Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
29 2017 13:58

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, müasir dövrdə kütləvi informasiya vasitələri geniş imkanlara malikdir. Cəmiyyətin hər bir üzvü kütləvi informasiya vasitələrində yayımlanan materiallardan istifadə edir. Buna görə də teleradio və qəzetlərdə ölkəmizin maraqlarına xidmət edən materiallar hazırlanmalı, jurnalistlər internetin imkanlarından yararlanaraq geniş təbliğat işi aparmalıdırlar. Bu gün Naxçıvan Muxtar Respublikasında teleradio və qəzetlərin fəaliyyəti, jurnalist kadrların hazırlanması sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, Naxçıvanda informasiya blokadası yarılıb. Hazırda muxtar respublikanın kütləvi informasiya vasitələrində 400-ə yaxın əməkdaş çalışır. Ötən dövrdə teleradio və qəzet əməkdaşları muxtar respublika həyatını işıqlandırmağa çalışıb, tamaşaçı və oxuculara dəqiq və obyektiv informasiyalar çatdırıblar.

Ali Məclisin Sədri Naxçıvanın bugünkü həyatını obyektiv işıqlandıraraq öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirən kütləvi informasiya vasitələrinin əməkdaşlarına təşəkkürünü bildirib.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək deyib ki, son illər Naxçıvan televiziyası və radiosunun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, Naxçıvan televiziyası 2015-ci ildən yüksək keyfiyyətlə – HD formatda yayımlanmağa başlayıb. 2014-2016-cı illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kadr hazırlığı, maddi-texniki bazanın möhkəmləndirilməsi və yaradıcılıq məsələləri sahəsində mühüm tədbirlər həyata keçirilib. Son 3 ildə 50-dən artıq kadr, o cümlədən Naxçıvan Dövlət Universitetinin dövlət televiziyasına hamiliyə verilmiş jurnalistika ixtisasını bitirən 17 gənc jurnalist sınaq müddəti dövründə hazırlanaraq Naxçıvan teleradiosunda işə götürülüb. “İctimai-siyasi məsələlər”, “Uşaq Gənclər və İdman”, “Səhər verilişləri”, “Xəbərlər” redaksiyaları üçün yeni çəkiliş pavilyonları yaradılıb, müasir virtual studiya qurulub. 2015-ci il iyulun 1-dən televiziyanın, 2016-cı il iyunun 15-dən isə radionun efir vaxtı 1 saat artırılaraq 17 saata çatdırılıb. Naxçıvan Dövlət Televiziyasında 85 tənqidi material hazırlanaraq yayımlanıb. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi üçün yeni internet saytının yaradılması və teleradio verilişlərinin internet üzərindən yayımının təşkili muxtar respublikanın informasiya blokadasının yarılmasında müstəsna əhəmiyyət kəsb edib. İstifadəyə veriləndən ötən dövrdə naxcivantv.az saytına dünyanın 81 ölkəsindən 1 milyondan çox müraciət olub. Sahil Tahirli göstərilən yüksək diqqət və qayğıya görə kollektiv adından minnətdarlıq edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov deyib ki, Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinə göstərilən diqqət və qayğıdan qəzet redaksiyalarına da xeyli pay düşüb. 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilib. Son illər “Şərq qapısı” qəzeti redaksiyası əməkdaşlarının əməkhaqları dəfələrlə artırılıb, qəzetin yubileyləri qeyd olunub, redaksiya yeni xidməti avtomobillərlə, müasir kompüter və səsyazma avadanlıqları ilə təmin edilib. Əldə olunan nailiyyətlərdən biri də qəzetin internet saytının yaradılmasıdır. Ötən dövrdə “Şərq qapısı”nın internet saytına 800 mindən çox baxış olub. Kollektiv muxtar respublikanın sosial-iqtisadi inkişafının, tariximizin, mədəniyyətimizin, milli dəyərlərimizin təbliğini əsas istiqamət kimi götürüb, gənc nəslə vətənpərvərlik hissi aşılayan yazıların hazırlanmasına diqqəti artırıb. Təkcə ötən il qəzet səhifələrində tariximizdən, milli dəyərlərimizdən, xalq yaradıcılığından, milli qəhrəmanlarımızdan, gənclərin vətənpərvərlik tərbiyəsindən bəhs edən 250 yazı dərc edilib. Muxtar respublikada aparılan quruculuq işlərinin, Naxçıvanın inkişafının oxuculara daha yaradıcı formada çatdırılması məqsədilə “Naxçıvan: dünən və bu gün” adlı rubrikada yazılar hazırlanır. Son 5 ildə “Şərq qapısı” qəzetində 100-dən çox tənqidi yazı dərc olunub. Tural Səfərov işdə yol verilən nöqsanlardan da danışıb, qarşıya qoyulan vəzifələrin icrasında səylərini artıracaqlarını bildirib.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 20 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası yaradılıb. Lazımi iş şəraitinin yaradılması, müasir texniki avadanlıqların istifadəyə verilməsi səmərəli fəaliyyət üçün şuranın imkanlarını xeyli artırıb. Qarşıya qoyulan tapşırıqlara uyğun olaraq, şura ötən 10 il ərzində fəaliyyəti üçün zəruri olan bütün hüquqi təminatların işlənilməsinə və onların icrasına nail olub, muxtar respublika ərazisindəki teleradioları reyestrdən keçirib, onlara teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) verib. Şura həm texniki, həm də yaradıcılıq baxımından efirdə keyfiyyətin yüksəldilməsi üçün teleradioların müxtəlif tematik istiqamətlər üzrə müntəzəm monitorinqini aparır. Əsas diqqət teleradiolarda yol verilən nöqsanların tezliklə aradan qaldırılmasına və monitorinqlərin nəticəli olmasına yönəldilib. Aparılan monitorinqlər göstərib ki, verilən tapşırıqlara teleradiolarda bəzən əməl edilmir. Şuranın kollektivi bundan sonra da teleradioların fəaliyyətini diqqətdə saxlayacaq, tamaşaçı və dinləyici tələbinin ödənilməsinə çalışacaqlar.

Müşavirədə çıxış edən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı Rəsul Bağırov deyib ki, Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında ali təhsilli jurnalist kadrların hazırlanması xüsusi yer tutur. Hazırda muxtar respublikada jurnalistika sahəsi üzrə kadr hazırlığı Naxçıvan Dövlət Universitetində həyata keçirilir. 2001-ci ildən universitetdə jurnalistika ixtisası fəaliyyətə başlayıb, 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrası yaradılıb, 2005-ci ildən etibarən Mətbuat tarixi və Radiotelejurnalistika ixtisasları üzrə magistr hazırlığına başlanıb. Ötən dövrdə jurnalistika ixtisasını 163 tələbə bitirib. Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisası tələbələrinin peşəkar səviyyədə hazırlanması diqqətdə saxlanıb, 2011-ci ildə ali təhsil ocağının Media Mərkəzi fəaliyyətə başlayıb. Hazırda universitetin “Qeyrət” nəşriyyatı, “Yeni fikir” qəzeti və “Elmi əsərlər” jurnalı çap olunur. 2006-cı ildə tədrisyönümlü “Universitet” televiziyası və 2011-ci ildə “Nuhçıxan” radiosu fəaliyyətə başlayıb. Bütün bunlara baxmayaraq jurnalist kadrların hazırlanmasında nöqsanlara da yol verilir. Tələbə jurnalistlər Media Mərkəzinin, xüsusilə “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun imkanlarından düzgün istifadə etmirlər. Onlarda ilkin peşə vərdişlərinin formalaşdırılması işi də zəif təşkil olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Ümummilli liderimiz Heydər Əliyev və ölkə Prezidenti daim mətbuatı qayğı ilə əhatə etmiş, qəzetlərin və teleradioların maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində tədbirlər görmüş, cəmiyyətin inkişafında mətbuatın roluna mühüm əhəmiyyət vermişlər. Bu gün Naxçıvan Muxtar Respublikasında iki televiziya, iki radio, İP və kabel televiziyaları, muxtar respublika əhəmiyyətli qəzet və jurnallarla yanaşı şəhər və rayon qəzetləri, elm və ali təhsil müəssisələrinin qəzet və jurnalları da nəşr olunur. Kütləvi informasiya orqanlarında çalışan jurnalistlərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Dövlət Televiziyası və Radiosunda, “Kanal 35” televiziyasında və “Naxçıvanın səsi” radiosunda, “Şərq qapısı”, şəhər və rayon qəzetlərində maddi-texniki baza gücləndirilmiş, “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində yeni çap avadanlıqları quraşdırılaraq nəşriyyat işinin keyfiyyəti yaxşılaşdırılmışdır”.

