Aİ və Azərbaycan yeni layihəyə başladı

Aİ və Azərbaycan yeni layihəyə başladı
01 Avq 2019 12:00


Kənd Təsərrüfatı Nazirliyi Avropa İttifaqı (Aİ) ilə birgə “Azərbaycanda kənd yerlərinin inkişafı üzrə milli siyasətin gücləndirilməsi” tvinninq layihəsinə başlayıb.

Realpress.az xəbər verir ki, iki il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihənin əsas komponentləri kənd yerlərinin inkişafı və kənd təsərrüfatına dövlət dəstəyinin müəyyənləşdirilməsi, proqramlaşdırılması və idarə edilməsidir. Layihəyə İtaliya, Polşa və Litvadan olan mütəxəssislər cəlb olunub.

Aİ-Azərbaycan tvinninq layihəsinin təqdimatında çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi indiyədək Avropa İttifaqı ilə birlikdə bir sıra layihələr həyata keçirib:

“20 ildən artıq müddətdə davam edən əməkdaşlığımız geniş təcrübə mübadiləsinə imkan verib. Əminik ki, yeni başlayan layihə Azərbaycanda kənd təsərrüfatının inkişafında, bu sahə üçün əhəmiyyətli olan kadrların hazırlanması və biliklərin artırılmasında xüsusi rol oynayacaq”.

Aİ-nın Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti yeni layihənin Azərbaycanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı potensialının davamlı artımına mühüm töhfə verəcəyinə əminliyini bildirib:

“Layihənin müxtəlifliyi ona ətraf mühiti və kəndin mədəni irsini qorumağa imkan yaradacaq. Avropa İttifaqının bu sahədə ən uyğun və yüksək bacarıqlara malik üç ölkəsinin Aİ-Azərbaycan təşəbbüsünə qoşulmasını görməyə çox şadam. Bu layihə kənd təsərrüfatı, kənd inkişafı və qida təhlükəsizliyi sahələrində Aİ-Azərbaycan tərəfdaşlığını davam etdirir və kənd həyat səviyyəsinin yaxşılaşdırılmasına, ərzaq təhlükəsizliyinin yüksəldilməsinə, bazara çıxışı və beləliklə də, ticarət perspektivlərini artırır”.

Öz növbəsində, layihəni həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, aqrar sahəyə dövlət dəstəyi bilavasitə kənd yerlərinin inkişafına xidmət edir. Çünki kənd yerində yaşayan insanın həyat səviyyəsi aqrar sahədə məşğulluqla bağlıdır.

“Azərbaycanda kənd yerlərinin inkişafı üzrə milli siyasətin gücləndirilməsi” layihəsinin rəhbəri olan M.Əliyev əlavə edib ki, Azərbaycan Prezidentinin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə kənd təsərrüfatı texnikaları və damazlıq heyvanların güzəştli şərtlərlə satışına tətbiq edilən yeniliklərdən sonra 27 iyun 2019-cu il tarixli fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın da təsdiqlənməsi aqrar sahəyə dövlət dəstəyinin davamlı olacağını nümayiş etdirir:

“Subsidiyaların məqsədyönlü və təyinatı üzrə yönləndirilməsinin təşkili qarşımızda duran əsas vəzifədir. Ağıllı alətlərlə idarə edilən subsidiya sistemi həm dövlət vəsaitini qorumağa imkan verəcək, həm də fermerlərə dəstək olaraq istehsala həvəsləndirəcək”.

Tvinninq layihəsinin məqsədi Avropa İttifaqının ümumi kənd təsərrüfatı siyasətinin uğurlu mexanizmlərinin və ən yaxşı təcrübələrinin müəyyənləşdirilməsi yolu ilə Azərbaycanda kənd yerlərinin inkişafının həyata keçirilməsi üçün milli siyasət və vasitələrin gücləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə dəstək verməkdir. 

Layihə kənd təsərrüfatına dair strategiya və siyasətin hazırlanması və kənd yerlərinin inkişafının təşviqi ilə yanaşı, Aİ təcrübəsinə əsaslanan informasiya texnologiyaları prosedurlarının və kompleks idarəetmə və nəzarət sisteminin hüquqi aspektləri daxil olmaqla, əlverişli inzibati mühitin inkişaf etdirilməsi və müvafiq kadr potensialının qurulmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.


20 Avq 2019
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 20 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

19 Avq 2019
İqtisadiyyat

Pensiyaçıların dəqiq sayı açıqlanıb - Yarıdan çoxu yaşa görə alır

Pensiyaçıların dəqiq sayı açıqlanıb - Yarıdan çoxu yaşa görə alır