Onkoloq Nəsimi Qasımov:Bədxassəli şişlərin yaranmasının başında siqaret gəlir

Onkoloq Nəsimi Qasımov:Bədxassəli şişlərin yaranmasının başında siqaret gəlir
11 Okt 2018 15:41

Son vaxtlar insanların kabusuna çevrilən və hər kəsi qorxu içində yaşamağa vadar edən xərçəng xəstəliyi sanki bir epidemiya kimi yayılmaqda və getdikcə gəncləşməkdədir. Hər kəs bir gün həyatını və ya ailə üzvünü, yaxın qohumunu bu xəstəlikdən itirəcəyi düşüncəsi ilə yaşayır.

Realpress.az xəbər verir ki, "Yeni Müsavat" bu xəstəliklə bağlı Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımovla müsahibəni təqdim edir.

- Nəsimi müəllim, xərçəng xəstəliyinin son vaxtlar sürətlə yayılması ilə cəmiyyətdə bir xof yaranıb və sağlam insanlar qorxu içində yaşayırlar. Bu xofun, qorxunun səbəbi nədir? Xərçəng bütün hallarda ölüməmi aparır?

- Dünyada və Azərbaycanda bədxassəli şiş xəstəliklərinin yayılması və ondan ölüm hallarının artmasından danışarkən gərək ilk növbədə ölkəmizdə ən çox ölümlə nəticələnən əsas xəstəliyə də diqqət çəkək. Hazırda ölkəmizdə də, dünyada da ən geniş yayılan xəstəlik ürək-qan damar sistemi xəstəlikləri və beyin qan damarlarının xəstəliklərindən baş verən ölüm hallarıdır. Bizim ölkədə bu səbəbdən olan ölümlər az qala əhali arasında ölüm hallarının yarısını təşkil edir: orta hesabla 47-49 faiz, bəzi hallarda isə 50 faizə qədər çatır. Ölüm halları çox olsa da, ürək xəstəliklərinin istər aşkarlanmasında, istərsə də müalicəsində səhiyyəmiz sıçrayışla irəliləyib. MDB ölkələrindən, Baltikyanı ölkələri çıxmaq şərtilə, bəlkə də bu sahədə ən yaxşı tibb məhz bizim ölkədədir. Nəinki Bakıda, hətta bölgələrimizdə də ürək tutmaları ilə gələn şəxslərin təcili anjuqrafiyasını edirlər, lazım olarsa stend qoyurlar və ölümün qarşısını alırlar. Lakin buna baxmayaraq qəfləti ölüm səbəbləri arasında ürək xəstəliyi və beyin qan damarları xəstəlikləri öndə gedir. İkinci yerdə bundan az qala 3 dəfə az olan, ölüm səbəblərinin 17 faizini təşkil edən bədxassəli şiş xəstəlikləri dayanır.

- Bəs niyə əhali ürək xəstəliklərindən bu qədər qorxmur, ancaq bədxassəli şiş xəstəliklərini eşidəndə bu qədər gərginlik keçirir?

- Səbəb odur ki, ürək xəstəliyi olanlar qəfil ölümlə dünyadan gedir, ya da təcili xəstəxanaya çatdırılır və həkim müdaxiləsi ilə sağalırlar. Ancaq bədxassəli şiş xəstəliklərinə tutulanda, bunun qəfil ölümü olmur. Bu xəstəlik bir müddət gedir və bu xəstələr arasında ölüm halları başlayır. Biz onkoloqlar olaraq adətən beşillik yaşayışa çatmış xəstələrə kifayət qədər yardım etdiyimizi bildiririk. Ancaq bir çox xəstələr də var ki, hətta 10,15, bəzən 20 il yaşayırlar. Mənim bir xəstəm bədxassəli şişdən sonra 36 il yaşamışdı. Əhalinin bu xəstəlikdən bu qədər qorxmasının səbəbi bəlkə də həkimlərin çox vaxt pessimist məlumatlar verməsindən asılıdır.

- Xərçəng xəstəliyinin hansı növləri ölkəmizdə daha çox yayılıb?

- Bədxassəli şiş xəstəlikləri ilbəil artır. Hətta bəzi növləri, məsələn, süd vəzi xərçəngi son 20 ildə iki dəfə artıb. 2017-ci il üzrə qadınlar arasında süd vəzi xərçənginə tutulanların sayı 1967 nəfər olub. İkinci yerdə ağciyər xərçəngi gəlir - 1304 nəfər. Ağciyər xərçəngi həm kişilərdə, həm qadınlarda olur, lakin süd vəzi xərçəngi yalnız qadınlarda olur. Bu xəstəliklərin ölkəmizdə sürətlə yayılması həqiqətən təşviş doğurur. 20 il öncə bu rəqəm 600 idi, 3 dəfə artıb. Həmçinin yaş etibarilə də cavanlaşıb. Əvvəl deyirdik ki, 40 yaşından sonra bədxassəli şiş xəstəlikləri artır, 10 il əvvəl isə artıq bu rəqəm 35-ə düşdü. Amerikalıların böyük bir tədqiqatı var və ona əsasən artıq 2017-ci ildən 30 yaşdan sonra insanlarda bədxassəli şiş xəstəliklərinə rast gəlinməsi məsələsinə baxılır.

- Nəsimi müəllim, xəstəliyin bu cür artmasında, gəncləşməsində hansı amillər rol oynayır?

- Bizə Moskvada dərs demiş və sovet onkologiya elminin banisi sayılan Nikolay Nikolayeviç Bloxinin ötən əsrin 80-ci illərində bu xəstəliyə həsr olunmuş bir mühazirəsi bu cümlə ilə başlayırdı ki, XX əsrin sonu, XXI əsrin əvvəlində hər kəs öz xərçənginə qədər yaşamalıdır. Yəni insan ömrü o qədər artmalıdır ki, nəhayətində o, bədxassəli şişə tutulmalıdır. Bəli, həqiqətən də onkoloji xəstəliklər artır. Amerikalılar bayaq qeyd etdiyim tədqiqatlarında onillərlə araşdırma apardıqdan sonra bu nəticəyə gəliblər ki, bədxassəli şişlərin əmələ gəlməsinin 42 faizi, ölümün isə 50 faizi risk faktorlarından asılıdır. Digər 50 faizi isə orqanizm doğulduğu gündən gələcəkdə bədxasssəli şişlərin əmələ gəlməsinə səbəb olacaq hüceyrələrin vəziyyətindən asılıdır. Bu, hələ bədxassəli şişə keçməyib, ancaq orqanizmdə baş verən çox mürəkkəb mutasiya hadisələrindən sonra keçə bilər.

- Bəs bu xəstəliyin yaranmasına səbəb olan amillər hansılardı?

- Bədxassəli şiş xəstəliklərinin artmasında rol oynayan risk faktorları bunlardır: Birincisi, siqaret çəkmək - orqanizmdə bədxassəli şişlərin yaranmasında siqaretin böyük rolu var. Siqaret çəkməyin isə iki forması var, aktiv siqaret çəkənlər və passiv çəkənlər. Aktiv siqaret çəkənlər birbaşa siqaret tüstüsünün tərkibində olan kanserogen maddəni də qəbul etmiş olurlar. Bu maddə ağız boşluğunda, qida borusunda, mədədə, bağırsaqlarda, qaraciyərdə onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Həmçinin passiv siqaret çəkənlərdə, yəni kənardan onun tüstüsünə məruz qalanlarda ağciyərdə və yuxarı tənəffüs yollarında bədxassəli şişlər meydana gələ bilər. Məhz buna görədir ki, hələ 1975-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı qərar qəbul etdi ki, dünyada siqaretlə mübarizə aparılsın. Bu mübarizəyə əksər ölkələr qoşuldu, bizdə isə bu mübarizə getmədi. Yalnız son illər parlamentdə qəbul edilən qanunlarda siqaretlə bağlı dəyişiklik edilib, cərimələr müəyyənləşib.

İkinci risk faktoru artıq bədən çəkisidir. Bu da bir neçə amildən asılıdır - alkoqoldan, çox yeməkdən, düzgün qidalanmamaqdan, aktivliyin olmamasından və sair. Artıq çəki qadınlarda süd vəzi və uşaqlıq cismində, eləcə də digər orqanlarda bədxassəli şiş xəstəliklərinin əmələ gəlməsində əsas rol oynayır.

Üçüncü risk faktoru spirtli içkilərin qəbuludur. Düzdür, bu o qədər də geniş yayılmayıb, söhbət hər gün qəbul olunan içkidən gedir. Yoxsa vaxtaşırı az miqdarda içilən içkinin elə bir ziyanı yoxdur.

- Dünya alimləri qırmızı ətin də insan orqanizmində bədxassəli şişlərin yaranmasına səbəb olduğu ilə bağlı iddialar irəli sürür. Bu nə dərəcədə doğrudur?

- Bəli, belə bir yanaşma var. Ət məhsullarının, heyvani yağların həddindən artıq çox qəbulu bədxassəli şiş xəstəliklərinin əmələ gəlməsində böyük rol oynayır. Bununla yanaşı, yenidən işlənərək satışa buraxılan ət məhsulları var. Bunlar hisə verilmiş ətlər, istiotlanmış ətlər, hisə verilmiş balıqlar, kiçik hisə verilmiş balıqlardır. Ancaq bir şeyi də unutmaq olmaz ki, bəzi zülallar yalnız qırmızı ətdə mövcuddur. Bədxassəli şiş xəstəliklərinin əmələ gəlməsi deyərkən söhbət ətin qəbulundan getmir, onun hazırlanması qaydasından və həddindən artıq çox istifadəsindən gedir. Əti yağda həddindən artıq qızartdıqda da kanserogen maddələr yaranır. Qızarmış ətdə xoşagələn qoxu gələn kimi orada aromatik karbohidrogen yaranır və bu o dəqiqə bədxassəli şişə çevrilmir, sadəcə, risk faktorudur.

- Düzgün qidalanmamaq da risk faktoru hesab edilirmi?

- Bəli, insanlar meyvədən və tərəvəzdən az istifadə edirlər. Ən ucuz məhsul meyvə və tərəvəzdir. Hazırda xərçəngə qarşı mübarizə üçün ən yaxşı vasitə "smirinka" alması hesab edilir. Onun 1 kiloqramı 50 qəpikdir. Gündə iki alma yemək heç kim üçün problem olmamalıdır. Yaşıl bazarda 10 ədəd göyərti 1 manatdır, bundan gün ərzində bütün yemək öyünlərdə istifadə etmək çox faydalı olar.

- Bəs son texnoloji nailiyyətlərin, əlimizdən düşməyən mobil telefonların, kompüterlərin, internetin orqanizmdə bədxassəli şişlərin yaranmasında rolu varmı?

- Müasir texnologiyaların zərəri sübut olunmuş və olunmamamış variantları var. O yerdə ki, radioaktiv şüalanma var, təbii ki, bədxassəli şişlərin əmələ gəlməsində müəyyən qədər rol oynayır. Ona görə də bütün dünyada radioaktiv maddələrin tullantısı üçün xüsusi qəbiristanlıqlar var. Tez-tez mətbuatda da çıxır ki, bədxah qonşularımız xaricdən pul alaraq bu tullantıları Dağlıq Qarabağda basdırırlar. Bu, gələcəkdə bizə də fəlakət ola bilər. Xoşbəxtlikdən bizim ölkədə radioaktiv maddədən çox istifadə olunmur. Yalnız müalicə və diaqnostikada bunlar tətbiq olunur.

Lakin vay-fay, mobil telefon və digər texnoloji avadanlıqların bədxassəli şişlərin yaranmasında rol oynaması haqqında söz demək doğru olmaz. Bədxassəli şiş xəstəlikləri əsasən 40 yaşından sonra əmələ gəlir və risk faktoru nədirsə, orqanizm onunla uzun müddət, yəni 20-25 il təmasda olmalıdır. İnternet və müasir telefonlardan istifadə müddəti hələ 20 ilə çatmadığından, o cümlədən bu istiqamətdə məqsədyönlü tədqiqat aparmadan bunu demək çətindir. Digər tərəfdən, hazırda telefon və internetdən istifadə etməyən insan yoxdur. Əvvəllər kompüter ekranları köhnə televizorlara bənzəyirdi və orada şüalanma var idi. Ancaq müasir ekranlarda bu şüalanma qat-qat aşağıdır.

- Əhali arasında xərçəng xəstəliyinin profilaktikası necə aparılmalıdır ki, bu tendensiya bir qədər zəifləsin?

- Bu xəstəliyin profilaktikası 3 mərhələdə aparılır: birincili profilaktika, ikincili və üçüncülü profilaktika. Birincili profilaktika dövlətin və hökumətin apardığı işdir. Hökumət elə qanunlar qəbul edib, elə qaydalar qoymalıdır ki, xərçəng xəstəliyinin yaranmasında rol oynayan risk faktorlarının kökü kəsilsin. Bakının mərkəzinə əvvəllər "qara şəhər" deyirdirlər. Çünki neft istehsalı, şifer istehsalı və sair ətrafa kanserogen maddələr buraxan zavodlar var idi. Dövlət qərar qəbul etdi və bu zavodlar insanların az yaşadığı yerlərə köçürüldü. İkinci tərəfdən, cənab prezident sərəncam imzaladı və bütün böyük şəhərlərdə azbest şiferlər dəyişdirildi, istifadəsi dayandırıldı. Artıq çoxdan sübut olunub ki, azbest kanserogen maddədir. Ancaq hələ də insanlar bu şiferlərdən alıb fərdi yaşayış evlərinin damına vururlar. Dünyada azbestin bədxassəli şiş əmələ gətirməsi artıq qəbul olunub və bizdə də hökumətin imkanı olduqca vəsait ayırır ki, binalarda şiferlər dəyişdirilir.

İkincili profilaktika isə xəstəliyin erkən aşkar olunmasıdır. Bu da hökumətin qarşısında duran problemdir. Çünki hökumət maarifləndirmə ilə və öz tibb personalını işə qoşmaqla erkən aşkarolunma istiqamətində iş aparmalıdır. Sığorta təbabəti bu istiqamətdə mühüm rol oynaya bilər. Ölkəmizdə də artıq tibbi sığorta ilə bağlı pilot layihələrə başlanılıb. Erkən aşkar olunan bədxassəli şişin müalicəsinə xərclənən vəsait, ikinci, üçüncü fazasında aşkar olunan xəstəliyin müalicəsindən 3 dəfə ucuz olur. Gecikmiş xəstəliyin müalicəsi isə bundan 5-6 dəfə baha olur. O baxımdan 35-40 yaşına çatmış insanlar ildə 1 dəfə gedib müxtəlif müayinələrdən keçməlidir. Əsasən də ən çox yayılmış olan, qadınlarda süd vəzi və ginekoloji orqanların xərçəngi, kişilərdə və qadınlarda ağciyər və qaraciyər xərçəngi, kişilərdə prostat xərçəngi və sairlə bağlı müayinələr aparılmalıdır.


29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.