ATƏT PA-nın vitse-prezidenti: Demokratik dəyərlər və insan hüquqları terrorla mübarizəyə qurban verilməməlidir

ATƏT PA-nın vitse-prezidenti: Demokratik dəyərlər və insan hüquqları terrorla mübarizəyə qurban verilməməlidir
29 2017 11:34

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev martın 28-də Sankt-Peterburqda ATƏT PA və Müstəqil Dövlətlər Birliyi üzv ölkələrinin Parlamentlərarası Assambleyasının birgə təşkil etdiyi Beynəlxalq Terrorizmlə Mübarizə üzrə Parlament Konfransında çıxış edib.

“Beynəlxalq (Humanitar) Hüquq və Terrorizm: Çağırışlar və onlara cavablar” mövzusunda məruzə edən ATAT PA-nın vitse-prezidenti Azay Quliyev indiyədək terrorizmi pisləyən çoxsaylı bəyanat və qətnamələrin qəbul edilməsinə baxmayaraq, həmin sənədlərdə terror fəaliyyətinin effektiv şəkildə aradan qaldırılmasına (hərbi, siyasi, hüquqi və s.) yönələn mexanizmlərin olmadığını bildirib: “Bu gün hər bir dövlət öz vətəndaşlarını terror təhlükəsindən qorumağı bacarmalıdır. Bu, dövlətlərin təkcə hüququ deyil, eyni zamanda, vəzifəsidir. Dünya birliyi, ayrı-ayrı ölkələr beynəlxalq terrorla mübarizədə öz səy və potensialını birləşdirməli və “ümumi düşmən”lə effektiv şəkildə mübarizə aparmalıdır. Lakin dövlətlər elə etməlidir ki, terrorizmlə mübarizə tədbirləri zamanı insan hüquqları və humanitar standartlar pozulmasın, başqa sözlə, demokratik dəyərlər və insan hüquqları terrorla mübarizəyə qurban edilməsin. Əksinə, terrora qarşı mübarizədə yeganə uzunmüddətli və səmərəli vasitə BMT Nizamnaməsi, insan hüquqları haqqında beynəlxalq razılaşmalar və Cenevrə Konvensiyaları kimi ən mühüm beynəlxalq sənədlərdə göstərilən insan hüquqları, demokratiya və sosial ədalətə real həyatda əməl etməklə ciddi nailiyyətlər əldə etmək olar”.

Azay Quliyev son illərdə bəzi ATƏT ölkələrində qaçqın və sığınacaq axtaranlara qarşı kriminal hərəkətlərin artmasının narahatlıq doğurduğunu deyib: “Qaçqın və sığınacaq axtaran kütlənin içərisində ağır cinayət əməlləri törətmiş şəxslərin də olması qeyd olunan kateqoriyaya mənsub bütün insanlara pis münasibət göstərilməsinə və onların lənətlənməsinə əsas vermir. Sığınacaq axtaranların həmin ölkələrə qeyri-qanuni gəlmələri onların tələblərinin rədd edilməsinə səbəb ola bilməz. Eyni zamanda, onların ağır cinayətlər törətmiş etnik və ya dini qruplara aid olması həmin insanların təcrid olunmasına əsas yaratmır. Əgər biz terror aktlarına qarşı mübarizə apararkən insan hüquqlarını qoruya bilməsək, nəticədə terroristlər və bütövlükdə terror bütün bəşəriyyətə qalib gələcək. Məhz terrorçuların əsas məqsədi dünya düzənini pozmaq, ölkələrdə çaxnaşma və xaos yaratmaq, ən əsası isə hamılıqla qəbul edilən demokratik dəyər və prinsipləri məhv etməkdən ibarətdir”.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışında diqqəti qaçqın və sığınacaq axtaranlara birbaşa təsir göstərə biləcək 5 əsas problemə yönəldib: “Birinci, terrorla əlaqəsi olan və ya bu cür əlaqədə əsaslı şəkildə şübhəli bilinən şəxslərlə həqiqi qaçqın vəziyyətinə düşən şəxslər arasında fərq dəqiq müəyyənləşməli və qaçqın statusunu almaq üçün tələb olunan prosedurlara əməl edilməsi minimum standartlara cavab verməlidir. Əmin olmaq lazımdır ki, qaçqınların müəyyən edilməsi ilə bağlı qərarlar bu sahədə bilikli və yüksək ixtisaslı şəxslər tərəfindən qəbul olunur. Qaçqın statusu almaq istəyən vicdanlı insanların hüquqları pozulmamalıdır. Hamı qəbul etməlidir ki, bu insanlar məhz terrorun qurbanına çevrilərək qaçqın vəziyyətinə düşüb və yaranmış münaqişə vəziyyətindən canını qurtarmaq üçün başqa ölkələrə pənah gətirmək məcburiyyətində qalıblar”.