Qeyd olunub ki, bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələrinin fəaliyyətini daha da təkmilləşdirməkdən, tamaşaçı, dinləyici və oxucuların informasiyaya olan tələbatını ödəməkdən ibarətdir. Ona görə də yaradılmış şəraitdən səmərəli istifadə olunmalı, efir və mətbuat səhifəsinə çıxarılan materialların keyfiyyəti yüksəldilməlidir. İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək kütləvi informasiya orqanlarının qarşısında duran əsas vəzifələrdir. Muxtar respublikanın teleradioları və qəzetləri öz fəaliyyətlərini bu tələblərə uyğun qurmalı, jurnalistlər tarixi-mədəni irsimizin, milli dəyərlərimizin təbliğatçısı olmalı, maarifçilik işi gücləndirilməlidir. Muxtar respublikanın qədim tarixi və abidələri, mədəniyyəti, xalq yaradıcılığı, görkəmli şəxsiyyətləri ilə bağlı televiziya filmləri, qəzet materialları hazırlanmalı və eyni zamanda, mətbuat vətəndaş cəmiyyəti quruculuğunda da fəal iştirak etməlidir.

Ali Məclisin Sədri deyib: “Kütləvi informasiya vasitələri qəbul olunmuş dövlət proqramlarının icrasını diqqətdə saxlamalı, qəzetlərdə və teleradiolarda müvafiq materiallar hazırlanmalıdır. Gənc nəslin vətənpərvərlik tərbiyəsində də kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələr düşür. Teleradiolarda və qəzetlərdə vətənpərvərlik mövzusunda materialların hazırlanması davam etdirilməlidir. Teleradio və qəzetlər həm də ictimai nəzarət funksiyasını həyata keçirən orqanlardır. Hər bir jurnalist ictimai nəzarətçi kimi öz fəaliyyəti ilə cəmiyyətin inkişafına töhfələr verməli, jurnalist araşdırmaları aparılmalıdır. Hər hansı bir sahə üzrə araşdırma aparılarkən, ilk növbədə, mütəxəssis rəyləri nəzərə alınmalı, hazırlanan materiallar ümumi işə kömək məqsədi daşımalıdır”.

“Peşəkar kadrlar olmadan hər hansı bir sahədə işi düzgün təşkil etmək mümkün deyil. Kütləvi informasiya vasitələrində təqdim olunan materiallar da o zaman cəmiyyətin tələbini ödəyir, oxucu və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır ki, o, peşəkarlıqla hazırlansın”, - deyən Ali Məclisin Sədri bildirib ki, bu səbəbdən də muxtar respublikanın kütləvi informasiya vasitələri kadr hazırlığını daim diqqətdə saxlamalı, istedadlı gənclər seçilərək işə götürülməli, teleradio və qəzet əməkdaşları üçün təkmilləşdirmə kursları və ustad dərsləri davam etdirilməlidir. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və “Şərq qapısı” qəzeti hamiliyə verilən ixtisaslar üzrə kadr hazırlığına ciddi diqqət yetirməli, Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alan tələbələrlə teleradioların və qəzet redaksiyalarının əlaqələri gücləndirilməlidir. Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisası üzrə kadr hazırlığının səviyyəsi artırılmalıdır. “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun fəaliyyəti davamlı olmalı, yaradıcı tələbə-gənclər Media Mərkəzinə cəlb edilməli, onlarda ilkin peşə vərdişləri formalaşdırılmalıdır.

