Yaşadığımız həyatda bir çox hadisə ilə üzləşirik.Eyni hadisələr qarşısında biz insanlar müxtəlif düşüncəyə gələ bilirik.Hətta belə olur ki,birimiz eyni hadisə zamanı əsəbiykən bir cürə,sakitkən başqa cürə düşünə bilirik.Elə isə öyrənək:
Çox yayılmış düşüncə xətalarımız hansılardır?
Ümumiləşdirmə
Bir tək hissədən hərəkət edərək nəticəyə varmaqdır.Bu cür düşünmə xətası edən kəslər bütün ilə hissə arasındakı fərqi ayırd edə bilmirlər.Misallarla izah edim. Qısa boylu bir gənc qızın “Mən çirkinəm” düşüncəsinə gəlməsi ; Və yaxud da bir qız tərəfindən rədd edilən gənc oğlanın bütün qızlar tərəfindən rədd ediləcəyini düşünməsi ; İmtahandan kafi qiymət almiş bir şagirdin (tələbənin) bütün imtahanlardan kafi qiymət alacağını düşünməsi bir ümumiləşdirmədir.
Bu cür ümumləşdirərək düşünən insanlarin dünya görüşləri də tək istiqamətli olur,fikirlərində zənginlik və müxtəliflik olmur.Düşüncələri axıcı deyildir. Bir sözlə, ”Bir evin hər zaman eyni pəncərəsindən bayıra baxmaqla fərqli şeyləri görə bilmərik”.
Ağ – Qara (Doğru – Səhv)
Bu düşüncə xətasını edən kəslər heç bir şeyin dərəcələndirilməsinə icazə vermirlər.Varlıqları və hadisələri qəti olaraq pis-yaxşı, gözəl - çirkin, doğru - yanlış ,dost - düşmən şəklində qütblərə ayırırlar.Onların arasında orta nəsə olmasını qəbul etmirlər.
Varlıqları və hadisələri rəngləri seçə bilməyən korlar kimi ya ağ,ya da qara kimi qavrayırlar.Amma qara ilə ağın arasında boz rəngin onlarca fərqli tonu vardır.Belə düşünənlərə “Fanat”lar da demək olar.Məsələn,qatı bir futbol komandası tərəfdarı və ya hansısa siyasi partiya tərəfdarı və s.
Bu düçüncə sahibləri hər şeydə olduğu kimi insan münasibətlərində də kənarlarda qalır,bir şəkildə orta yolu tapmırlar.Bir sıra insanlarla ya tam səmimi olub,daimi görüşürlər,ya da münasibətləri təmamən kəsib, heç görüşmürlər.Ya çox sevərlər. Ya da nifrət edərlər.Belə düşüncə xətasını sıx-sıx edənlərin həyatında ölçü və tarazlıq yoxdur.
Özünü günahlandırmaq (Şəxsiləşdirmək)
Uğursuzluqlarınızdan özünüzə çox pay ayırırsınızsa,”Hamısı mənim qəbahətimdir” deyirsinizsə,deməli şəxsiləşdirirsiniz.Başqa ifadə ilə desək,xoşa gəlməyən hadisələrdən yalnız özünüzü günahkar hesab edir,özünüzü məsuliyyətli hesab edirsiniz.Məsələn,məğlub olmuş bir komandanın oyunçularından birinin “Hamısı mənim üzümdən oldu” –deyə düşünərək özünü günahlandırması, bu cür düşünmə xətasına daxildir.Bu şəkildə düşünən kəslər yolunda getməyən hər bir hadisənin məsuliyyətini öz üzərlərinə alırlar.Uğursuzluqla nəticələnən hər bir hadisədə digər insanların xətalarını gözdən qaçırırlar.
Başqalarını günahlandırmaq
Uğursuzluq səbəbi ilə başqalarını günahlandırırsızsa,deməli bir düşünmə xətası içindəsiniz.Bəziləri ailə fərdlərindən,qohum-əqrəbadan,dost - tanışından hər zaman kömək gözləyərlər.Hətta yeniyetmə qohumumuzdan biri ilə söhbəti xatırlayıram,ailələrinin kasıb olmasını,istəklərinin hasil olmamasını valideynləri ilə bağlayırdı.Belə düşüncə sahibləri kömək gözlədikləri zaman yetərli qədər həmin köməyi almadıqlarında ətrafdakılarını günahlandırar və küsərlər.Bayaqkı,misalımdakı kimi, belə düşüncə tərzi daha çox ailənin kiçik övladlarında olur.
Hər şeydən əvvəl gənclərə öz ayaqları üstündə durmağı və “öz yağlarında qovrulmağı” öyrətməliyik.Yoxsa hər zaman başqalarından dəstək gözləyərlər.Dəstək görmədikdə isə başqalarını günahlandırarlar.Başqalarını günahlandırmaq çox asandır,amma heç də ağıllı bir yol deyildir!
El-aləm nə deyər?
Tez-tez “Başqaları nə deyər?” kompleksi içərisində düşünən və hərəkət edən kəslər xətalı düşünmə vərdişinə tutulmuşlar.Məhz bizim insanlarımızda “El-aləm nə deyər?” düşüncəsi çox yayılmışdır. Xüsusilə də qadınlarımızda...
Belə düşünən insanlar daha çox xarici dünyanın dəyərləndirməsinə görə hərəkət edərlər.
Məsələn, Azərbaycan mühitində iki rəfiqənin başqa bir ölkəyə getməsi onların yaxınları arasında “El-aləm nə deyər?” düşüncəsini aktiv edir.Nəticə olaraq rəfiqələr yanlarında kişi xeylağı olmadan ölkədən çıxa bilmirlər.
Eyni şeyi kişilər haqqında da yazmaq olar.Onların bəziləri xanımlarının yalnız başına Ata evinə və yaxud başqa bir qohum evinə getməsinə “El-aləm nə deyər?” düşüncəsi ilə icazə vermirlər.
Başqa bir misal,ev təmizliyinə həddindən artıq aludə olan qadınların məqsədi ətrafındakıların ona “Pinti qadın!” deməməsidir.Belə düşünən kəslər son dərəcə “görüntüyə” meylli, “desinlər”ə düşkündürlər.
“Malı-məli”-li düşüncələr
İnsanın özü ilə bağlı “Sinfin birinicisi olmalıyam” ,Heç səhv etməməliyəm” düşüncələri və başqaları ilə bağlı “Mənə belə davranmalıydı” , “Hər kəs mənə hörmət etməlidir” kimi düşüncələr də xətalıdır.
Bu cür “Malı-məli”-li düşüncələr daimi olaraq “xəta axtarmaq” vərdişi yaradır.Bundan başqa bu düşüncə ilə qoyulan yüksək standartlar və gözləmələr həyata keçmədiyində özünüzü pis hiss edirsiniz.
Başqalarını dəyişdirməyə cəhd
Çox yayılmış bir düşüncə xətasıdır.Xüsusilə də,yeni ailə qurmağa hazırlaşan cütlər arasında, “Hələ bir evlənək,necə olsa ,mən onu dəyişdirərəm” fikri çox yayılmışdır.Amma belə düşünmək doğru deyildir.Çünki,insanları dəyişdirmək elə də asan məsələ deyildir.
Nədənsə,ətrafındakıları dəyişdirməyə maraqlı olan insanlar,özlərini dəyişdirmək haqqında heç düşünmürlər.Özlərini dəyişdirməkdən çox başqalarını dəyişdirmək istəyi onlara daha cəzbedici gəlir.
Səbəbi bilmədən nəticə çıxartmaq
Bu cür düşüncə xətası,əlimizdə yetərli sübut olmadan ,bizi bəzən gələcəklə bağlı həqiqətdən uzaq ,mənfi fikirlərə sövq edir.
Məsələn,sms yazdığımız halda rəfiqəmiz bizə zəng etmədi. Bunu yaxşı-yaxşı araşdırmadan,öyrənmədən “Mənimlə danışmaq istəmir” şəklində mənfi nəticəyə gəlib küsəriksə,düşüncə xətası etmiş olarıq.Bəlkə də smsmiz ona çatmamışdır.Sonradan bunu öyrəndiyimizdə, tələsərək mənfi nəticə çıxardığımıza peşman olarıq.
Bir sözlə məsələnin nə yerdə olduğunu öyrənmədən qarşımızdakını günahlandırmaq,ona sifət göstərmək bu tip düşüncə xətasının nəticəsidir.
Kaş ki- lər
“Kaş ki,belə davransaydım”, “Kaş ki,bunları deməsəydim” ,“Kaş ki,onları etməsəydim” şəklində keçmişdə qalmış, xoş olmayan düşüncələrdir.Bu düşüncə xətasında daimi olaraq “Peşmançılıq çəkmək” əsas yer tutur.
Bu hal isə insanı çox narahat hiss etdirir.Keçmiş hadisələrin izləri beynimizdən silinməz.Belə düşüncə xətasına çox aludə olan insanlar əlindəkilərin dadını çıxara bilməzlər.
Fəlakət halına gətirmək
İnsanın hər hansı bir qüsurunu gözdə böyütməsidir.Məsələn,üzdə çıxmış balaca bir civzəni güzgüdə saatlarla incələdikdən sonra ,bununla əsla cəmiyyət arasına çıxa bilməyəcəyini düşünən gənc qız ,əslində bu tip düşünmə xətası etmiş olur.
Mənfiləri seçmək
Bəzilərinin mənfiləri seçmək kimi qəribə meylləri vardır.Daxilində olduqları hadisələrin müsbət tərəflərini kiçildərək,mənfi tərəflərini böyüdürlər və bunları unutmurlar.Məsələn,özlərinə qarşı edilən təriflərə əhəmiyyət verməyərək,tənqidlərin acısını isə unutmurlar.İllər keçsə də,həmin tənqidləri hərf-hərf xatırlayarlar.Bəziləri də ona salam verən birisinin məhz mənfəət güddüyünü hesab edərək xətalı düşünmüş olurlar.
Bəzi hafizə sahibləri də vardır ki,olduqca maraqlıdırlar.Məsələn,onlar ancaq mənfi hadisələri maraq obyekti hesab edir və onları tez-tez xatırlayırlar.Ölümlər,işgəncələr,təcavüzlər,qorxunc hadisələr və s.
Bu düşüncə tərzinə sahiblənmiş kəslərdə mənfilik hardasa refleks halına gəlmişdir.
Hər şeydə ədalət axtarmaq
Xarici dünyamızda ədalət axtaranlar onu tapmadıqlarında əsəbləşib gərgin olurlar.Əslinə baxanda,dünyamızda yetərincə ədalət yoxdur.Bu günə qədər olmayıb,bundan sonra da olmayacaq! Eyyub peyğəmbər belə, “Həyat hər zaman adil deyildir” demişdir.
Dünyamızda yetərincə ədalət olmadığını anlamaq üçün ,təbiətə bir göz atmağımız bəs edər.Quşlar bitkiləri,hörümçəklər milçəkləri,pişiklər siçanları və s. yox edirlər.Böyük balıq kiçik balığı udmaqdadır.
İnsanlıq tarixinə nəzər salsaq,bu günə qədər bir çox ədalətsizliklərin olduğunu görərik.Məsələn,pulu çox olanlar günahkar olmazlar; çünki,hakimlərin,polis işçilərinin,idarəçilərin bir qismini pulla satın almaq mümkündür.Cinayət işləndikdə, çox zaman yoxsullar,kimsəsizlər və gücsüzlər həbsxanaya doldurulurlar.Heç ədalətli deyil,amma həqiqətdir.
Nə yazıq ki,insanoğlu bu günə qədər Yer üzündə ədalətli bir cəmiyyət qura bilmədi.Ona görə də ədaləti ətrafımızda axtarmaq əbəsdir.Biz insanlar ədaləti öz düşüncələrimizdə və davranışlarımızda həyata keçirməliyik.Çünki,bizlər Yaradanımıza qarşı sadəcə öz düşüncə və davranışlarımızla məsuliyyət daşıyırıq.
Bəziləri istəmədikləri bir hadisəni yaşayarkən “Bunlar haqsızlıqdır,niyə belə oldu,günahımız nə idi?” –deyə düşüncəyə qapılırlar.Yaşadığımız dünyanın həm çətinliklərlə,həm də gözəlliklərlə dolu olduğunu unutmayaq.Layiq olduqlarımızdan qaça bilmərik.Əslində düşüncə və davranışlarımıza baxaraq nələrə layiq olduğumuza Allah qərar verir.Həm də ən doğru və ən adil bir şəkildə...
Bəzi insanlar da var ki,başqalarında daimi olaraq haqsızlıq qüsurlarını axtarırlar,özlərini ”ədalət mələyi” elan ediblər.Heç dəxlisi olmayan bir hadisəyə qədər “burun soxurlar”.Adını da qoyurlar “Mən haqq-ədalət” tərafdarıyam və s.
Hər bir halda insanda rahatsızlıq və gərginlik yaradan mənfi hislərin təməli düşüncə xətalarıdır.Əgər sizlər də yuxarıda sadaladığımız çox yayılmış düşüncə xətalarından birini və ya bir neçəsini edirsinizsə, beyninizdəki kompyüteri yenidən proqramlamaq lazım olacaq.
Könhə proqramı silin,yenisini,doğru olanını yazın...
Xoş və xətasız düşüncələr diləyirəm.
Tədqiqatçılar ədviyyatların qanda qlükoza və xolesterol səviyyələrini tənzimləməkdə mühüm rol oynadığını aşkar ediblər.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.