Fevralın 7-də Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası keçirilib. Tədbirdə Milli Məclisin deputatları, rayon rəhbərliyi, burada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nərimanov Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl rayon rəhbərliyi və rəsmi qonaqlar icra hakimiyyətinin inzibati binasının foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Çıxış edən rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını bildirib, həmçinin qarşıda duran vəzifələri diqqətə çatdırıb, həmin vəzifələrin həlli ilə bağlı tapşırıq və göstərişlər verdiyini vurğulayıb.
A.Fərzəliyev dövlətimizin başçısının Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini qeyd edib. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra Nərimanov rayonunun sosial-iqtisadi inkişafını əks etdirən slayd-şou nümayiş etdirilib.
Hesabat dövrü ərzində Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq, istismar müddətini keçmiş və sökülmüş 8 yaşayış binasının yerində müasir milli memarlıq üslubunda, orijinal layihə əsasında inşa edilmiş 4 yaşayış binasının, həmçinin Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3A ünvanlarda yeni yaşayış binalarının istismara tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verildiyi bildirilib.
İcra başçısı qeyd edib ki, rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb olunması, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişafı ilə bağlı rayon icra hakimiyyətinin təşəbbüs və təkliflərini nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davamı, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərə başlanılıb. O, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasının planlaşdırıldığını, artıq rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahıya alınaraq, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşası ilə bağlı işlərin davam etdirildiyini deyib.
Eyni zamanda, rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının lahiyələndirilməsi, tikintisi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verildiyi qeyd olunub. Sərəncama əsasən, yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və tikinti şirkətlərinin artıq müəyyənləşdirildiyi, bir sıra ünvanlarda sakinlərlə bağlanmış müqavilələr əsasında onların köçürülməsi və ərazinin boşaldılması işlərinin artıq başa çatdırıldığı və tikinti işlərinə başlanıldığı, digər ünvanlarda isə müqavilələrin bağlanılması və sakinlərin köçürülməsi işlərinin davam etdirildiyi vurğulanıb. Bu layihələrin iş adamları tərəfindən həyata keçirilməsi nəticəsində orada yaşayan sakinlərin əvvəlki mənzillərinin sahəsindən 20-30 faiz artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacağı, tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqının ödəniləcəyi və hazırda digər ünvanlarda da həmin işlərin davam etdirilməsi məqsədilə tikinti şirkətlərinin rəhbərləri ilə mütəmadi olaraq görüşlərin keçirildiyi diqqətə çatdırılıb.
Həmçinin qeyd olunub ki, dövlətimizin başçısının xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti üzrə müvafiq fərmanlarına uyğun olaraq, habelə Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyası Həştərxan vilayətinin Hökuməti arasında əməkdaşlıq haqqında Niyyət Protokolu çərçivəsində Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli məktəbin qarşısında çoxfunksiyalı Azərbaycan Mədəni-Ticarət Mərkəzinin inşası planlaşdırılır. Bu layihənin reallaşması respublikamızda istehsal olunan məhsulların Həştərxanda sərgisinin və satışının təşkili üçün geniş imkanlar açacaq.
Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpası nəticəsində 5273-ü daimi olmaqla 6068 iş yerinin yaradıldığı qeyd edilib. Yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara kömək göstərildiyi bildirilib.
Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 2405 nəfər vətəndaşın iştirakı ilə keçirilmiş 27 səyyar görüş və qəbul zamanı 259 nəfərin müraciətinin həllini tapdığı, həmçinin “Qaynar xətt-1643” xidmətinə daxil olmuş 650 müraciətdən 490-nın tam həll olunduğu, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatların verildiyi diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, rayon prokuroru Vüqar Əliyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev və iş adamı “Pilot inşaat” MMC-nin təsisçisi Rövşən Ağayev ölkəmizdə geniş vüsət alan abadlıq-quruculuq işləri barədə fikirlərini bildirib, əhalinin rifah halının yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Vurğulanıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda yüksək sosial-iqtisadi inkişafa nail olunub, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlardan sonra ölkəmiz yeni inkişaf dövrünə qədəm qoyacaq və hesabat dövründə görülən işlər bundan sonra da uğurla davam etdiriləcək.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətlərdə 2016-cı ildə görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.
Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi son dörd ildə həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 632 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olub.
Yaxın zamanda Laçın şəhərində elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır.
Ağdərə şəhərində 190 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.