IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin Astara mərhələsi başa çatıb

IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin Astara mərhələsi başa çatıb
10 2017 09:05

Aprelin 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Astara mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Astaranın “Xəzərdən başlayan su səyahəti”nə daxil edilməsi heç də təsadüfi deyil. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın cənub qapısı” adlandırdığı Astara rayonu Lənkəran ovalığında yerləşir. Təbiət Astaradan öz gözəlliyini, nemətlərini əsirgəməyib, bərəkət boğça sını bütünlüklə onun üzünə açıb.

Xəzər dənizinə açılan rayonun şərq hissəsində qara qumlu çimərliklər, qərbində yerləşən meşələr, bulaqlar və nəhayət onun subtropik iqlimi Astaranı bütün il boyu cəlbedici istirahət məkanına çevirib.

Astaranın Ərçivan qəsəbəsində, Bakı-Astara magistral yolunun yaxınlığında yerləşən "Yanar bulaq" qeyri-adiliyi ilə diqqəti cəlb edir.

“Yanar bulaq” iki elementi - od və suyu özündə birləşdirir. Bulaqdan qaynayan qeyri-adi suyun tərkibində yüksək həcmdə metan var. Bu səbəbdən odu ona yaxınlaşdırdıqda sudan ayrılan qaz məşəl kimi alovlanır. Yerli sakinlər söyləyirlər ki, suyun müalicəvi keyfiyyəti var və buna görə uzaq yerlərdən insanlar bu suyu içməyə gəlirlər.

Astara rayonunun turizm marşrutuna daxil edilən və yerli əhəmiyyətli tarixi abidə kimi qorunan "Yanar bulağ"a təkcə yerli əhali deyil, xarici qonaqlar və turistlər də böyük maraq göstərirlər.

Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahətinə Astarada “Yanar bulaq”dan start verilib.

Sərbəst güləş üzrə dünya və Avropa çempionatının bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar Məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Mirrahil Ağayev “Yanar bulaq”da Azərbaycanın dəmirçilik ənənəsindən, İslam dünyasında ənənəvi qab dizaynına uyğun döyülmüş misdən hazırlanmış “Bakı-2017”nin gözəl qablarını su ilə doldurub Astara şəhərindəki park-bulvar kompleksində keçiriləcək “su festivalı”na yola düşüblər.

X X X

Həmin gün Astara Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Astara şəhər ərazi icra nümayəndəsi Şahverən Cavadov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Asif Quliyev və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin daxili əlaqələr üzrə meneceri, layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək gənc idmançılara qələbə sevinci arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

 

X X X

Aprelin 9-da, axşam saatlarında Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində “su festivalı” keçirilib.

Əvvəlcə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı qeyd edib ki, bu il mayın 12-dən 22-dək Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Mötəbər idman tədbirində 57 ölkəni təmsil edən 4 minə yaxın idmançı 20 idman növündə mübarizə aparacaq. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki İslam dinində suya böyük önəm verilir. Eyni zamanda, möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nə Bakıda start verilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzərdən götürülmüş suyu özləri ilə aparmaq üçün ölkəmizin müxtəlif guşələrindən gəlmiş uşaqlara təqdim edib. Su səyahəti zamanı 3 min kilometrdən çox məsafə qət ediləcək və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə yekunlaşacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə idmançıları salamlayacaqlar.

Festivalda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanmasından və bu səyahətin Astara mərhələsindən bəhs edən videoçarxlar nümayiş etdirilib, Xəzər dənizindən götürülmüş suyun Astara şəhərinədək keçdiyi səyahət yoluna nəzər salınıb.

Sonra su səhəngini daşıyan astaralı idmançılar - sərbəst güləş üzrə dünya və Avropa çempionatının bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar Məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Mirrahil Ağayev alqış sədaları altında səhnəyə dəvət olunublar.

Tədbirdə, həmçinin aprelin 5-də Prezident İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Astara sakinlərinə təhvil verməsi görüntüləri də nümayiş etdirilib.

Mərasim iştirakçıları “Mirvari” rəqs qrupunun, “Əvəsor” folklor kollektivinin və Rövşən Cabbarovun ifalarından zövq alıblar.

“Su festivalı” möhtəşəm lazer şousu və atəşfəşanlıqla başa çatıb.

“Xəzərdən başlayan su səyahəti”nin növbəti dayanacağı Şirvan şəhəri olacaq.


2 Dek 2024
Cəmiyyət

Məcnun Məmmədov Xaçmazda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xaçmaz şəhərində Xaçmaz, Ağdaş, Beyləqan, Füzuli, Quba, Sabirabad, Şəki, Tovuz və digər rayonlardan, eləcə də Bakı şəhərindən olan vətəndaşları qəbul edib.

2 Dek 2024
Cəmiyyət

İçərişəhərdə yerləşən bu mənzillər təmir olunacaq

İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.

2 Dek 2024
Cəmiyyət

Bakıda "Kənddən şəhərə" Yeni il yarmarkası keçiriləcək

Dekabrın 21-30-da Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə Bakıda "Kənddən Şəhərə" Yeni il yarmarkası keçiriləcək.

2 Dek 2024
Cəmiyyət

Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib

Bakı metropolitenində stansiya və tunellərin güclü ventilyatorlarının qış iş rejimi tələblərinə uyğun tənzimlənməsinə başlanılıb.

2 Dek 2024
Cəmiyyət

Cəbrayıla köçən 34 ailəyə mənzillərinin açarları təqdim olundu

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib.