Dmitri Savelyev: Azərbaycan Rusiyanın ən perspektivli və etibarlı tərəfdaşıdır

Dmitri Savelyev: Azərbaycan Rusiyanın ən perspektivli və etibarlı tərəfdaşıdır
30 Dek 2016 10:34

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbirinə müsahibəsində Rusiya-İran-Azərbaycan üçlüyünün səmərəli cəhətləri və Türkiyənin bu üçlüyə qoşulması perspektivləri barədə danışıb.

-Biz radikal geosiyasi dəyişikliklərin şahidləriyik: Rusiya-İran-Azərbaycan üçlüyünün formalaşması başlanıb. Gələcəkdə Türkiyə də bu üçlüyə qoşula bilər. Yaxın perspektivdə bu ittifaqın nə kimi səmərəsi gözlənilir?

-Müttəfiqlər sistemi yaradılması zərurəti çoxdan yetişib, lakin biznes üçün çox böyük potensiala və dünyada vəziyyətə təsir gücünə malik bu strateji əhəmiyyətli regiona nəzarət etməyə çalışan Qərb prosesi ləngidirdi. Qərb getdikcə daha artıq dərəcədə investisiyaların və iqtisadi inkişafın mənbəyindən daha çox, regionda hərbi eskalasiyanın katalizatoruna çevrilir. Ölkələrimizin bu həqiqəti anlaması üçün bizə vaxt lazım idi.

Uzun müddət iqtisadi sanksiyalar məngənəsində sıxılan İran, nəhayət, xarici iqtisadi əməkdaşlığın istiqamətlərini formalaşdırmaq, regional və qlobal beynəlxalq siyasət sisteminə inteqrasiya etmək imkanı qazanıb. Bundan əlavə, Rusiya, İran və Azərbaycanın iqtisadiyyatlarında neft bazarında yaranmış xoşagəlməz konyunkturun təsiri hiss edilməkdədir. Onlar bu vəziyyəti idarə etmək üçün müvafiq alətlərə ehtiyac duyurlar. Nəhayət, bu üçlüyün yaradılması Qafqazda və Kiçik Asiyada gərginlik mənbələrini azaltmağa imkan verəcək: Azərbaycanın və Rusiyanın vasitəçiliyi ilə Türkiyə və İran arasında fikir ayrılıqlarını nizamlamaq olar, Rusiya isə Suriya ərazisində islamçı terrorçulara qarşı mübarizədə əsas qüvvələrdən biri kimi İrana ümid bəsləyir.

-Şübhə yoxdur ki, üç ölkənin əməkdaşlığında əsas prioritet “Şimal-Cənub” layihəsi olacaq.

-Bu layihədə marağı olan təkcə Rusiya, Azərbaycan və İran deyil. “Şimal-Cənub” nəqliyyat dəhlizi ətrafında infrastruktur layihələri həyata keçiriləcək: şəhərlər, yollar və limanlar inkişaf edəcək. Bu gəlirli layihənin reallaşmasında bir sıra ölkələr iştirak etmək istərdi: Çexiya və Macarıstan Rəşt-Astara dəmir yolu tikintisində iştiraka hazır olduqlarını bildiriblər, Baltikyanı ölkələr isə tranzit yük axınlarını öz limanlarından buraxmaq hüququ uğrunda az qala savaşırlar. Süveyş kanalından keçən dəniz yolu ilə müqayisədə yüklərin çatdırılması xərcləri yükgöndərənlər üçün 30 faiz, yüklərin çatdırılma müddəti isə 40 faiz azalacaq. “Şimal-Cənub” layihəsi Rusiyaya Fars körfəzi ölkələri və Hindistanla əmtəə dövriyyəsini artırmağa imkan verəcək. Ölkəmiz bu regionlara taxıl, gübrə, kənd təsərrüfatı texnikası, avadanlıq və tibbi preparatlar göndərəcək.

Hazırda nəqliyyat dəhlizinin natamam dəmir yol hissələrinin tikintisi üzrə fəal iş aparılır. Azərbaycan sərhədyanı Astara stansiyasından İran sərhədinə qədər 8,5 kilometr uzunluğunda hissənin tikintisini təzəcə başa çatdırıb. Bu yolun digər hissəsi – Qəzvin-Rəşt dəmir yolu 93 faiz hazırdır və 2017-ci ilin martınadək istifadəyə veriləcək. İran-Azərbaycan sərhədindəki Astaraçay üzərindən dəmir yol körpüsünün tikintisi başa çatmaq üzrədir. Bu körpü “Şimal-Cənub” layihəsinin birinci növbəsini istifadəyə verməyə imkan yaradacaq.

-Rusiya, Azərbaycan və İran öz enerji sistemlərini birləşdiriblər. Siz bu sahənin inkişafını necə təsəvvür edirsiniz?

-Mənim fikrimcə, eyni zamanda həm Hindistan, həm də Avropa ölkələri istiqamətində fəaliyyət göstərə biləcək qaz karteli yaradılması çox perspektivli olardı. Regionda qazın əsas tranzitçisi statusu əldə etməyə çalışan Türkiyə Qərb istiqamətində tranziti öz ərazisi hesabına təmin etməlidir. Xəzərin neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi layihələrinin birgə reallaşdırılması da çox prioritet məsələdir. Dənizin bioloji resurslarının hasilatından əldə edilən gəlirlər isə perspektivdə hətta enerji resurslarından alınan gəlirlərdən də çox ola bilər.

-Siz Rusiya ilə Türkiyə arasında münasibətlərin tənzimlənməsində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

-Şübhə yoxdur ki, yeni yaranmaqda olan geosiyasi ittifaqda əsas rollardan birini Rusiya, Türkiyə və İran ilə zəngin sivilizasiyalı, tarixi və mədəni əlaqələri olan Azərbaycan oynayacaq, İran lideri Ayətullah Əli Xameneyi isə, ümumiyyətlə, etnik azərbaycanlıdır. Azərbaycan öz coğrafi mövqeyinə görə enerji və nəqliyyat-kommunikasiya dəhlizləri sistemində mərkəzi həlqədir. “Şimal-Cənub” nəqliyyat dəhlizi istifadəyə veriləndən sonra Azərbaycan tranzit ərazi qismində bu marşrutun əsas paylayıcı qovşağına çevriləcək və yalnız infrastruktur axınlarının buraxılması hesabına yüz milyonlarla dollar qazanmaq imkanı əldə edəcək.

Onu da qeyd etmək lazımdır ki, 2015-ci ildə Cənubi Qafqaz ölkələrinin ümumi daxili məhsulunun həcmi 75 milyard dollardan çox olub. Bu həcmin 70 faizi Azərbaycanın payına düşür. Bundan əlavə, Cənubi Qafqaza investisiyaların 72 faizi məhz Azərbaycan müəssisələrinin və Azərbaycan layihələrinin payına düşür. Hətta mürəkkəb beynəlxalq şəraitdə də Azərbaycan çoxvektorlu siyasi məharət nümayiş etdirir, onun baza xarakterli xarici siyasət qərarları isə iqtisadi prioritetlərin dövrəsində formalaşır. Bütün bunlar onu göstərir ki, Azərbaycan geosiyasi və iqtisadi baxımdan Rusiyanın ən perspektivli və etibarlı strateji tərəfdaşlarından biridir.


10 Dek 2024
Siyasət

Bahar Muradova Xırdalanda vətəndaşları qəbul edəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xırdalanda vətəndaşları qəbul edəcək.

10 Dek 2024
Siyasət

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

10 Dek 2024
Siyasət

Ceyhun Bayramov ATƏT-in yeni Baş katibi ilə telefon danışığı aparıb

Xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in yeni təyin olunmuş Baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı baş tutub.

10 Dek 2024
Siyasət

Pərviz Şahbazov Energetika Nazirliyində vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov dekabrın 9-da Nazirlikdə vətəndaşları qəbul edib.

10 Dek 2024
Siyasət

Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarında olub

Dekabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunu (6 saylı doğum evi) ziyarət edib.