Eyzenmenger sindromu

Eyzenmenger sindromu
09 Yan 2019 10:40

Eyzenmenger sindromu anadangəlmə ürək qüsuru olanların bir qismində rast gəlinən və həyatının sonrakı illərində baş verən ağırlaşmadır. Bu sindrom ürəyin sol və sağ boşluqları, eləcə də ürəkdən çıxan magistral arteriyalar arasında əlaqə olan xəstələrin vaxtında əməliyyat olunmaması nəticəsində yaranır. Geniş qulaqcıqarası çəpər defektləri, mədəcikarası çəpər defektləri və ya ventrikulyar septal defekt (VSD), atrioventrikulyar qapaq (A-V Kanal), aorta-pulmonar window, persistent trunkus arteriozus, VSD-li transpozisiyalar, bəzi geniş VSD-li tək mədəcik xəstələrində bu sindroma rast gəlmək mümkündür. Sindrom bu xəstəliklərdən əziyyət çəkənlərin hamısında eyni vaxtda inkişaf etmir. Belə ki, pulmonar hipertenziya bu xəstələrin çoxunda 3-6 aydan sonra inkişaf etməyə başlayır. Çox vaxt həyatın 2-3-cü onilliyində ağciyər təzyiqi sistemik təzyiqi üstələyir və şunt tərs dönərək sağdan-sola olur. Bu mərhələdən sonrasına Eyzenmenger sindromu deyilir.

Realpress.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsənov məlumat verib.

Cərrah xəstəliyin əlamətləri haqqında məlumat verərək deyib: "Xəstələrdə ağır ağciyər-ürək çatışmazlığı və buna bağlı təngnəfəslik müşahidə edilir. Bundan başqa, çirkli qan təmiz qana qarışaraq sistemik orqanlara getdiyi üçün göyərmə, yəni sianoz müşahidə edilir. Bu xəstələrin əl barmaqları təbil çubuğu, dırnaqları isə saat şüşəsi şəklində olur. Bəzilərində diferensial sianoz inkişaf edir, yəni yalnız aşağı ətraflar göyərir. Sianoz dərinləşdikcə eritrositlərin miqdarı, qanın viskozitəsi artır, beyində tromboz, insultlar, abseslər formalaşa bilir. Eyzenmenger sindromu yarada bilən ürək qüsurları həyatın ilk aylarında uşaqlarda qidalanma çətinliyi, təngnəfəslik, soyuq tərləmə, fiziki inkişafda həmyaşıdlarından geri qalması, ürəkdə çarpıntı, döyünmə şikayətləri ilə qarşımıza çıxır. Ürək ağrısı və sianoza isə ilk mərhələlərdə rast gəlinmir. Təbii ki, burada bəzi qüsurlar istisnadır".

Mütəxəssis bildirib ki, sindroma inkişaf etməkdə olan ölkələrdə daha çox qeydə alınır. O, həmçinin deyib: "Eyzenmenger sindromu ürək qüsurlarının ən ciddi ağırlaşmasıdır. Xəstəliyin müalicəsində daha çox yeni nəsil dərman preparatları istifadə edirik. Adətən sindromdan əziyyət çəkənlər həyatın 2-3-cü onilliyində aşkarlanırlar. Bu xəstələrin hamısında transplantasiya icra olunmazsa, bir neçə il ərzində ölüm qaçınılmazdır. Medikal müalicə xəstəliyi aradan götürmür, xəstənin şikayətlərini nisbətən azaldır. Lakin qulaqcıqarası çəpər defektində bu sindrom daha gec yaşlarda başladığı üçün 70 yaşadək yaşayanlar da var. Hər bir uşaq ürək qüsurunun ideal əməliyyat zamanı mövcuddur. Qüsurların əksəriyyəti körpənin altı ayına qədər mütləq əməliyyatla aradan qaldırılmalıdır. Bəzən isə iki yaşadək edilən əməliyyatlar müsbət nəticə verir. Həmin xəstələr 10-15 yaşlarında artıq əməliyyat şanslarını itirirlər. Sindroma keçəndə isə ürək-ağciyər çatışmazlığı artıq başlamış olur. Cərrahi müalicəsi yalnız transplantasiyadır. Bu zaman iki cür transplantasiya mövcuddur. Birincisi yalnız ağciyər transplantasiyası icra edib ürəkdəki defekti bağlamaqdır. Digəri isə ikisini birlikdə, ürək və ağciyər transplantasiyasını həyata keçirməkdir. Ölkəmizdə bu istiqamətdə müalicə hələ mövcud deyil. Dünyada isə cərrahi müalicə ilə yanaşı, medikal müalicə üzərində də araşdırmalar ciddi şəkildə davam etdirilir. Çünki transplantasiya donor çətinliyi baxımından çox az halda tətbiq oluna bilir".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.