Şahdağının şimal-şərq yamaclarında yerləşən qədim Quba müstəqilliyimizin 25 ili ərzində böyük inkişaf yolu keçərək müasir şəhərə çevrilib. Respublikamızda gedən dinamik inkişafı bu rayonunun simasında da aydın görmək olur.
Quba sakinləri daim dövlətin, ölkə rəhbərliyinin diqqət və qayğısını hiss ediblər. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonuna 8 dəfə səfər edib. Bu səfərlərin hər biri rayonda əhalinin rifahının daha da yaxşılaşdırılmasına hesablanmış böyük infrastruktur layihələrinin həyata keçirilməsi ilə müşayiət olunub.
Müstəqillik illərində Qubanın bir sıra ucqar yaşayış məntəqələrinə müasir standartlara cavab verən yollar çəkilib. 16 yaşayış məntəqəsini birləşdirən 57 kilometr uzunluğunda Quba-İspik-Xınalıq, 41 yaşayış məntəqəsini birləşdirən 33 kilometr uzunluğunda Günəşli-Qırmızı Qəsəbə, 7 yaşayış məntəqəsini birləşdirən 22 kilometr uzunluğunda Quba-Qəçrəş-Qımılqazma, 7 yaşayış məntəqəsini birləşdirən 23 kilometr uzunluğunda Quba-Küpçal-Küsnət avtomobil yolları yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi isə hazırda davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində “Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi uğurla başa çatdırılıb. Bu layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Quba şəhəri və rayonun Qırmızı qəsəbə, Mirzəməmmədkənd və Timiryazev kəndlərində 46 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşdırılmasına hesablanıb.
Qubada rayon mərkəzi də daxil olmaqla, 56 yaşayış məntəqəsi qazlaşdırılılıb. Hazırda daha 6 yaşayış məntəqəsinə təbii qaz xətti çəkilir.
Müstəqillik illərində Quba rayonunda təhsilin maddi-texniki bazasının daha da yaxşılaşdırması istiqamətində böyük işlər görülüb. Bu illər ərzində 9 min 662 şagird yerlik 56 məktəb binası, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 min 510 şagird yerlik 17 məktəb binası inşa edilib. Bununla yanaşı, 2 min 380 şagird yerlik 8 məktəb binası əsaslı təmir olunub. Hazırda Təhsil Nazirliyi tərəfindən hər biri 180 şagird yerlik iki məktəb binasının inşası davam etdirilir.
Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də keçirilmiş açılış mərasimdə Prezident İlham Əliyev iştirak edib .
Müstəqilliyin 25 ili ərzində rayonda aparılan geniş quruculuq-abadlıq işləri sayəsində qədim Quba müasir şəhərə çevrilib. Buradakı Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, “Bayraq” kompleksi, Qırmızı Qəsəbədəki “Heydər Bağı”, Müalicə-Diaqnostika Mərkəzi, “Şahdağ” modul tipli elektrik stansiyası, Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, rayon Kənd təsərrüfatı idarəsi üçün inzibati binalar, “Yaşıl teatr”, Tarix Diyarşünaslıq Muzeyi, İkinci Nügədi kəndində Azərbaycan Dövlət İqtisad və Bakı Dövlət Universitetlərinin tədris və istirahət korpusları, əlil və şəhid ailələri üçün ümumilikdə 118 mənzilli 4 yaşayış binası, torpaq sürüşməsinə məruz qalmış Güləzi kənd sakinləri üçün 189 yaşayış evi, Şahmat məktəbi, Avtovağzal Kompleksi yeni tikililər siyahısına daxildir.
Hazırda Qubada Gənclər Evinin, məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzinin, Mərkəzi Rayon Xəstəxanasının, “Azərxalça” ASC-nin Quba filialı üçün xalçaçılıq müəssisəsinin tikintisi davam etdirilir.
AZƏRTAC-ın təqdim etdiyi fotoreportajda Qubanın müstəqillik illərində keçdiyi inkişaf yolu və bugünkü mənzərəsi əksini tapıb.
"Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
"Bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir".