Bakıda ilk dəfə incəsənət əsərlərinin hərracı keçirilib - FOTO

Bakıda ilk dəfə incəsənət əsərlərinin hərracı keçirilib - FOTO
22 May 2019 08:49


Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” hotelində paytaxtımızda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirilib.

Nazirlikdən Realpress.az-a verilən məlumata görə, auksion ölkəmizdə mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədilə təşkil olunub.

Auksionda Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Gennadi Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzəyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov və Aslan Rüstəmovun rəsm əsərləri, eləcə də Şamil Cəfərovun “İnqermandland” adlı I Pyotr (1682-1725) dövrünə aid döyüş gəmisinin maketi təqdim olunurdu.

Auksion haqqında mətbuata açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi: “Bizim təcrübədə ilk dəfədir ki, Azərbaycanda beynəlxalq tələblərə uyğun olaraq rəssamların əsərləri auksion vasitəsilə satışa çıxarılır. Bu proses ölkəmizin yaradıcılıq sənayesinin inkişafı baxımından çox önəmli bir hadisədir. Hazırda dünyada yaradıcılıq sənayesi vasitəsilə böyük maliyyə imkanları əldə edilir”.

Nazir vurğuladı ki, gələcəkdə Azərbaycan rəssamlarının əsərləri nəinki ölkə daxilində, həmçinin xaricdə də keçirilən auksionlarda iştirak edə bilər. Bu təşəbbüs dəstəklənəcək və gələcəkdə bu kimi auksionlar mütəmadi keçiriləcək.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirdi ki, auksion ölkəmizin sənət tarixində ilk hadisədir və “Auction Baku” MMC bundan sonra da bu cür hərraclar gerçəkləşdirəcək. Təqdim olunan əsərlər Azərbaycanın tanınmış rəssamlarının işləridir. Auksiona çıxarılan əsərlərin hamısı şəxsi kolleksiyalarda yer alır.

Daha sonra hərracın ilk çəkici vuruldu və auksion başladı. Rəssam Mahmud Rüstəmovun ilkin qiyməti 500 manat olan “Yarpaqlar” tablosu hərraca çıxarılaraq 1000 manata satıldı. Aslan Rüstəmovun “Bahar 2015” əsəri 2200 manata, Mirazər Abdullayevin “Sürət” əsəri 3300 manata, Şamil Cəfərovun “İnqermandland” gəmisi 1300 manata alıcısını tapdı. İlk auksionda ümumilikdə beş lot satıldı. Ən bahalı lot Mirazər Abdullayevin “Sürət” əsəri oldu.

Auksionda xalq rəssamları Böyükağa Mirzəzadənin “Səhnə arxasında”, Mara Rəhmanzadənin “Göl”, “Lənkəran” tabloları, həmçinin Tofiq Cavadovun “Kamal Əhmədin portreti” və başqa əsərlər təqdim olunurdu.

Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilk qiymətləri 500-70 000 manat arasında təyin olunmuşdu.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.