Göygöl: tarixi keçmişini müasir inkişafı ilə qoruyan şəhər

Göygöl: tarixi keçmişini müasir inkişafı ilə qoruyan şəhər
03 2017 17:30

Tarixi və coğrafi arayış: 1819-ci il aprelin 22-də alman kolonistləri adı Helenendorf olan indiki Göygöl şəhərinin əsasını qoyublar. 1930-cu ildə Göygöl rayonu yaradılıb. 1930-1938-ci illərdə rayonun adı Nərimanov, 2008-ci ilə qədər isə Xanlar olub. 2008-ci il aprelin 25-də Milli Məclis rayonun Göygöl adlandırılması barədə qərar qəbul edib.

Göygöl Azərbaycanın qərbində, dağətəyi ərazidə, Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşir. Göygöl rayonunun tərkibinə bir şəhər, 6 qəsəbə, 38 kənd daxildir. Rayonun ən yüksək zirvəsi Murovdağ silsiləsində 3 min 724 metr hündürlüyə malik Gamışdağdır. Rayon ərazisində 15 min 802 hektar meşə sahəsi və Kəpəz dağı olmaqla Göygöl, Maralgöl, Qaragöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Aynagöl, Şamlıqgöl, eləcə də digər xırda göllər var. Quşqara, Gəncə və Kürək çayları Göygöl rayonunun ərazisindən keçir. Əhalisinin ümumi sayı 60 min 890 nəfərdir.

Maraqlı keçmişə, unikal təbii imkanlara malik Göygöl rayonu turizmin inkişafı baxımından ölkənin ən böyük potensiala malik bölgələrindən biridir.

Azərbaycanın dövlət müstəqilliyinin 25 ilini həm də bölgələrin inkişafının hesabatı adlandırmaq olar. Ötən illər ərzində ölkəmizin bütün bölgələrində olduğu kimi, Göygöl rayonunda da sosial-iqtisadi yüksəlişə və böyük dəyişikliklərə nail olunub.

2008-ci, 2009-cu və 2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Göygöl rayonuna səfərləri, eləcə də ölkə başçısı tərəfindən verilən tapşırıq və tövsiyələr bu bölgənin inkişafında tamamilə yeni bir səhifə açıb. Hazırda respublikamızın digər rayonları kimi Göygöl də özünün yeni inkişaf dövrünü yaşayır.

Müstəqillik illərində Göygöl rayonunda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətdə 2015-ci ildə 3,1 dəfə, sənaye məhsulu 1,7 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 2,6 dəfə və əsas kapitala yönəldilən vəsait 12 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 12 dəfə artıb.

Müstəqillik illərində sahibkarlığın inkişafı və işsizliyin aradan qaldırılması, eləcə də insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə böyük işlər görülüb. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 800 sahibkara 15,3 milyon manat güzəştli kredit, kənd təsərrüfatı istehsalçılarına isə ümumilikdə 7,2 milyon manat subsidiya verilib. Sahibkarlara və kənd təsərrüfatı istehsalçılarına yaradılan münbit şəraitin nəticəsi olaraq 2003-2015-ci illər ərzində 6 min 962-i daimi olmaqla 10 min 321 yeni iş yeri açılıb. Həmçinin 2016-cı il ərzində 1043-ü daimi olmaqla 1172 yeni iş yeri yaradılıb.

Azərbaycanın dövlət müstəqilliyindən ötən 25 ili həm də Göygöl rayonu üçün geniş tikinti-quruculuq və abadlıq illəri kimi xarakterizə etmək olar. Bu illər ərzində rayonun füsunkar hissəsində, Gəncə çayının sahilində orijinal memarlıq layihəsi əsasında Heydər Əliyev Mərkəzi inşa edilib, Ümummilli Liderin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulub, mərkəzin önündə Ulu Öndərin abidəsi ucaldılıb.

Gənc nəslin sağlam böyüməsi, eləcə də uşaqların, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi üçün Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi tikilib istifadəyə verilib.

Eləcə də Bayraq Meydanı və Muzeyi, rayon Mədəniyyət Evi, Folklor evləri, Yay Kinoteatrı, Uşaq Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzləri, Uşaq Əyləncə Mərkəzi, Yeni Zod və Çaykənd kəndlərində Şəhidlərin Xatirə Abidəsi və Parkı, Böyük Vətən müharibəsində həlak olanların Xatirə Kompleksi, klub və kitabxanalar inşa edilib, yaxud yenidən qurulub.

Rayonda son 10 ildə 5004 şagird üçün 22 məktəb binası tikilib. Həmin məktəblərdən ikisi Heydər Əliyev Fondu tərəfindən inşa edilib. 350 şagird yerlik məktəb binası əsaslı təmir olunub, 4 məktəb üçün əlavə sinif otağı yaradılıb. Göygöl şəhərində 4 saylı “Sevinc” uşaq bağçası, Xaqani və Qızılca kənd uşaq bağçaları əsaslı təmir edilib.

