Leyla Əliyeva Toplan sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTO

Leyla Əliyeva Toplan sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTO
16 Fev 2019 09:40


Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılan “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat Kommunal Departamentinin sanitariya və texniki təmizlik idarəsinin ərazisində yerləşən mərkəzdə yenidənqurma işlərinə 2018-ci ilin oktyabr ayında başlanılıb. Ərazisi 2500 kvadratmetrə yaxın olan mərkəz üç inzibati-təsərrüfat binasından ibarətdir.

Leyla Əliyeva mərkəzlə tanışlıq zamanı itlərin saxlanması şəraitinə baxıb. Bildirilib ki, burada itlərin saxlanılması üçün xüsusi yerlər - volyerlər, karantin-reabilitasiya qəfəsləri yaradılıb. Ərazi abadlaşdırılıb, işıqlandırma və havalandırma sistemləri qurulub. Qurumun əməkdaşları Bakı ərazisində sahibsiz itləri toplayaraq mərkəzə təhvil verəcəklər. Burada həmin heyvanlar peyvəndlənəcək, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılacaq. Hər bir it çiplə təmin olunacaq. Yardım göstərildikdən sonra itlər yenidən tutulduqları əraziyə buraxılacaqlar. “Toplan” mərkəzinin baytar bloku müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıq və preparatlarla təchiz edilib. Həmçinin burada əməliyyata hazırlıq, əməliyyat, müayinə, ordinator, baytarlıq preparatlarının saxlanması otaqları var. Sahibsiz itlərin daşınması və təcili tibbi yardım üçün avtomobillərlə təchiz olunan mərkəz həftə ərzində bütün zəruri prosedurlardan keçirilmək şərti ilə 30-50 it qəbul etmək gücündədir. Buraya daxil olmuş sahibsiz itlərin mərkəzləşdirilmiş qeydiyyatı sistemi də yaradılıb. Heyvanın tutulduğu tarix və ünvan, vəziyyəti, həyata keçirilmiş tibbi yardımlar və mikroçipin nömrəsi xüsusi informasiya bazasına daxil edilir. Sərbəst buraxılan və sahiblərini tapan itlər barədə də bazaya müvafiq məlumatlar yerləşdirilir. Mərkəzin əməkdaşları baytarlar, itlərin toplanması ilə məşğul olan şəxslər və digər personal üçün xarici mütəxəssislərin iştirakı ilə təlimlər keçirilib.

Sonra “Toplan” mərkəzinin növbəti hissəsinin təməli qoyulub.

Bildirilib ki, sonrakı mərhələdə bir neçə təsərrüfat binası və 80-ə yaxın itin saxlanılması üçün xüsusi yer - volyer və karantin-reabilitasiya qəfəsləri yaradılacaq.

Qeyd edək ki, 2018-ci ildən başlanan layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində, eyni zamanda, müxtəlif maarifləndirmə işləri aparılır. 

Realpress.az




19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.

18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.