Depressiya haqqında bildiklərimiz və bilmədiklərimiz

Depressiya haqqında bildiklərimiz və bilmədiklərimiz
26 2017 10:45

Depressiya (latınca “deprimo” – “təzyiq göstərmək”, “əzmək” sözündən) insanın əmək qabiliyyətini kəskin şəkildə azaldan, həm xəstənin özünə, həm də onun yaxınlarına əziyyət verən ciddi xəstəlikdir. Depressiya zamanı insanın öz nəzərində dəyəri azalır, həyata və adi fəaliyyətə marağın itməsi müşahidə olunur. Dünyanın bütün ölkələrində aparılmış araşdırmalar göstərir ki, XXI əsrdə depressiya da ürək-damar xəstəlikləri kimi ən geniş yayılmış xəstəliyə çevrilir.

Təəssüf ki, depressiyanın səciyyəvi təzahürləri və nəticələri barədə insanların məlumatı çox aşağı səviyyədədir. Buna görə də xəstələrin çoxuna yalnız depressiyanın kəskinləşdiyi vaxtda kömək göstərilir, bəzən isə ümumiyyətlə kömək göstərilmir. Bir sıra hallarda depressiyadan əziyyət çəkən insan alkoqollu içkilərdən və ya psixotrop maddələrdən sui-istifadə etməyə başlayır.

Bəs bu xəstəliyin ilk əlamətləri necə təzahür edir? depressiya barədə diaqnoz necə qoyulur? Tanınmış həkim-psixoterapevt, əvvəllər AzTV telekanalında “Ailə həkimi” verilişinin, hazırda isə ATV telekanalında “Üçüncü göz” proqramının aparıcısı Əli Nağıyev AZƏRTAC-ın müxbirinin bu və digər suallarına cavab verir.

-Bildiyiniz kimi, hər il aprelin 7-də, Dünya Səhiyyə Təşkilatının yaradıldığı gün Dünya Sağlamlıq Günü qeyd edilir. Bu, səhiyyə sahəsində bütün dünyada insanları narahat edən müəyyən mövzu ilə əlaqədar qüvvələri səfərbər etmək üçün nadir imkandır. 2017-ci ildə Dünya Sağlamlıq Gününün qeyd edilməsi ilə bağlı kampaniya depressiya mövzusuna həsr ediləcək. Adamların çoxu belə hesab edir ki, depressiya əvvəllər məlum olmayan və yalnız bizim dövrdə geniş yayılmış, bu qədər böyük sosial əhəmiyyət kəsb etmiş xəstəlikdir. Bu, həqiqətən belədirmi?

-Depressiya hər bir insan üçün ən xoşagəlməz vəziyyətlər kateqoriyasına aiddir. Qeyd etməliyəm ki, hələ antik dövrün həkimləri depressiya ilə tanış idilər. Məsələn, Hippokrat depressiyanın müasir anlayışını çox xatırladan “melanxoliya” adlı vəziyyəti ətraflı təsvir edib və hətta antik təbabətin imkanları çərçivəsində onun müalicə üsullarını tövsiyə edib. Təbabətin atası adlanan bu təbib depressiyaya məruz qalmış xəstələrin çoxunun vəziyyətinin hava şəraitindən, ilin fəslindən asılı olmasına, depressiyaların mövsümi dövri xarakter daşımasına, bəzi xəstələrin yuxusuz keçirdiyi gecədən sonra onların vəziyyətinin yaxşılaşması hallarına diqqət yetirirdi. Beləliklə o, yuxunun və günəş işığının deprivasiya (fototerapiya) effektini kəşf etməyə yaxınlaşmış, lakin bu kəşfi etməmişdir. Qədim Misirin ən mühüm tibbi traktatlarından biri olan Ebers papirusunda da depressiya qısa təsvir edilib.

-Siz depressiyanın hansı ilkin, xəbərdaredici simptomlarını göstərə bilərsiniz?

-Depressiyanın xəbərdaredici ilkin simptomları sırasına yorğunluq, orqanizmin imkanlarının tükənməsi, enerjinin olmaması hisslərini, bütövlükdə əzgin əhval-ruhiyyəni, istirahətə ehtiyacın artmasını aid etmək olar. Eyni zamanda insanın özünə inamının azalması, öz imkanlarına şübhə etməsi, maraq və arzularının olmaması, yuxulaya bilməməsi və normal yatmaması, gündəlik vəzifələrinə sayğısız münasibət, diqqətin pozulması, seksual marağın azalması, qorxu və nevroz da bu xəstəliyin ilkin əlamətləridir.

Təəssüf ki, əhvalı pozulmuş insanların çoxu antidepressant preparatların nəzarətsiz qəbul edilməsi və ya alkoqollu içkilərin sui-istifadəsi şəklində təsəlli axtarırlar. Təcrübə göstərir ki, bu, yaranmış vəziyyətdən heç də yaxşı çıxış yolu deyil. Depressiv pozuntular yaranması aspektləri arasında internetdən asılılıq kimi sosial-psixoloji aspektləri də qeyd etmək lazımdır. Müasir dövrdə insan özünün idrakı tələbatı ilə yanaşı öz imkanlarını aktuallaşdırmaq, müəyyən sosial qrupa mənsub olmaq ehtiyaclarını da “dünya hörümçək toru” şəbəkəsində təmin edə bilir. Lakin dünyanın aparıcı tibb universitetlərinin mütəxəssisləri tərəfindən aparılmış araşdırmaların nəticələri göstərir ki, real dünyada insanlarla ünsiyyətin aşağı səviyyədə olmasını sosial şəbəkələrin virtual reallığında ünsiyyət hesabına kompensasiya etmək cəhdləri depressiya yaranması ehtimalını qat-qat artırır.

-Siz bu xəstəliyin profilaktikası üçün nə məsləhət görürsünüz?

-Xəstəliyin gedişinə təsir edən amillər müxtəlifdir: orqanizmdə vitaminlərin və mikroelementlərin çatışmazlığı, mineralların və amin turşularının defisiti və sair. Pasiyentin qanında faydalı maddələrin balansı müalicənin uğurlu olmasının əsasıdır. Xəstənin özünün sağalma və xoşbəxt həyat sürmək arzusu onun vəziyyətinin yaxşılaşması üçün mühüm məqamdır. İnkişaf etməkdə olan depressiyanın tipinin müəyyən edilməsi üzrə diaqnostik tədbirlər təcrübəli mütəxəssis tərəfindən həyata keçirilməlidir. Depressiyanın keyfiyyətli müalicə üsulunun seçilməsi üçün bu sahədə peşəkardan məsləhət almaq zəruridir. Bundan əlavə, çoxsaylı eksperimentlərlə sübut edilib ki, depressiya otların köməyi ilə yaxşı müalicə olunur. Dərman bitkiləri ta qədimdən müxtəlif xəstəliklərin müalicəsi üçün təsirli metod hesab edilir. Həkim xəstə barəsində məlumatdan istifadə edərək onun vəziyyətini hərtərəfli təhlil edir və hansı müalicəvi otlardan istifadə etmək lazım olduğunu tövsiyə edir. Dazı otu, bataqlıq zanbağı, andız, eleuterokokk, jenşen, araliya və bir sıra başqa müalicəvi otlar depressiyadan yaxa qurtarmağa kömək edir. Nəzərə almaq lazımdır ki, qeyri-ənənəvi metodlarla müalicə çox vaxt dərman preparatları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən mütəxəssislə məsləhətləşmək çox vacibdir.

İnsanın depressiyadan və digər mənəvi problemlərdən xilas olması üçün böyük potensiala malik olan üsullardan biri də meditasiyadır. Elmi tibbi ictimaiyyət həyəcanlanma, depressiya və digər mənəvi problemlərlə mübarizə kontekstində meditasiyanın yüksək potensiala malik olmasını müəyyən edib. Alimlər sübut ediblər ki, meditasiya insan beynində onun hərəkətlərinə nəzarət və xoş emosiyalar üçün cavabdeh olan hissələrin fəallığını artırır. Lakin meditasiyanın sizə həqiqətən kömək etməsi üçün siz nə məqsədlə meditasiya etdiyinizi, bunun nə üçün lazım olduğunu və düzgün icra yollarını təxmini də olsa, anlamalısınız. Ona görə ki, meditasiya möcüzəli xoşbəxtlik həbi, yaxud xoşagəlməz emosiyaları dəf etmək və xoş emosiyalar keçirmək üsulu deyil.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.