müqavilələrə əsasən, SOCAR həmin layihə çərçivəsində müvafiq texnologiyalardan istifadə lisenziyasını əldə edir, lisenziya verən şirkətlər isə Bakının 15 kilometrliyində, Qaradağda tikiləcək qaz emalı və qaz-kimya zavodları üçün müvafiq mühəndislik və dizayn həllərini SOCAR-a təqdim edirlər.

Tədbirin əvvəlində dekabrın 15-də “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin, eləcə də dörd ölkənin səfirinin tədbirdə iştirak etdiyini nəzərə alaraq, dünən onların terror aktı nəticəsində faciəli surətdə həlak olmuş həmkarları - Rusiya Federasiyasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SOCAR GPC layihəsi haqqında qısa videoçarxın nümayişindən sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirakçıları salamlayaraq, Azərbaycanda həyata keçirilən yeni enerji strategiyasının nailiyyətlərindən, bu strategiya çərçivəsində reallaşdırılan regional və beynəlxalq əhəmiyyətli layihələrin uğurundan və həmin layihələrin icrasında xarici şirkətlərlə SOCAR arasında yaranmış sıx əməkdaşlıq münasibətlərindən danışıb. Bildirilib ki, hazırda Azərbaycan dünyanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan bir sıra layihələrin təşəbbüskarı və əsas iştirakçısıdır.

“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq təbii qaz ehtiyatlarının Avropaya nəqli üçün "Cənub Qaz Dəhlizi" çərçivəsində Transanadolu və Transadriatik qaz boru kəmərlərinin tikintisinin beynəlxalq əhəmiyyətini qeyd edən SOCAR prezidenti daha sonra şirkətin Azərbaycanda və Türkiyədə həyata keçirdiyi iri investisiya layihələrindən söz açıb, bu layihələrin maliyyələşdirilməsində və icra olunmasında iştirak edən xarici şirkətlərin rolunu vurğulayıb. Bugünkü tədbirlə SOCAR GPC layihəsinin həyata keçirilməsinə start verildiyini diqqətə çatdıran R.Abdullayev layihə iştirakçılarına uğurlar arzulayıb, tədbirdə iştirak etdikləri üçün ABŞ, Fransa, İtaliya və Çinin Azərbaycandakı səfirlərinə təşəkkürünü bildirib.

Sonra layihənin iştirakçıları - “Sinopec” şirkətinin baş menecerinin texniki məsələlər üzrə müavini Ju Yinquan, “Univation Technologies” şirkətinin prezidenti Stiv Stenli, “Axens” şirkətinin satışlar üzrə direktoru Fabyen Lundi, “Technip EMİA” şirkətinin prezidenti Marko Villa, “China Huanqiu Contracting&Engineering; Corporation” - HQC şirkətinin icraçı vitse-prezidenti Janq Laiyonq, “Fluor” şirkətinin vitse-prezidenti və mühəndislik və tikinti üzrə baş regional meneceri Mark van Heyningen çıxış ediblər.

Bildirilib ki, respublikamız üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin Çinin İpək Yolu İqtisadi Kəməri layihəsi çərçivəsində maliyyələşdirilməsi planlaşdırlır. SOCAR GPC Layihəsi Azərbaycanda hasil edilən təbii qaz və qaz-kondensat xammalının emalı, C2+ fraksiyalarının polimerləşməsi, əldə olunan polietilen və propilen məhsullarının Türkiyə, Qərbi Avropa və Çin kimi ölkələrə ixrac edilməsini nəzərdə tutur. Polietilen məhsullarının ixracına 2022-ci ildə başlanılması proqnozlaşdırılır.

Yeni layihə şərçivəsində illik istehsal gücü 10 mlrd. kubmetr olan qaz emalı zavodu və qaz-kimya zavodunun (bu zavodların həmin seqmentlər üzrə dünyadakı ən böyük müəssisələrdən olması nəzərdə tutulur) inşa edilməsi, qaz-kimya zavodunun tərkibində fəaliyyət göstərəcək istehsal gücü ildə 610 min ton olan qazla işləyən piroliz qurğusunun, istehsal gücü ildə 600 min ton olan polietilen qurğusunun, habelə Buten-1 və Hexen-1 qurğularının quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatı və yeni İstilik Enerji Mərkəzinin yaradılması planlaşdırılıb. SOCAR GPC layihəsinin mühəndis-konstruktor və tikinti işlərinin dünyanın aparıcı lisenziarları tərəfindən hazırlanan layihələlər əsasında Azərbaycan şirkətlərinin dəstəyi ilə mühəndislik, satınalma və tikinti layihələri sahəsində geniş təcrübəsi olan HQC şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Müqavilələri SOCAR tərəfdən şirkətin prezidenti R.Abdullayev, qarşı tərəflərdən - “Sinopec” şirkətinin baş menecerinin texniki məsələlər üzrə müavini J.Yinquan, “Univation Technologies” şirkətinin prezidenti S.Stenli, “Axens” şirkətinin satışlar üzrə direktoru F.Lundi, “Technip EMİA” şirkətinin prezidenti M.Villa imzalayıblar.

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Fransanın Azərbaycandakı səfiri Aurelia Bouchez, İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo və Çinin Azərbaycandakı səfiri Honq Jiuyin iştirak ediblər.


28 Sent 2020
İqtisadiyyat

Sentyabrın 28-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 28 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

28 Sent 2020
İqtisadiyyat

Neftin qiyməti düşdü

“Brent” markalı neftin bir bareli 42,11 dollara düşüb.

25 Sent 2020
İqtisadiyyat

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

25 Sent 2020
İqtisadiyyat

Sentyabrın 25-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 25 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.