Azərbaycan xalqının qəhrəmanlıq və mübarizə tarixi Naxçıvanda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd edilib

Azərbaycan xalqının qəhrəmanlıq və mübarizə tarixi Naxçıvanda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd edilib
20 2017 17:37

Naxçıvan Muxtar Respublikasında hər il 20 Yanvar şəhidlərinin xatirəsi əziz tutulur, şəhər və rayonlardakı şəhidlər xiyabanlarını minlərlə insan ziyarət edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib, xiyabandakı “Ana abidəsi”nin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Ali Məclisin Sədri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhidlik zirvəsinə ucalanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoyub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin törədilməsindən 27 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar.”

20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib və kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. Ulu Öndərimizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırıb.

Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvana hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud sürətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul edib. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxıb. Yanvarın 20-də Bakıda qanlı hadisələrin törədilməsindən bir neçə saat əvvəl isə ermənilər Sədərəyə və muxtar respublikanın digər sərhəd kəndlərinə hücumlar edib, Qanlı Yanvar faciəsinin ilk səhifələri yazılıb. Lakin ərazi bütövlüyümüz uğrunda döyüşlərdə naxçıvanlılar düşmənə qarşı mərdliklə dayanıb, şəhidlər verərək doğma torpaqlarımızı qoruyub saxlayıblar.

“Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar", - deyən Ulu Öndərimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar, 1992-ci il yanvarın 13-də isə “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olunub. Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Hər il 20 Yanvar faciəsinin ildönümü ölkəmizdə geniş qeyd olunur.

Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Bu ucalığa yüksələnlərin ömür yolu gələcək nəsillər üçün örnəkdir. 20 Yanvar şəhidlərinin mübarizəsi də Azərbaycan xalqının qəhrəmanlıq tarixi, gənc nəsil üçün vətənpərvərlik dərsidir. Bu gün ölkəmizdə dövlət müstəqilliyimizin qazanılmasında, torpaqlarımızın qorunmasında canlarını qurban verən şəhidlərimizin xatirəsi əziz tutulur, vətənpərvər, dövlətə və xalqa bağlı gənc nəsil yetişdirilir. Qətiyyətli LİDERi və güclü ordusu olan Azərbaycan xalqı əmindir ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır! Xalqımız bir daha soyqırımlarla, faciələrlə sınağa çəkilməyəcəkdir! Çünki ümummilli liderimiz Heydər Əliyevin yolunun davam etdirilməsi müstəqilliyimizi əbədi edib. Azərbaycan inkişaf edərək dünyada söz sahibi olan dövlətə çevrilib. Xalqımız sabitlik şəraitində yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu gün hər bir vətənpərvər insan fəxr edir ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. O dövlətin ki, öz vətəndaşlarını darda qoymur. O dövlətin ki, öz vətəndaşlarının arxasında dayanır. O dövlətin ki, öz vətəndaşlarının rifahı üçün əlindən gələni əsirgəmir".

Həmin gün saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilib.






24 Apr 2024
Siyasət

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.

24 Apr 2024
Siyasət

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”

“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”.

24 Apr 2024
Siyasət

Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”

“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.