Rayonda tibbi xidmətin yüksəldilməsi məqsədilə 151 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası tikilib. Səhiyyə müəssisəsində fəaliyyət göstərən şöbə və laboratoriyalarda isə müasir tibbin ən son nailiyyətlərinə əsaslanan avadanlıqlar və cihazlar quraşdırılıb. Göygöl şəhərində, həmçinin rayonun bir sıra qəsəbə və kəndlərində yeni səhiyyə müəssisələri, tibb məntəqələri fəaliyyətə başlayıb.

Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı uğrunda şəhid olan insanların ailələri və Qarabağ əlilləri üçün 52 mənzilli 2 yaşayış binası istifadəyə verilib. Rayonda torpaq sürüşməsi zamanı dəymiş ziyanın aradan qaldırılması məqsədilə 42 yaşayış evi tikilərək sakinlərə paylanılıb.

Müstəqillik illərində vaxtilə dünyaya səs salan, çoxsaylı beynəlxalq sərgilərin qızıl medalını və əsas mükafatını qazanan Göygöl şərablarının əvvəlki şöhrətini qaytarmaq məqsədilə Göygöl şərab zavodu tam yeni texnologiya əsasında yenidən qurularaq işə salınıb.

Göygöl şərab zavodu nəzdində spirt istehsalı müəssisəsi yaradılıb. Aqrolizinq yolu ilə “Göygöl Beton” MMC-nin nəzdində tutumu 3 min 940 kubmetr olan soyuducu kamera tikilib.

Rayonda yerləşən Süni Mayalanma Mərkəzinin maddi texniki bazasını möhkəmləndirmək üçün müasir tələblərə cavab verən 40 başlıq yeni kompleksin tikintisinə başlanılıb.

Ötən dövrlərdə Göygöl rayonunun həm də yol infrastrukturu, kommunikasiya xətləri yenidən qurulub, kommunal problemlər uğurlu həllini tapıb.

Rayonda ümumi uzunluğu 15,1 kilometr olan Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu kəndlərarası avtomobil yolu salınıb.

Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Qızılqaya qəsəbəsinə, Çaykənd kəndinə, Sosial İnkişaf Fondu tərəfindən məcburi köçkünlərin yaşadığı Aşıqlı, Şəhriyar və Yeni Zod kəndlərinə, Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin qrantı hesabına isə Köşkü və Toğanalı kəndlərinə yeni su xətləri çəkilib. Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən Qırıqılı kəndindəki mövcud su xətti təmir edilib.

Sel sularının vura biləcəyi ziyanın qarşısını almaq məqsədilə Göygöl şəhərinin Şah İsmayıl Xətai küçəsində 370 metr uzunluğunda kanal qazılıb.

2011-ci ildə Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi tərəfindən “Şəhərin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına başlanılıb. Ötən müddətdə rayonda suqəbuledici-təmizləyici-ötürücü qurğular kompleksi, 6 su anbarı, 3 kanalizasiya nasos stansiyası tikilib, magistral və şəbəkədaxili su və kanalizasiya xətləri çəkilib və çirkab sutəmizləyici qurğular kompleksi istismara verilib.

İndiyə qədər rayon mərkəzi də daxil olmaqla Göygölün 53,3 faizi qazlaşdırılıb. Bu isə rayonun relyef şəraiti nəzərə alınmaqla qərb bölgəsi üzrə ən yüksək göstərici deməkdir.

Göygöl şəhərində 92 kilometr hava elektrik verilişi xətləri özüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunub, 6 min 680 ədəd smart-kart tipli sayğaclar quraşdırılıb, 6 mərkəzi küçədə 142 kilometr yeraltı kabel xətti çəkilib, 5 qapalı mərkəzi paylayıcı qurğu tikilib.

Rayonun Sarısu, Quşçu, Qarabulaq, Üçtəpə, Yeni Qızılca, Çaykənd, Mollacəlilli kəndlərində və Qızılqaya qəsəbəsində hava elektrik verilişi xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunub, 3 min 42 dayaq basdırılaraq 47,8 kilometr uzunluğunda xətt çəkilib, 16 müxtəlif güc transformatoru yenisi ilə əvəz olunub.

Beləliklə, müstəqillik illərində ölkəmizin digər bölgələrində olduğu kimi, Göygöl rayonunda da aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri bu rayonu müasir tikililəri, yenilənən infrastrukturu, işıqlı, səliqə-sahmanlı yolları, küçələri, geniş parkları, xiyabanları olan abadlığı və gözəlliyi ilə göz oxşayan şəhərlərdən birinə çevirib.


18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.