Neft və qaz sahəsində təhsil üzrə Rusiya-Azərbaycan əməkdaşlığından danışılıb

Neft və qaz sahəsində təhsil üzrə Rusiya-Azərbaycan əməkdaşlığından danışılıb
08 2017 15:55

İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində “Neft-qaz sahəsində təhsil, elm və sənaye üzrə Rusiya-Azərbaycan əməkdaşlığının ənənələri. Tarix və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Böyük sovet dövlət xadimi, əslən bakılı Nikolay Baybakovun ad gününə həsr edilmiş konfransın təşkilatçıları Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) və İ.M.Qubkin adına Neft və Qaz Universitetidir.

Elmi konfransda ÜAK-ın üzvləri, Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nümayəndələri, Rusiya ilə Azərbaycanın görkəmli alimləri, ictimai və siyasi xadimləri, Moskva ali məktəblərinin tələbələri iştirak ediblər.

Tədbirdə Rusiya Dövlət Duması, Moskva Hökuməti, Rusiya Elmlər Akademiyası (REA), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) və Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqı (RNQSİ) adından konfrans iştirakçılarına təbrik məktubları oxunub.

Əvvəlcə “Neft sənayesinin böyük adları” videomaterialı nümayiş etdirilib.

İ.M.Qubkin adına Neft və Qaz Universitetinin rektoru, professor Viktor Martınov bildirib ki, Bakı neft və qaz sənayesinin tarixi vətənidir. İlk quyular, ilk boru kəməri, ilk neft anbarları – bütün bunlar məhz Bakıda olub. Belə güclü başlanğıc neft-qaz sənayesinin inkişafının möhkəm təməlini qoyub. V.Martınov Rusiya ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlığın uğurlu olduğunu qeyd edib.

ÜAK-ın prezidenti, professor Fazil Qurbanov konfrans iştirakçılarına təbrik sözü ilə müraciət edərək, tədbirin işinə maraq göstərdiklərinə və burada iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib. O, elm-təhsil sahəsinin Rusiya ilə Azərbaycanı birləşdirən başlıca körpü olduğunu diqqətə çatdıraraq deyib: “Rusiya ilə Azərbaycanın elm və maarif sahəsində əməkdaşlığının çoxəsrlik tarixi var. Rus mədəni birliyinin təsiri sayəsində artıq XIX əsrdə Azərbaycanda dramaturgiya, teatr və opera sənəti, klassik musiqi intensiv inkişaf etməyə başlayıb. Bir faktı qeyd etmək istəyirəm: Rusiya İmperiyası dağılandan sonra müxtəlif dövlətlər yaranıb. 1918-ci ildə xəritədə müsəlman Şərqində ilk demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu dövlətin əksəriyyəti Qərb təhsili almış qurucuları 1919-cu ildə Bakı Universitetini yaradanda Rusiyadan alimlər dəvət ediblər”.

Professor F.Qurbanovun sözlərinə görə, sovet hakimiyyətinin ilk illərində elm və təhsilə, demək olar, bütün istiqamətlərdə güclü dəstək göstərilməsi savadsızlığı çox qısa müddətdə ləğv etməyə, bir çox ixtisaslar üzrə milli kadrlar hazırlamağa imkan verdi. O deyib: “Böyük işlər görüldü. Nəticədə Azərbaycanın milli kadrlarla zənginləşdirilmiş təhsil mərkəzləri ayrı-ayrı istiqamətlərdə bütün Sovet İttifaqı üçün kadrların ocağına çevrildi”.

RNQSİ-nin prezidenti Gennadi Şmal “Neft sənayesinin inkişaf mərhələləri. N.K.Baybakovun dövrü” mövzusunda məruzə ilə çıxış edib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycan alimlərinin Rusiya elminə töhfəsindən danışıb.

Konfrans iştirakçıları REA-nın Neft və Qaz Problemləri İnstitutunun elmi rəhbəri, akademik Anatoli Dmitriyevskinin “Dünya neft sənayesinin inkişafında Rusiya ilə Azərbaycan elmi birliyinin rolu”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının “Dünyanın neft kadrları ocağı”, İ.M.Qubkin adına Universitetin kafedra müdiri, professor Vaqif Kərimovun “Neft-qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları” mövzularında məruzələrini dinləyiblər.

Konfrans çərçivəsində ÜAK-ın prezidenti, professor Fazil Qurbanovun və İ.M.Qubkin adına Neft və Qaz Universitetinin rektoru Viktor Martınovun Rusiya Təbiət Elmləri Akademiyasının “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı” ilə mükafatlandırılması mərasimi keçirilib. Medalları RTEA-nın vitse-prezidenti Əzizağa Şahverdiyev təqdim edib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev ÜAK-ın prezidenti Fazil Qurbanova “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi” yubiley medalını təqdim edib.

Tədbirdə İ.M.Qubkin adına Neft və Qaz Universitetinin tələbələrinin, konfrans iştirakçılarının məruzələri dinlənilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.