İkinci məsələ sığınacaq axtaranlarla rəftarla bağlıdır. Bir çox hallarda sığınacaq axtaranlara münasibət müsbət olmur. Onlar dini və milli zəmində diskriminasiyaya məruz qalır və ciddi təzyiqlərlə üzləşirlər. Hesab edirəm ki, sığınacaq axtaranların həbsi istisna hal olmalı, adi bir qaydaya çevrilməməlidir. Bu həbslər yalnız o zaman qəbul edilə bilər ki, onların terrorla əlaqəsinin olmasına əsaslı şübhələr olsun və ya həbslə bağlı şərtlər ədalətli olsun. Bununla belə, daxili qanunvericiliyə əsasən bu həbslər məhkəmə təftişinə tabe olmaqla yanaşı, həm də qeyd edilən prosesə uyğun olmalıdır.

Digər bir mühüm məsələyə - qaçqınların və sığınacaq axtaranların təcrid edilmə məsələsinə toxunan Azay Quliyev qeyd edib: “Unutmaq olmaz ki, həqiqi qaçqınlar və sığınacaq axtaranlar terrorun qurbanı olaraq ölkələr tərəfindən tam şəkildə müdafiə olunmalıdır. Ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərdən başqa heç kim üz tutduğu ölkədə təcridə məruz qalmamalıdır. Onlar beynəlxalq humanitar qanunların tələblərinə uyğun olaraq müdafiə olunmalı və əsassız olaraq qaçqın statusundan məhrum edilməməlidirlər. Mən dövlətləri beynəlxalq hüququn tələbinə əməl etməyə çağırıram”.

1951-ci il Konvensiyası göstərilən proseslə bağlı qanuna əsaslanaraq verilmiş qərara uyğun olaraq qaçqınların ölkədən çıxarılmasına - deportasiyasına milli təhlükəsizlik və ya ictimai asayişə təhlükə ola biləcəyi hallarda icazə verir. Bu halda qaçqına ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün sübutların təqdim edilməsinə şərait yaradılmalıdır”.

Azay Quliyev çıxışında BMT Təhlükəsizlik Şurasının terrorist və sığınacaq axtaranlar/qaçqınlar arasında əlaqələrin olduğunu irəli sürən 1373 nömrəli qətnaməsini tənqid edərək bildirib ki, bu qətnamənin olduğu kimi tətbiqi bir sıra anlaşılmazlıqlara, sui-istifadələrə qanun pozuntularına səbəb olur: “Qətnamədəki müddəaların bəziləri mövcud vəziyyətə tam olaraq adekvat deyil və onların yerinə yetirilməsi qeyri müəyyənliyə, ədalətsiz qərarların qəbuluna, bir sıra hallarda isə pozuntularla səbəb olur. Ona görə də sözügedən qətnamə beynəlxalq qaçqın hüququnun tələblərini nəzərə alaraq tətbiq edilməlidir. Terrorçuların sığınacaq axtaranlarla bağlı sistemdən sui-istifadə etməsinin qarşının alınması üçün dövlətlərin qəbul etdiyi qanuni tədbirlər günahsız qaçqın və sığınacaq axtaranların təqibi ilə nəticələnməməlidir”.

Sonda ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev aparılan müzakirələrin, səsləndirilən tövsiyələrin qlobal terrorizmlə mübarizə kontekstində insan hüquqlarının müdafiə edilməsi işinə töhfə verəcəyinə ümid etdiyini bildirib.


7 Okt 2022
Siyasət

674 adda vəzifədə qadınların işləməyinə qoyulan qadağa ləğv edilir

Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər 674 adda peşədə (vəzifədə) qadınların əməyinə qoyulan qadağanı ləğv edir, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara 204 iş yeri və ya peşədə işləməyə məhdudiyyət qoyur.

7 Okt 2022
Siyasət

Ərdoğan: “Putin bizə təşəkkür etdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı ilə bağlı açıqlama verib.

7 Okt 2022
Siyasət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 728 vaksin vurulub.

7 Okt 2022
Siyasət

Azərbaycanda daha 90 nəfər COVID-19-a yoluxub - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

7 Okt 2022
Siyasət

“Bakı Metropoliteni” sentyabr ayı ərzində daşıdığı sərnişinlərin sayını açıqladı

Sentyabr ayı ərzində “Bakı Metropoliteni” 18 milyon 336 min 117 sərnişin daşıyıb.