Azərbaycanda səfərdə olan Əfqanıstan nümayəndə heyəti “Asan İmza” innovativ mobil gücləndirilmiş elektron imza texnologiyası ilə tanış olub.
“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, Əfqanıstanın “ASAN Khedmat” qurumunun direktoru, daxili işlər nazirinin müavini və digər dövlət orqanlarının yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərində məqsəd Azərbaycanda əhaliyə göstərilən müxtəlif elektron xidmətlər və qabaqcıl texnologiyalarla tanışlıq, müvafiq təcrübə mübadiləsini aparmaq olub.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, eləcə də bir sıra digər dövlət və özəl qurumlarda müxtəlif görüşlər keçirib.
“Asan İmza” mobil elektron imza sisteminin təqdimatına həsr olunmuş tədbirdə qonaqların diqqətinə çatdırılıb ki, “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidməti dövlət və özəl qurumlarının müxtəlif elektron xidmətlərdən istifadə zamanı vətəndaşlara geniş imkanlar təqdim edən tamamilə yeni texnologiyadır. Bildirilib ki, mobil gücləndirilmiş elektron imza sistemi hazırda ölkə üzrə 500-dən çox elektron xidmətdə istifadə olunur. Ötən il “Asan İmza” texnologiyası Əfqanıstanın paytaxtı Kabildə təqdim olunub və təqdimat zamanı Azərbaycan texnologiyasına böyük maraq yaranıb.
Diqqətə çatdırılıb ki, innovativ texnologiya olan “Asan İmza” Əfqanıstanda əhaliyə gücləndirilmiş elektron imza xidmətinin təqdim edilməsində geniş şəkildə istifadə oluna bilər. Belə ki, bu texnologiya ölkədə internetin müxtəlif səviyyələrdə mümkün olduğu kənd əraziləri də daxil olmaqla müxtəlif regionlarda, istənilən növ mobil telefonlar vasitəsilə müxtəlif kompüter biliklərinə sahib olan vətəndaşlar tərəfindən istifadə edilə bilir.
İnnovativlik, yüksək təhlükəsizlik, eləcə də istifadədə asanlıq “Asan İmza” xidmətini bu texnologiyanın təqdim olunduğu digər dövlətlər üçün də cəlbedici edir. Hazırda “Asan İmza” mobil elektron imza texnologiyasının yaxın və uzaq xaricə ixracı üçün müvafiq iş aparılır.
Ötən ay ərzində “B.EST Solutions” şirkəti və ISESCO arasında Azərbaycanın mobil identitet texnologiyası bazasında bu təşkilat üçün dünyada ilk olaraq transmilli elektron imza və sənəd dövriyyəsi platformasının işlənməsi, tətbiqi ilə bağlı müqavilə imzalanıb. Hazırda “Asan İmza” “Made in Azerbaijan” brendi altında müxtəlif beynəlxalq tədbirlərdə təqdim edilir.
Təqdimat çərçivəsində, həmçinin nümayəndə heyətinin üzvləri “Asan İmza” texnologiyasının istifadə olunduğu sahələr barədə də ətraflı məlumatlandırılıb. Qeyd olunub ki, hazırda elektron vergi bəyannamələrinin təqdim edilməsi, əmək müqavilələrinin elektron qeydiyyatı, müxtəlif məhsulların və nəqliyyat vasitələrinin gömrükdə bəyan edilməsi, ali təhsil müəssisələrinə tələbələrin onlayn qeydiyyatının aparılması, internet və mobil bankçılıq kimi müxtəlif xidmətlər “Asan İmza” vasitəsilə reallaşdırılır. “Asan İmza” müxtəlif dövlət və özəl qurumların telefon-məlumat mərkəzlərinə inteqrasiya olunub.
Qonaqlar Azərbaycanın mobil identitet və imza texnologiyasını yüksək qiymətləndirərək elektron xidmətlər və innovativ həllər sahəsində iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.