Baş direktorun müavini: FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva bu təşkilatın fəaliyyətinə dəstək məqsədilə mühüm işlər görür

Baş direktorun müavini: FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva bu təşkilatın fəaliyyətinə dəstək məqsədilə mühüm işlər görür
13 Dek 2016 16:31

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva bu təşkilatın fəaliyyətinə dəstək məqsədilə mühüm işlər görür. Trend-in məlumatına görə, bunu "Azernews" qəzetinə müsahibəsində FAO-nun baş direktorunun müavini və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanin deyib.

O qeyd edib ki, son 20 il ərzində Azərbaycan və FAO arasında əməkdaşlıq daim artır: "Ötən il FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının icrası və FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Bürosunun yaradılması haqqında saziş imzalanmışdı. Bu, tərəflər arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına səbəb olub".

V.Raxmanin bildirib ki, Azərbaycan FAO-nun öz ərazisindəki, eləcə də bir sıra digər ölkələrdəki layihələrini maliyyələşdirəcək: "Bununla əlaqədar, mən FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın cəmiyyətin qurumun siyasəti və məqsədləri barədə məlumatlandırılmasında və FAO-nun işinin dəstəklənməsində mühüm rolunu qeyd etməkdən şadam".

Baş direktorun müavini deyib ki, Azərbaycan ərzaq təhlükəsizliyinin təmin olunduğu bir ölkədir və ölkənin növbəti hədəfi kənd təsərrüfatını daha dayanıqlı və rəqabətqabiliyyətli etməkdən ibarətdir.

Onun sözlərinə görə, FAO və Azərbaycan arasında əməkdaşlıq heyvanların və bitkilərin sağlam olması, kənd təsərrüfatına investisiyaların dəstəklənməsi, potensialın inkişaf etdirilməsi, siyasi və institusional əsasların möhkəmləndirilməsi, məhsuldarlığın, balıqçılıq təsərrüfatı və heyvandarlığın göstəricilərinin artırılması, davamlı, səmərəli meşə təsərrüfatı, torpaq və su resurslarının idarə olunması kimi prioritet sahələri müəyyən edən “2016-2020-ci illər üçün Ölkə Proqramı” çərçivəsində formalaşdırılır: “FAO və Azərbaycan məhz bu sahələrdə birgə təşəbbüslər planlaşdırırlar”.

V.Raxmanin, həmçinin FAO-nun GMO ilə bağlı mövqeyinə aydınlıq gətirib və qeyd edib ki, biotexnologiyaları tez-tez yanlış olaraq GMO ilə eyniləşdirirlər: “Bu düzdür ki, GMO biotexnologiyalardan biridir, lakin bir çox biotexnologiyaların GMO-ya aidiyyəti yoxdur. Vaksin və bioloji pestisidlərin istehsal olunması və ya yeni növ bitkilərin yaradılması üçün molekulyar markerlərin istifadəsi biotexnologiyalarla bağlıdır. Lakin burada GMO-dan istifadə olunmur”.

Təşkilatın nümayəndəsi bildirib ki, fermentasiya və süni mayalanmadan tutmuş DNT əsaslı müasir metodlaradək bütün proseslər fermerlərə bitki və heyvan növlərini yaxşılaşdırmağa və məhsuldarlığı artırmağa kömək edir: "FAO hesab edir ki, aclığın aradan qaldırılması və ərzaq istehsalının daha dayanıqlı sisteminin yaradılması üçün sərəncamımızda olan bütün alətləri nəzərdən keçirməliyik. Bu alətlərə həm aqroekologiya, həm də biotexnologiyalar daxildir. Biz hesab edirik ki, bu yanaşmalar birgə işləyə və bir-birini tamamlaya bilər".

Baş direktorun müavini iqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsirindən də danışıb: "Bu məsələdə əsas işarə 2015-ci ildə qəbul edilmiş iqlim üzrə Paris sazişidir. Bu saziş ilk dəfə iqlim dəyişikliyi problemlərinin həllində xalqları birləşdirir. İqlim dəyişikliyi artıq aşkardır və bu çağırışa adekvat cavab vermək lazımdır. FAO özünün iqlim baxımından optimallaşdırılmış kənd təsərrüfatı konsepsiyası əsasında kompleks yanaşma təklif edir”.

V.Raxmanin ərzaq məhsullarının israfçılıqla istifadəsinin dünya ərzaq təhlükəsizliyinə və iqlim dəyişikliyinə təsirini şərh edib: "Bütün ərzağın üçdə biri istehlak olunmazdan əvvəl xarab olur və bütün meyvə və tərəvəzin təxminən yarısı utilizasiya olunur. Bu, qida məhsullarının istehsalı üçün sərf olunan əməyin, suyun, enerjinin, torpağın və digər resursların biabırçı şəkildə israf olunması deməkdir. Biz bu səviyyədə itki və tullantıya imkan verə bilmərik, xüsusilə də 780 milyon insanın kifayət qədər qida əldə edə bilmədiyi dünyada”.

O, həmçinin qeyd edib ki, daha sonra atılan və utilizasiya olunan ərzağın istehsalı, təkrar emalı və paylanması qlobal istixana qazı tullantılarının böyük hissəsini əhatə edir: "Əlavə tullantılar tullantı yerlərində ərzaq məhsullarının çürüməsi ilə də bağlıdır. Bu zaman onlar karbon dioksiddən 25 dəfə daha zərərli qaz olan metan buraxır. Problemin miqyasını anlamaq üçün, gəlin, təsəvvür edək: əgər qida tullantıları ölkə olsaydı, o, istixana qazının buraxılması həcminə görə dünyada üçüncü yeri tutardı”.

Təşkilatın nümayəndəsi bildirib ki, hər bir insan istehlaka daha məsuliyyətli yanaşmaqla və gündəlik sadə qərarları dəyişməklə, məsələn, daha az qida tullamaqla və ya daha az ət və daha çox paxlalı bitki istifadə etməklə qida tullantılarının həcminin azalmasına və iqlim dəyişikliyinin nəticələrinin yumşalmasına öz töhfəsini verə bilər.

V.Raxmanin qeyd edib ki, FAO ərzaq itkilərinin səviyyəsinin müəyyən olunmasına kömək üçün ölkələrə texniki dəstəyi təmin edir və ərzaq itkilərini və qida tullantılarının həcmini azaltmaq məqsədilə milli və regional təşkilatlar, dövlət və özəl tərəfdaşları arasında əməkdaşlığı təbliğ edir: "Bu məqsədlər üçün 600-dən çox şirkət və təşkilatı birləşdirən SAVE FOOD Qlobal Təşəbbüsü təsis olunub".


19 Sent 2024
Cəmiyyət

Bakının Kövkəb Səfərəliyeva küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

Sentyabrın 21-də, saat 21:00-dan etibarən Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

19 Sent 2024
Cəmiyyət

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib.

19 Sent 2024
Cəmiyyət

Şahmat Olimpiadası: Azərbaycan milliləri İtaliya yığmaları ilə üz-üzə gələcəklər

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında İtaliya yığmaları ilə üz-üzə gələcəklər.

19 Sent 2024
Cəmiyyət

İlham Əliyev Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun açılışında iştirak edib.

19 Sent 2024
Cəmiyyət

Bu günə valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.