Bu səbəblər insanı qəfil öldürür - Həkimdən xəbərdarlıq

Bu səbəblər insanı qəfil öldürür - Həkimdən xəbərdarlıq
29 May 2019 11:01

Statistikalara əsasən, 40 yaşdan sonra qadınlarda varikoz xəstəlikləri daha çox rast gəlinir.

Fleboloq cərrah İsmayıl Əsgərov varikoz xəstəliyinin yaranma səbəbləri və müalicə üsulları haqqında danışıb.

Mütəxəssisin Publika.az-a verdiyi müsahibəni təqdim edirik.

- Varikoz xəstəliyinin son illərdə dünyada geniş yayılmasının səbəbləri kimi nə göstərilir?

- Statistikaya əsasən, varikoz xəstəliyi yer kürəsinin 70-80 faizini əhatə edir. Amma bu göstəricilər xəstəlik olaraq deyil, əsas hissəsi kosmetik problem üzərindədir. Varikoz insanların təxminən 20 faizində xəstəlik formasındadır. Ümumiyyətlə, varikoz dedikdə irili-xırdalı kapilyardan tutmuş, böyük ölçüdə qıvrım damarlara, irəli mərhələdə ayaqda şişkinliyin yaranmasına, dəridə bərkiməyə, qaralmaya, yaranın əmələ gəlməsinə, trombun olmasına, qan axmanın baş verməsinə qədər müxtəlif fəsadlara rast gələ bilirik. Amma ən çox rast gəlinən növü ilkin mərhələdə kapilyarların yaranmasıdır.

Varikoz xəstəliyinin yaranmasının əsas səbəbi irsi-genetik amilin üzərindədir. Eyni zamanda həyat və xarici mühit faktorları: artıq çəki, uzun müddət ayaqüstə qalmaq və ağır-fiziki iş varikozun təbii səbəbkar qüvvələridir. Əgər idman zalında 10 nəfərdən 2-də varikoz yaranıbsa, demək ki, onlarda xəstəliyə genetik meyil var. Genetik olmasa belə, irsi konstitual meyil var.

- Bütün varikoz xəstəliklərini yüz faiz müalicə etmək mümkündür?

- Bu, varikoz xəstəliyinin nədən qaynaqlanmasından asılıdır. Ümumiyyətlə, varikozla bağlı müraciət edən xəstəyə fleboloq tərəfindən ilk növbədə venaların dopler müayinəsi həyata keçirilir ki, bu da problemin kökünün nədən qaynaqlandığını, problemin həcmini və digər vacib amilləri müəyyən etməyə imkan verir. Əgər varikoz xəstəliyi iri magistral damarlardan qaynaqlanırsa, bu zaman xəstəliyin kökünü birdəfəlik aradan qaldırmaq mümkündür. İri damarlara bağlı olan problemlər müalicə edildikdə əsla yaranmaz.

Əgər iri damarlar normaldırsa və problem populyasiyanın əsas hissəsini təşkil edən xırda kapilyarlar zəmnindədirsə, bu zaman aparılan müalicə müvəqqəti xarakter daşıyır, əksər hallarda o təkrarlana bilir.

- Kapilyar damarların olması gələcəkdə varikozun şiddətlənməsi deməkdir?

- Əgər dopler müayinəsində əsas damarların vəziyyəti normal çıxıbsa və bunun fonunda xırda kapilyarlar müşahidə olunursa, xəstələr narahat olmasın. Bu zaman kapilyarlar iri damarlara çevrilməz.

Lakin əsas damar problemi varsa, əlbəttə ki, nəticə olaraq xırda kapilyarların qıvrımlara çevrilməsi və kapilyarların artımı qazçılmaz olacaq.

- Diabetik yaraların yaranma səbəbləri nədir?

- Diabetik yaralar, xüsusən də diabetik pəncə bu gün dünyada xəstəxanada yatış sayı və maddi baxımdan çox vəsait tələb edən xəstəlikdir. Diabet xəstələrinin təxminən 15 faizi, təxminən 6-7 xəstədən biri həyatının hər hansı bir çağında diabetik yara ilə rastlaşır. Bu yaranın əmələ gəlməsində iki əsas faktor var. Birincisi, arterial qan dövranının, ikincisi isə, sinirlərin zədələnməsi ilə bağlıdır. Bu xəstələrdə damar tutulması, digər yandan da sinir zədələnməsi baş verir.

Hər birimizin ayağına iynə, yad cism batanda və ya kəsilib sürtüləndə, biz bu zədəni hiss edirik. Zədəni hiss etdiyimiz üçün ağrı faktorundan dolayı həmin yeri əzilməyə qoymuruq və özümüzü qoruyuruq. Amma diabetik xəstələrdə sinir hissiyyatı zəifləyir. Bu, şəkərli-diabetik xəstələrin təxminən 70-90 faizini əhatə edir.

Sinir hissiyatı zəiflədiyinə və ağrı hissi azaldığına görə, nəticədə xəstələr bu tip mikrotravmaları hiss etməzlər. Məsələn, yay mövsümündə dənizə gedəndə ayağına batan daş qırıntıları hiss etməyəcək. Burada iki amil var.

1. Xırda bir travmanı və onun infeksiyalaşmasını ilkin mərhələdə bilməməsi;

2. Orqanizmin şəkərli diabetə bağlı olaraq immun sisteminin zəifləməsi.

İmmun sisteminin zəifləməsi fonunda kiçik infeksion proseslər daha aqressiv hal alır və ağır gedişatla təzahür edir.

- Diabetik yaraların müalicəsi zamanı nələrə diqqət etmək lazımdır?

- Bu və ya digər səviyyədə amputasiya göstərişi varsa (burada bir və ya bir neçə barmaq, pəncənin və ya baldırın amputasiyasından söhbət gedə bilər), bir çox hallarda yalnış stereotiplər üzə çıxır. Məsələn, xəstənin barmağında diabetik yara başlayıbsa, qarşısını almaq və qanqrenanın yayılmaması üçün təklif edirlər ki, ayağı buddan kəsilsin. Buradan belə çıxır ki, barmağında yara olan hər xəstəni belə amtusiyaya sövq etsək, ölkəmizdə əlillərin sayının artmasına səbəb olarıq.

Diabetik xəstələrin müalciəsində yaranma faktoru müəyyən edilir. Əgər yaranın yaranma səbəbi damar tutulmasıdırsa, birinci faktor damarın açılması üzərində olacaq.

Sinir zədələnməsinə bağlı olduqda, yara əzilmədən azad olunacaqdır. Əgər yara pəncənin ortasında yerləşirsə, elə ayaqqabı seçmək lazımdır ki, yara əzilməsin. Yekun olaraq, istər hər hansı amputasiya səviyyəsində, istərsə də irinin boşaldılması yolu ilə bu yara sağalır. Yara sağaldıqdan sonra, növbəti mərhələdə xəstə “Mən sağalmışam” deyib siqaret çəkməyə davam edəcəksə, həkim tərəfindən yazılan qan durulaşdırıcı dərmanları dayandıracaqsa və ya ayaqyalın gəzəcəksə, ayağını qaynar vannaya qoyacaqsa, spirt, yod, “zelyonka” kimi aşılayıcılar istifadə edəcəksə, əlbəttə ki, bu yaralar təkrar olaraq əmələ gəlməyə davam edəcək.

Yox, əgər ayaq baxımını düzgün icra etsə, biz təxminən 80 faiz amputasiyaların qarşısını ala bilərik. Ümumiyyətlə, bu gün dünyada non-travmatik olan, yəni travma səbəbindən olmayan amputasiyaların 70 faizi diabetik ayaqlar təşkil edir.

- Siqaretin zərərləri haqqında az-çox bilirik. Bəs, onun diabetik yaraların müalicəsində mənfi təsiri nədən ibarətdir?

- Siqaretin elmə məlum olan bildiyimiz əsas təsiri odur ki, kiçik və böyük damarların tutulmasına səbəb olur. Həm mikro, həm də makro səviyyədə damarların tutulması baş verir. İkincisi, immun sisteminə basqılayıcı təsiri vardır ki, bu da yekun olaraq damarlaırn tutulmasını sürətləndirir. Sağlam bir insanda damar tutula bilirsə, deməli, açılmış damar da tutula bilər. Diabetik xəstələrdə bu orqanizm zədələndiyi üçün onlarda kiçik bir qığılcım - stress faktoru və ya dərmanların dayandırılması yetərlidir ki, təkrar olaraq damar tutulmasına səbəb olsun və vəziyyəti daha da pisləşdirsin.

- Yəni siqaretdən imtina bu müalicədə əsas şərtlərdən biridir.

- Bəli.

- Xəstələr buna əməl edə bilirmi?

- Bizə müraciət edən xəstələrlə aqressiv davranmağa məcbur oluruq. Əgər xəstə siqaret çəkməkdən imtina etmirsə, təəsssüf ki, o xəstəni müalicə etmirəm və müalicə etməyə cəhd göstərmirəm. Bu xəstələr ölkədən kənarda müalicə aldıqda, həkimlərin “Siqaret çəkmə” sözünə əməl edir, amma yerli həkimlərin “Siqaret çəkmə” sözünə məhəl qoymur. Bu baxımdan birmınalı şəkildə xəstələrə ətraflı məlumat verir və xəstəxanaya üz tutmaqda əsas məqsədinin nə olduğunu soruşuruq. Əgər məqsəd sağalmaqdırsa, bizim üzərimizə düşən öhdəliklə yanaşı, xəstələr də öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Təəssüf ki, müraciət edən xəstələrin əksəriyyəti birincili deyil, girişmiş halda olan xəstələrdir.

- Diabetik yaraların yaranmasında qidalanmanın rolu hansı səviyyədədir?

- Əlbəttə ki, nəzarətsiz, xüsusilə şirin qidaların qəbulu şəkərin miqdarının yüksəlməsinə, yekun olaraq damarların tutulmasına və diabetik yaraların yaranmasına gətirib çıxaracaq. Həmçinin yağlı qidalaırn rolunu xüsusi qeyd etmək lazımdır.

- Bəs trombların fəsadları nələrdir?

- Tromb arteriya və vena damarından ola bilər. Məşğul olduğumuz sahə vena damarlarının tormblarına dairdir. Venada yaranan tromblar həm dərində, həm də səthidə yerləşən damarlarda ola bilər. Təəssüf ki, tromb dərində yerləşən damarlarda olduqda, vəziyyət daha acınacaqlıdır. Çünki onların əksəriyyətini əməliyyat etmək qeyri-mümkündür, hətta qəfil ölümlərə səbəb ola bilər.

Səthi venalarda trombun olmasının başlıca səbəbi varikoz xəstəliyidir. Statistik olaraq varikoz xəstələrində dərin venaların trombunun yaranması ehtimalı digər insanlara nisbətən 10 dəfə daha çoxdur.

- Varikoz xəstəliklərində zəli istifadəsinin fayda və ya zərərləri nələrdir?

- Təəssüf olsun ki, irili-xırdalı damarlardan fərq etməyərək, problemin mərhələsindən asılı olmayaraq, varikozun müalicəsində hər hansı məlhəmin və tabletin rolu yoxdur. Bu zaman “Corabların bir rolu varmı?” sualı ortaya çıxır. Əgər iri damar problemi varsa, bu problem aradan qaldırılana qədər geyinilməsi vacibdir, amma zəlinin və digər alternativ vasitələrin rolu qeyri-mümkündür. Çünki bu işin məğzi xırda kapilyar səviyyəsində qan çıxartmağa əsaslanır. Burda da zəlinin təsir mexanizmi yalnız dəri səviyyəsindədir. Zəli hesabına qan durulaşdırıcı effekt ummaq belə absurddur.

Qanda şəkərin, laxtalanmanın və xolesterinin yüksək olduğunu laborator analizə əsasən demək olar. İstər zəli, istərsə də hacamat adalanan digər qan çıxartma müdaxiləsindən əvvəl və sonra qanda şəkərin, xolesterinin və kreatinin miqdarı kimi ayrı-ayrı göstəricilər yoxlanılmalıdır. Əgər laborator analiz bu prosedurlardan sonra heç bir göstəricinin dəyişmədiyini deyirsə, biz nəyə əsasən dəyişdiyini deyə bilərik. Odur ki, bu tip vasitələrin istifadəsi uğursuz məsələdir.

Təəssüf olsun ki, bu gün insanlar fleboloqa müraciət etmək yerinə, zəli müalicəsinə üz tutur. Məsələn, həftə ərzində mərkəzimizə müraciət edən iki-üç diabetik xəstələrdə bilavasitə qanqrenaya səbəbkar kimi zəli istifadəsini görə bilirik. Bu da təəsssüf doğuran faktorlardır. İnsanlar müasir tibbdən qaçıb ibtidai təbabətə üz tutur. Çox maraqlıdır ki, cəmiyyət müasir dövrün bütün texnalogiyalarından istifadə edir, amma tibbə çatanda empirik tibbin daha yaxşı olduğunu düşünürlər. Bu insanlar da həkimə çox gecikmiş mərhələdə müraciət edir.

- Varikoz xəstəliklərinin şiddətlənməsi ürək xəstəliklərinə təsir göstərir?

- Varikoz damar genişlənməsi fonunda tromb yarana bilərsə, bu, ürək xəstəliklərinin yaranmasına səbəb ola bilər. Tromb yaranmadığı halda varikoz xəstəliyi ürəkdə və ya digər dərəcədə hər hansı təsir etməz. Yalnız tromblaşma zamanı biz o əlaqəni görə bilirik.

- Varikozun müalicəsində xəstələrin ən çox buraxdığı səhvlər hansılardır?

- Xəstələrin həkimə gələnə qədər evdə xalq təbabəti yolu ilə müalicəyə cəhd etməsi. Varikoz əleyhinə bir çox dərmanların istifadəsi xəstəliyin daha şiddətlənmiş müracitəinə səbəb olur.

Dərmana maye vurulması hesabına kapilyarların aradan qaldırılması üçün istifadə olunan skleoterapiya üsulu təəssüf olsun ki, əsas damar problemi olduğu halda bəzi işbazlar tərəfindən damarlara vurulur. Dərmanın yandırıcı yapışqan kimi təsiri var, nəticədə həmin iri damar problemi müvəqqəti olaraq kiçik formada görünür. Bu xəstələr bizə çox gecikmiş halda, yara, tromb və ya qanaxma ilə müraciət edir. Əlbəttə ki, xəstənin həkimə gecikmiş halda gəlməsi onun bilərəkdən və ya bilməyərəkdən buraxdığı əsas səhvləridir. Naftalan və ya digər müdaxilələrdən fayda görə bilmək ümidi ilə istifadə edilməsi, əksinə olaraq problemi daha da artırır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.