Azərbaycanda metallurgiya kompleksinin inkişafı üçün 1,2 milyard avrodan çox investisiya tələb olunur (FOTO) (YENİLƏNİB)

Azərbaycanda metallurgiya kompleksinin inkişafı üçün 1,2 milyard avrodan çox investisiya tələb olunur (FOTO) (YENİLƏNİB)
20 Dek 2016 15:09

Azərbaycanda 5 zavoddan ibarət metallurgiya kompleksinin yaradılması üçün qoyulacaq investisiyaların həcmi 1,225 milyard avro həcmində ölçülür.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev “Metallurgiya sənayesinin inkişafı: yeni çağırışlar və məqsədlər” adlı tədbirdə deyib.

Sənaye sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkarın iştirakı ilə keçirilən tədbirdə Ş.Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan Prezidentinin iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu, bu sahənin şaxələndirilməsi istiqamətində mühüm işlərin görüldüyünü və 2016-cı ilin 11 ayı ərzində qeyri-neft sənayesinin 5% artdığını qeyd edib. Sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin diversifikasiyası ilə bağlı sistemli tədbirlərin həyata keçirildiyini vurğulayan nazir bu sahədə proqram xarakterli sənədlərin qəbul olunduğunu, yeni qanunvericilik bazasının formalaşdırıldığını, biznes və investisya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatların davam etdirildiyini və təşviq mexanizmlərinin tətbiqinə başlanıldığını qeyd edib. Diqqətə çatdırılıb ki, bu ilin may ayından indiyədək sahibkarlara 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin 50%-i sənaye sahəsinə aiddir. Bu layihələr çərçivəsində yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq və 6 mindən çox iş yeri açılacaq.

Qeyri-neft sektorunun inkişafının dəstəklənməsinin zəruriliyini qeyd edən Ş.Mustafayev sənaye parklarının və zonalarının, o cümlədən Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, eləcə də Neftçala və Masallı sənaye zonalarında müasir tələblərə cavab verən sənaye müəssisələrinin təşkili üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Qeyd olunub ki, hazırda təkcə Sumqayıt Kimya Sənaye Parkında rezidentlər tərəfindən 9 müəssisə yaradılır ki, onların bir neçəsi 2017-ci ildə fəaliyyətə başlayacaq. “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” də SKSP-nın rezidentlərindəndir və hazırda sənaye parkında ferroərintilər zavodu inşa edir. Zavod 2018-ci ildə istifadəyə veriləcək.

Ş.Mustafayev Azərbaycanda metallurgiya sənayesinin tarixi ənənələrinin mövcud olduğunu, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda, eləcə də “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi”ndə bu sahənin əsas prioritetlərdən biri kimi müəyyən edildiyini vurğulayıb. Metallurgiya sənayesinin inkişafı məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədi ilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi istiqamətində zəruri işlər görülür.

Nazir həmçinin qeyd edib ki, Sumqayıtda tikiləcək metallurgiya kompleksi yeni iş yerlərinin açılmasında, bu sahədə idxaldan asılılığın azalmasında və ixracın genişləndirilməsində əhəmiyyətli olacaq. SKSP-də fəaliyyət göstərəcək Peşə Tədris Mərkəzi yaradılacaq metallurgiya kompleks üçün də kadr hazırlaya bilər.

İtaliyanın “Danieli” şirkətinin İdarə Heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti Azərbaycanda əlverişli biznes mühitinin olduğunu, xarici investorlar üçün əlverişli şəraitin yaradıldığını bildirib, son zamanlar sahibkarlıq sahəsində aparılan islahatları yüksək qiymətləndirib. Metallurgiya kompleksi barədə məlumat verən G.Benedetti bildirib ki, bu layihənin həyata keçirilməsi nəticəsində Sumqayıtda 5 metallurgiya zavodunu özündə birləşdirən metallurgiya klasteri yaranacaq. Klasterin yaranması Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər istehsal zəncirinin yaranmasını təmin edəcək. O, yeni nəsil texnologiyaları əsasında inşa ediləcək kompleksin unikal layihə olduğunu, xərclər və keyfiyyət baxımından səmərəliliyini qeyd edib.

“Baku Steel Company” MMC-nin baş direktorunun müavini Ramin Kərimov metallurgiya kompleksinə daxil olacaq zavodlar barədə təqdimatla çıxış edib. R.ərimov həmçinin, təmsil etdiyi qurum barədə məlumat verərək istehsal gücü 1 mln. ton olan poladəritmə zavodunda müasir istehsal sahələrinin yaradıldığını və hazırda azkarbonlu poladdan yüksək keyfiyyətli metal məmulatlarının istehsal edildiyini diqqətə çatdırıb. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və digər ölkələrə ixrac edilir.

Sonra Sumqayıtda müasir metallurgiya kompleksinin tikintisinə dair “Baku Steel Company” MMC ilə İtaliyanın “Danieli” şirkəti arasında saziş imzalanıb. Saziş çərçivəsində Sumqayıtda dəyəri 1,225 milyard avro olan dəmir konsentratından başlayaraq hazır polad təbəqələrinin istehsalını əhatə edən 5 müasir metallurgiya zavodunun tikilməsi nəzərdə tutulur. Kompleksin tikintisi zamanı 4000-ə yaxın, müəssisə fəaliyyətə başladıqdan sonra isə 1200 nəfər işlə təmin olunacaqdır. Bu kompleksin tikintisi metallurgiya sənayesi sahəsində müxtəlif çeşiddə məhsulların istehsalının genişləndirilməsinə və ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.