AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olub

AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olub
15 Dek 2016 15:49

Dekabrın 15-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) arasında rəsmi media tərəfdaşlığı haqqında müqavilə imzalanıb.

Müqaviləni AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və AİSGOC-un korporativ direktoru Elçin Səfərov imzalayıblar.

Əməkdaşlıq müqaviləsinə əsasən, AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının loqosunu və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Rəsmi Xəbər Agentliyi” nişanını öz xəbərlərində, foto və videomateriallarında istifadə etmək və yayımlamaq hüququ əldə edir. AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə işıqlandırmaq və təbliğ etmək üçün təcrübəli idman jurnalistlərini, həmçinin fotomüxbir və operatorlarını cəlb edəcək. Agentliyin Oyunlarla bağlı informasiyaları oxuculara 7 dildə, videoxəbərləri isə Azərbaycan və ingilis dillərində təqdim olunacaq. Oyunlarla bağlı bütün xəbərlər AZƏRTAC-ın saytında “Bakı-2017” bölməsində yerləşdiriləcək. Eyni zamanda, AZƏRTAC yarışlarda iştirak edən yerli və xarici idmançılar haqqında materiallar, yarışlardan reportajlar hazırlayacaq.

İmzalanma mərasimindən sonra AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və AİSGOC-un korporativ direktoru Elçin Səfərov mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Baş direktor Aslan Aslanov müqavilənin əhəmiyyəti barədə suala cavabında bunun agentliyin həyatında daha bir əlamətdar hadisə olduğunu bildirib. Diqqətə çatdırıb ki, AZƏRTAC ötən il dünya idman tarixində ilk dəfə keçirilən birinci Avropa Oyunlarını, bu ilin iyununda Formula-1 Avropa Qran-prisini, sentyabrda 42-ci Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə işıqlandırıb və bu sahədə lazımi təcrübə əldə edib.

“Dünyanın 130-dan çox ölkəsinin xəbər agentlikləri ilə səmərəli əməkdaşlıq əlaqələri quran AZƏRTAC ötən ay Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına – OANA-ya sədrliyə başlayıb və hazırda həmin qurumların saytlarını idarə edir. Agentliyimizin sahib olduğu bütün bu imkanlar və resurslar IV İslam Həmrəyliyi Oyunlarının dünya miqyasında geniş təbliği işində mühüm rol oynayacaq. AZƏRTAC dünyanın 57 ölkəsindən 5 mindən çox idmançının mübarizə aparacağı IV İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə işıqlandırmaq üçün bütün yaradıcı və texniki potensialını səfərbər edəcək”, - deyə Baş direktor Aslan Aslanov vurğulayıb.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov nəinki Azərbaycanda, həm də beynəlxalq səviyyədə etibarlı xəbər mənbəyi kimi tanınan AZƏRTAC-ın “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu əməkdaşlıq “Bakı-2017”nin, həmçinin Oyunların Azərbaycana verəcəyi faydaların təbliği baxımından möhtəşəm platforma olacaq.


2 Noy 2024
İdman

Azərbaycan Basketbol Liqasında III turun daha iki oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında III turun daha iki oyunu keçiriləcək.

1 Noy 2024
İdman

Azərbaycan klubu Bakıda Qazaxıstan təmsilçisi ilə yoxlama oyunu keçirib

Azərbaycanın kişi həndbolçularından ibarət "Azəryol" komandası Bakıda təlim-məşq toplanışı keçirən Qazaxıstanın "Turan" kollektivi ilə qarşılaşıb.

31 Okt 2024
İdman

Azərbaycan Kuboku: 1/8 final mərhələsinin cütləri bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin bütün cütləri bəlli olub.

31 Okt 2024
İdman

Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub

Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.

31 Okt 2024
İdman

Azərbaycan millisi Türkiyə ilə qarşılaşıb

Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib.