Bakı ikinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalına hazırlaşır

Bakı ikinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalına hazırlaşır
21 2018 12:16

Noyabrın 1-dən 6-dək “YARAT” Müasir İncəsənət Məkanı Bakının bir sıra sayılıb-seçilən məkanlarında ikinci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edəcək.

“YARAT” dan Realpress.az-a bildirilib ki, ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi götürülən M.A.P. festivalının adı, musiqi, incəsənət və perfomans terminlərinin abreviaturasıdır. Tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə, bu festival özündə müxtəlif teatr nümunələrini birləşdirir. Sözügedən tədbir öz əhatə dairəsini davamlı olaraq genişləndirir. Bu ilki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.

Layihənin bədii rəhbəri Kamran Şahmərdanın sözlərinə görə, festivalın ikinci buraxılışı, “sərhədsiz teatr” konsepsiyasını gerçəkləşdirən geniş miqyaslı proqramı təqdim edir. O, festivalın incəsənət vasitəsilə sərhədləri silən, mədəniyyətləri birləşdirən və insanları bir araya gətirdiyini vurğulayır: Biz, müxtəlif teatr formaları arasında sərhədləri aradan götürməklə, küçə perfomansları, opera və balet, audiovizual səhnə quruluşları və klounada daxil olmaqla, müasir teatrda istifadə edilən geniş üslub palitrasını nümayiş etdirmək istəyirik. Müxtəlifliyi ön plana çəkməklə, biz auditoriyaya azad seçim imkanı verəcəyik.

M.A.P. festivalı çərçivəsində Kamran Şahmərdan, Aleksandr Vampilovun eyniadlı pyesi əsasında hazırlanmış “Ördək ovu” tamaşasını da təqdim ediləcək. XX əsrin rus dramaturgiyasının ən ziddiyyətli əsərlərindən birinin əsasında qurulmuş bu tamaşanın uğurlu premyerası bu ilin yaz aylarında, Estoniyanın “Vene” teatrında baş tutub. Festival proqramının açılışı, İtaliyanın “NoQraviti” teatrının kollektivi tərəfindən hazırlanmış “Ariya” adlı multidisiplinar tamaşa ilə başlayır. Parlaq rəqslər, ifalar və kostyumların yer aldığı bu tamaşaya Monteverdi, Vivaldi və Perqolezinin musiqi əsərləri daxildir. Rəqqaslar, musiqiçilər və müğənnilərin hamısı, bir neçə artistik janrı birləşdirməklə, bu tamaşada bərabər səviyyədə mərkəzi rol oynayırlar. Gənc və istedadlı Azərbaycan dirijoru Cavad Tağızadənin rəhbərliyi altında, Yozef Haydnın “Kimsəsiz ada” operasının müasir versiyasını təqdim edən əfsanəvi Mariinski teatrının çıxışı festivalın ən gözlənilən tədbirlərinə aiddir. Həmçinin proqrama dünya şöhrətli rejissor və xoreoqraf Daniele Finzi Paskanın “La Verità” (“Həqiqət”) akrobatik şousu və Moskvanın ən müasir teatr qurumlarından biri “Qoqol-mərkəz” tərəfindən Nikolay Nekrasovun “Rusiyada yaşamaq kimə yaxşıdır” adlı məşhur poeması əsasında hazırlanmış yeni səhnə quruluşu daxildir. Tamaşaları müşayiət edən zəngin ustad dərslər və mühazirələr proqramı, yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarlarının öz həmkarları ilə görüşməyə və fikir mübadiləsi aparmağa imkan verəcək. Bu ilin ən parlaq tədbirləri arasında rusiyalı dramaturq və ssenarist Yuliya Tupikina tərəfindən “Pyes necə yazılır?” adlı ustad dərsi, rejissor, aktyor və musiqiçi Aleksandr Dzüba tərəfindən birgünlük intensiv ustad dərsi, “Çiten” teatrının rejissoru Motoi Miuranın yapon teatrı haqqında mühazirəsi, habelə, teatrşünas və tənqidçi Marina Davıdova ilə müasir teatr quruluşlarının təkamülündən bəhs edən müzakirə daxildir. “Merlin” Kukla teatrının təsisçiləri Dimitris Stamu və Demi Papada ən gənc tamaşaçılara öz işıq və kölgə yaradıcılıqları vasitəsilə “işıq ilə oyun” sənətini təqdim edəcəklər. Azərbaycanın payız təqvimində əlamətdar yer tutan M.A.P. festivalı, teatrın Bakının mədəni həyatında öz əvvəlki nüfuzunun və əhəmiyyətinin qaytarılmasına dəvət edir. M.A.P. festivalı, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkətinin dəstəyi ilə təşkil ediləcək.

Festivalla bağlı Bakcell şirkətinin baş icraçı direktoru Nikolay Bekers bunları qeyd edib: M.A.P. festivalı, Azərbaycanda incəsənətin inkişafına, habelə, bütün dünyada Azərbaycan incəsənətinin tanınmasına əhəmiyyətli töhfə verir. Bu, musiqi, incəsənət və perfomans ilə məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır. Bakcell şirkəti, ilk ildən etibarən M.A.P festivalının baş sponsoru qismində çıxış edir. Milli telekommunikasiya operatoru olan Bakcell, Azərbaycanda musiqi və incəsənətin inkişafına töhfə verən layihələrin dəstəklənməsi öhdəliyinə daim sadiq qalır. “YARAT”, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, ÜNS Yaradıcılıq Səhnəsi, Bakı Konqres Mərkəzi də daxil olmaqla, Bakının ən nüfuzlu teatr məkanları ilə sıx əməkdaşlıq edir.

M.A.P. festivalı, Pedro Qomes-Eqanyanın noyabrın 9-dan fevralın 10-dək “YARAT” Müasir İncəsənət Mərkəzində keçiriləcək “Xəzər rəsədxanası” adlı sərgisi ilə üst-üstə düşür.

Qeyd edək ki, “YARAT” Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. “YARAT” (yaratmaq mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı öz üzərində uzunmüddətli öhdəlik götürüb. “YARAT” Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası, “YARAT” Emalatxanaları, geniş təhsil və ictimai layihələri “YARAT” Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. “YARAT” İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır. 2015-ci ilin oktyabrında, “YARAT” Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM (tərəqqi mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və “ARTIM LAB” proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir. Əsası 2016-cı ildə qoyulmuş “YARAT” Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulub. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, “YARAT” Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur. Yarandığı gündən təhsil layihələri “YARAT”ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. “YARAT” müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. 7000-dən çox baza stansiyası ilə Bakcell şəbəkəsi ölkə əhalisinin 99 faizini və ölkə ərazisinin 93 faizini əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla). Hazırda Bakı və Abşeron yarımadasına əlavə olaraq 30-dan çox bölgənin sakinləri Bakcellin yüksək sürətli 4G internet xidmətindən istifadə edə bilir. 2018-ci ildə, Bakcell Azərbaycanın digər regionlarında da öz LTE şəbəkəsini genişləndirməyə davam edir. Bakcell şəbəkəsi, mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil qurumlardan biri olan “P3 Communications” şirkəti tərəfindən Azərbaycanda “Best in Test” (“sınaq nəticələrinə görə ən yaxşı”) adına layiq görülüb. Bakıda və ölkənin digər iri şəhərlərində aparılmış sınaqların nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumilikdə ən yüksək nəticələr göstərmiş şəbəkə təcrübəsinə və ən mükəmməl mobil internet şəbəkəsinə malikdir.


15 Okt 2018
Mədəniyyət

Bakı Kitab Mərkəzində Xalq yazıçısı Elçinlə görüş təşkil olunacaq

Oktyabrın 16-da Bakı Kitab Mərkəzində Xalq yazıçısı, ədəbiyyatşünas, dramaturq Elçin Əfəndiyevlə görüş təşkil olunacaq.

13 Okt 2018
Mədəniyyət

Azərbaycan Tayhu Dünya Mədəniyyət Forumunda təmsil olunacaq

Oktyabrın 17-19-da Çinin paytaxtı Pekində 5-ci Tayhu Dünya Mədəniyyət Forumu keçiriləcək.

11 Okt 2018
Mədəniyyət

Bakıda beynəlxalq dərəcəli fotoqrafın sərgisi açılacaq

Oktyabrın 19-dan 21-dək Bakıda “Qalereya 1969”da “Photo magic of stars” fotosərgi açılacaq və “Beynəlxalq Foto Birliyinin (Global Photographic Union-GPU) üzvləri ilə görüşlər təşkil ediləcək.

10 Okt 2018
Mədəniyyət

Milli kinomuzun 120 illiyinə həsr edilmiş fotosərgi açılacaq

Oktyabrın 12-də Muzey Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş “Azərbaycan kinosu çəkiliş meydançalarında” adlı fotosərgi açılacaq. Sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək.