Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edildi

Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edildi
13 Dek 2016 13:58

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 29 noyabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, Məcəllənin 29.2-ci maddəsi aşağıdakı redaksiyada verilir:

“29.2. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.”.

Bundan başqa, aşağıdakı məzmunda 123-1-ci maddə əlavə edilir:

“Maddə 123-1. İnsan alverinin qurbanına bərpa və fikirləşmə müddətinin verilməsi

Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqat orqanının əməkdaşı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror insan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddətinin verilməsi barədə qərar qəbul edir.”.

Həmçinin aşağıdakı məzmunda 159.10-cu maddə əlavə edilir:

“159.10. Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər.”

Məcəlləyə aşağıdakı məzmunda 218.12-ci maddə əlavə edilir:

“218.12. Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi üzrə bu Məcəllənin 218.10 və ya 218.11-ci maddələrində göstərilən ibtidai istintaq müddətləri qurtardıqda, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən iş üzrə ibtidai istintaq müddətləri bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə bir dəfə uzadıla bilər.”

236.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:

“Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir.”

245.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir.”

246.3-cü maddə aşağıdakı redaksiyada verilir:

“246.3. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir.”

Aşağıdakı məzmunda 246.4-cü maddə əlavə edilir:

“246.4. Şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.”

318.2-ci maddə aşağıdakı redaksiyada verilir:

“318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı tәqsirlәndirilәn şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.”

Aşağıdakı məzmunda 318.2-1 - 318.2-4-cü maddələr əlavə edilir:

“318.2-1. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır.

318.2-2. Təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada ibtidai araşdırma aparıla bilər. Bu halda ibtidai araşdırma müddəti həmin iş prokurorluğa daxil olduğu vaxtdan əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır.

318.2-3. Cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi və işin aidiyyəti məhkəməyə göndərilməsi üçün kifayət hesab edildikdə bu Məcəllənin 284-297-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməlidir. Bu halda cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə daxil olduqda məhkəmə icraatı bu Məcəllənin 298-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin ilkin hərəkətləri ilə başlayır.

318.2-4. Cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülmədiyi hallarda həmin iş müvafiq məhkəməyə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə göndərilir. Bu halda məhkəmə bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərarı ləğv etməklə məhkəmə baxışını təzələyir və baxışın davam etdirilməsi bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”

Həmçinin aşağıdakı məzmunda 358.3-cü maddə əlavə edilir:

“358.3. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı bir neçə təqsirləndirilən şəxs barəsində çıxarıldıqda, həmin yekun qərar barəsində apellyasiya qaydasında protest və ya şikayət verilməmiş şəxsə münasibətdə və yalnız ona aid hissədə bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.”

Aşağıdakı məzmunda 520.6-1-ci maddə əlavə edilir:

“520.6-1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair məhkəmənin qərarı bu Məcəllənin 520.1-ci maddəsində göstərilən müddət daxilində çıxarılmalı və qərarın surəti elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq bu Məcəllənin 520.2-ci maddəsində göstərilən şəxslərə verilməlidir.”


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.