Ali Məclisin Sədri deyib: “Müasir dünyada insanlar informasiyanı daha çox internet üzərindən əldə edirlər. Bu amil nəzərə alınaraq Naxçıvan Dövlət Televiziyasının və “Şərq qapısı” qəzetinin internet saytları yaradılmış, televiziyanın internet üzərindən canlı yayımı təmin olunmuşdur. Ona görə də kollektivlər peşəkarlığı artırmalı, materiallar hazırlanarkən mötəbər mənbələrə, xüsusilə muxtar respublikada nəşr olunan kitablara istinad olunmalı, ədəbi dil normaları qorunmalı, sözdən yerində və məqamında istifadə olunmalı, fikir tamaşaçı və oxuculara dolğun çatdırılmalıdır. Bu gün insanların daha çox müraciət etdiyi informasiya mənbələrindən biri də sosial şəbəkələrdir. Jurnalistlər bu amili əsas tutaraq sosial şəbəkələrdə fəal olmalı, muxtar respublikanın zəngin tarixi-mədəni irsi və müasir inkişafı ilə bağlı video və fotomateriallar hazırlanaraq bundan sonra da sosial şəbəkələrdə yerləşdirilməlidir.

Muxtar respublikada mənəvi dəyərlərimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dini-mədəni abidələr qorunur və bərpa olunur. Görülən işlərin nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Kütləvi informasiya vasitələrində muxtar respublika ərazisindəki türk-islam mədəniyyəti abidələri, məscid və ziyarətgahlar haqqında televiziya filmləri çəkilməli, din, cəmiyyət və ailə dəyərlərinin tənzimlənməsi sahəsində görülən işlər geniş təbliğ olunmalıdır. Muxtar respublikada həyata keçirilən quruculuq işlərinin və mövcud sosial-iqtisadi inkişafın kütləvi informasiya vasitələrində işıqlandırılması vacib məsələdir. Bu işdə jurnalistlərlə yanaşı, muxtar respublikanın icra hakimiyyəti orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Ona görə də icra orqanlarının mətbuat xidmətləri ilə kütləvi informasiya vasitələri arasında əlaqələr gücləndirilməli, birgə layihələr hazırlanmalıdır”.

Diqqətə çatdırılıb ki, sabitlik, sosial-iqtisadi inkişaf, tarixi-mədəni irs və zəngin təbiət Naxçıvanda turizmin inkişafı üçün geniş imkanlar açır. Bu sahənin inkişafında aid dövlət qurumları ilə yanaşı, kütləvi informasiya vasitələrinin də üzərinə mühüm vəzifələr düşür. Teleradio və qəzetlər Naxçıvanın zəngin turizm potensialının təbliği sahəsində fəaliyyəti daha da genişləndirməli, turizm obyektləri ilə bağlı tematik materiallar, fotoreportajlar, teleradio verilişləri hazırlanaraq internet saytlarında yerləşdirilməli, sosial şəbəkələrdə geniş yayılmalıdır. Naxçıvan Dövlət Televiziyası və Radiosu üçün yaradılan müasir iş şəraiti fəaliyyəti daha da gücləndirməyə imkan verir. Bu ilin aprel ayının 1-nə qədər televiziyanın və radionun ümumi efir vaxtı artırılaraq 18 saata çatdırılmalı, bununla yanaşı verilişlərin keyfiyyətli olması təmin edilməlidir. Naxçıvan Dövlət Televiziyasının muxtar respublikanın rayonları ilə əlaqəsinin gücləndirilməsi məqsədi ilə müxbir postları yaradılıb, əlavə ştatlar verilib. Cari ilin fevral ayında müxbir postlarının rayonlardakı fəaliyyəti təmin olunmalı, rayon icra hakimiyyətləri ərazidəki müxbir postları üçün lazımi iş şəraiti yaratmalı, Rabitə və Yeni Texnologiyalar Nazirliyi müxbir postlarının sürətli internetə çıxışını təmin etməlidir.

Ali Məclisin Sədri deyib: “Şərq qapısı” qəzetinin də muxtar respublikanın rayonları ilə əlaqəsi zəifdir. Qəzet rayon qəzetlərinin redaktorları ilə əməkdaşlıq etməli, “Şərq qapısı”nın hər nömrəsində bir rayonun sosial-iqtisadi inkişafı, tarixi və mədəni həyatı ilə bağlı materiallar verilməlidir. Naxçıvan Muxtar Respublikasında tədris və maarifçilik televiziyası kimi nəzərdə tutulan “Kanal-35” televiziyasında və “Naxçıvanın səsi” radiosunda hazırlanan verilişlər tələblərə cavab vermir. Kollektiv işə ciddi yanaşmalı, veriliş və proqramların keyfiyyəti yüksəldilməlidir. Şəhər və rayon qəzetlərinin sosial-iqtisadi həyatdan uzaq düşmələri ciddi narahatlıq doğurur. Qəzetlərdə yaradıcılıq işi zəifdir. Mövzu seçimində nöqsanlara yol verilir. Peşəkarlıq olmadığı üçün oxucu tələbi də nəzərə alınmır. Şəhər və rayon icra hakimiyyətləri təsisçisi olduqları mətbu orqanların yaradıcılıq fəaliyyəti ilə məşğul olmalı və köməklik göstərməli, gənc kadrlar işə cəlb olunmalı, mövcud problemlər aradan qaldırılmalıdır”.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası və Naxçıvan Mətbuat Şurası səlahiyyətləri çərçivəsində onlara həvalə olunmuş vəzifələri yerinə yetirməlidirlər. Monitorinqlərin keçirilməsi davam etdirilməli, işdə ciddi dönüş yaradılmalıdır. Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası muxtar respublikada yayımlanan digər telekanalların da fəaliyyətini izləməli, təhlillər apararaq aidiyyəti üzrə məlumat verməlidir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin kollektivi çap məhsullarının keyfiyyətini artırmalı, nəşr siyasəti müasir tələblərə uyğunlaşdırılmalıdır. Nəşriyyatda mütəxəssis hazırlığı da diqqətdə saxlanmalı, əməkdaşlar üçün kurslar təşkil olunmalıdır. Kütləvi informasiya vasitələrində nizam-intizama ciddi diqqət yetirilməli, teleradiolar və qəzetlər arasında yaradıcılıq əlaqələri qurulmalı, kollektiv fəaliyyət təmin olunmalıdır.

Ali Məclisin Sədri qarşıya qoyulmuş vəzifələrin icrasında muxtar respublikanın kütləvi informasiya vasitələrinin işçilərinə uğurlar arzulayıb, çıxışını ümummilli liderimiz Heydər Əliyevin fikirləri ilə tamamlayıb: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir”.

Müşavirədə qarşıya qoyulan vəzifələrin icrasına nəzarət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatına tapşırılıb.


16 Apr 2024
Siyasət

Prezident: “Həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var”

“Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır”.

16 Apr 2024
Siyasət

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

16 Apr 2024
Siyasət

Azərbaycanda Ümumi Daxili Məhsulun dinamikasında müsbət meyillər davam edir - FOTO

Azərbaycanda Ümumi Daxili Məhsulun dinamikasında müsbət meyillər davam edir.

16 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

16 Apr 2024
Siyasət

Serbiya baş nazirinin birinci müavini: “Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm veririk” - FOTO

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb.