Deputat: Valideyn bilə-bilə övladının qatilinə çevrilir - MÜSAHİBƏ

Deputat: Valideyn bilə-bilə övladının qatilinə çevrilir - MÜSAHİBƏ
04 İyun 2018 10:23


Realpress.az-ın suallarını Milli Məclisin (MM) Səhiyyə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvü Məlahət İbrahimqızı cavablandırır:

- Məlahət xanım, Siz bir xeyli müddət öncə mətbuata açıqlamalarınızdan birində mediada, ictimaiyyətdə daha çox siyasi məsələlərin müzakirə olunduğunu bildirmiş və bir növ buna etiraz etmişdiniz. Bunun kökündə nə dayandırdı, yəni, Sizcə, daha çox hansı məsələlər müzakirə mövzusu olmalıdır?

- Doğrudan da, bu gün bütövlükdə dünyada daha çox siyasi məsələlərdən, siyasi problemlərdən daha çox danışılır. Ancaq bəzi qeyri-siyasi və daha vacib problemlər var ki, onlar haqda az danışılır. Hansı ki, onlar- insan hüquqları, hüququn aliliyi, söz azadlığı həmin problemin və problemlərin təməl fundamentləri sayılan problemlərdir.

Məsələn, həmin problemlərdən biri demoqrafik problemdir. 

Bu gün hər bir dövlətin gücündə, onun qüdrətində demoqrafik amil çox ciddidir və çox böyük rol oynayır. Yəni, hər bir dövlətin təhlükəsizlik konsepsiyasında demoqrafik problem və təhlükəsizlik ciddi istiqamətlərdən biri sayılır. Bir ölkənin iqtisadi gücü onun  təkcə iqtisadi resursları deyil, həm də əmək resursları ilə qiymətləndirilir.

Əmək resursları isə insandır - qadın və kişilərdir. Bu gün hansısa ölkələr əgər demoqrafik böhran yaşayırsa, deməli, o ölkələrin gələcəkdə iqtisadi sahədə də ciddi problemləri olacaq. Eyni zamanda, demoqrafik problemlərin içərisində də əsas demoqrafiyanı şərtləndirən əhali artımıdır. Əhali artımının nüvəsində də heç şübhəsiz, ana sağlamlığı və ailə planlaşdırması dayanır.

Yəqin ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının “Dünya əhalisi- 2050” hesabatına baxıbsınız. Orada 2050-ci ilə qədər artıq dünyanın bir sıra ölkələrinin əhalisinin demək olar ki, itməkdə olması, belə demək mümkünsə, “Qırmızı kitab”a düşməsi məsələsi var. “Dünya əhalisi-2050”- də bir çox millətlərin, xalqların, demək olar ki, kökünün kəsilməsi təhlükəsi qənaətinə gəlib.

Ona görə də bu, ölkələr üçün, hər bir dövlət üçün həyəcan siqnalıdır.

- Bəs bizim ölkəmizlə bağlı məsələ nə yerdədir, demoqrafik böhran təhlükəsi bizim üçün də varmı?

- Allaha min şükür ki, hazırda bizim ölkəmizdə demoqrafik böhran yoxdur. Xatırladım ki, Azərbaycanın SSRİ dağılarkən 6 milyon yarım əhalisi var idi. Amma bu gün biz 10 milyona çatmışıq. Bu da çox ürəkaçan rəqəmdir ki, bizim əhalinin sayı ildən-ilə artır.

Amma bunun gələcəkdə necə olacağı, əhali artımının baş verib-verməyəcəyi indidən tam məlum deyil. Bu, heç də o demək deyil ki, bu gün bizim əhalimiz 10 milyona yaxındırsa, 2050-ci illərdə, qarşıdakı illərdə demoqrafiyamızda hansısa problemlərin olması gözlənilmir.

Bu, belə deyil. Ona görə ailə planlaşdırması və demoqrafik proseslərin tənzimlənməsində xüsusi rolu olan ana sağlamlığının bu məsələdə çox böyük əhəmiyyəti var.

2000-ci ildə Minilliyin inkişaf sammiti oldu və orada səkkiz istiqamətdə strategiya qəbul olundu. Buna minilliyin hədəfləri də deyirlər. O hədəflərin-strategiyanın dördü qadınlarla - ana ölümü, ana xəstəliyi, ana sağlamlığı, qadınların gücləndirilməsi ilə bağlıdır. Amma bu gün təəssüf ki, Azərbaycanda bununla bağlı müəyyən problemlər var.

Hələ bir neçə il öncə keçmiş təhsil naziri Mikayıl Cabbarov mətbuat konfransında müsahibəsində belə bir rəqəm səsləndirmişdi, - o statistikada da var, amma ictimaiyyət üçün bəlkə də yeni idi, - birinci snifə gedən uşaqlar arasında qızların sayı oğlanların sayından 10-15 min azdır.

Bu, əlbəttə, çox düşündürücü və narahatedici bir məsələ idi.

Statistika özü açıq-aydın  göstərirdi ki, artıq əhalimizin 7 yaşdan aşağı olan hissəsində qızların sayı oğlanların sayından azdır. Onu da deyim ki, bir neçə il öncə müvafiq qanunda dəyişikliklər etdik və həmin dəyişikliklərə əsasən də artıq cinsiyyətə görə tibbi müayinə aparılması ilə bağlı həkimlər də məsuliyyət daşıyır, onlara bu məsələ qadağan olunur. Yəni, məsuliyyət məsələsi qanunvericilikdə öz əksini tapdı.

Amma hesab edirəm ki, bu, azdır.

- Nəyə görə?

 - Əslində qadağan olunmaq söhbəti ola bilməz.

Qadağan sözü birinci insan hüquqları ilə bağlı olan haldır, ikincisi də qadağan olunmaq maddəsi problemin həlli deyil.

Bu məsələnin köklü həlli üçün biz  bu gün cəmiyyətdə geniş maarifləndirmə işləri aparmalıyıq. Avropada, inkişaf etmiş hansı ölkədə gedib desəniz ki, cinsə görə hamiləlik müayinə olunur, ona gülərlər və eyni zamanda, bu azmış kimi, ondan sonra hansısa cinsin olması ilə bağlı valideyn və yaxud da, həkim hamiləliyi ləğv edirsə, bu, artıq dəhşətdir.

XXI əsrdə hamiləliyin qarşısının alınmasının metodları ola-ola, hamiləlikdən sonra bir növ ana bətnində olan uşağın öldürülməsi, qətlə yetirilməsi, bu, qəbulolunmazdır. Yəni, valideyn özü bilə-bilə öz övladının qatilinə çevrilir. 

Ona görə burada ailə planlaşdırması çox  önəmlidir, eyni zamanda da, dediyim kimi,  maarifləndirmə işi aparılmalıdır.

Rəhmətlik Səməd Vurğun hələ o zamanlar “Bəsti” poemasında yazırdı ki: 

Anan səni doğanda adına Bəsti dedi,
Əllərimi bir fələk oğuldan kəsdi dedi,
Beləydi qayda bizdə qız doğanda analar,
Baxıb qara geyərdi su üstündə sonalar... 

Bu sözlərlə dahi şairimiz sanki o zamandan insanlara-bizlərə üsyan edirdi.

Eyni zamanda, bu gün özündə belə Azərbaycanda qədimdən qalma köhnə adlar siyahısında Qıztamam, Tamam, Qızyetər, Qızbəsti adlarına tez-tez rast gəlinir. Yəni, bu adlarla sanki qızların dünyaya gəlməsinə etiraz olunur ki, bu da qətiyyən, düzgün deyil və yolverilməzdir.

Ancaq o da var ki,  bu adlar bizim dindən qaynaqlanan adlar deyil.

Bizim dinimizdə deyilir: “Cənnət anaların ayağı altındadır”.

Yəni, ananın ayağının altı öpüləcək dərəcədə müqəddəsdir. İslam hümmətinin, islam aləminin müqəddəs peyğəmbəri Məhəmməd peyğəmbərin qızı olub, oğlu olmayıb. Dinimizdə üç qızı olanın Allahın ən sevimli bəndələrindən olduğu qeyd olunur.  Yeri gəlmişkən, cahillik dövründə ərəb toplumunda qız uşaqları doğulanda öldürərlərmiş.

Çox təəssüflər olsun ki, min illər bundan öncə olan, yaşanmış problemlərin bu gün Azərbaycanda qalması, bu, Azərbaycan ziyalılarının, Azərbaycan insanının adına şərəf deyil. Ona görə Azərbaycanın bütün bölgələrində, eləcə də mətbuat vasitəsilə ciddi tibbi maarifləndirmə işi aparılmalıdır.

- Yeri gəlmişkən, bu gün Azərbaycanda məktəbdən, təhsildən yayınma, erkən nikaha getmə də 15-20 il bundan qabaqkından daha çoxdur...

- Bu da çox ağrılı bir məsələdir.

Bir tərəfdən, Azərbaycan sürətlə inkişaf edir, böyük nailiyyətlər əldə edirik və sair, digər tərəfdən, bizim qızlarımız təhsildən yayınır, erkən ərə gedir.

Bu, bizim xalqımıza yaraşanmı əlamətdir? Bu, hansı dövrdür ki, valideyn-ana qız uşağını, öz övladını məhv etdirir?

Vaxtilə 15-20 il bundan qabaq 3-4 ayından sonra ana bətnində olan uşağın ürək döyüntüləri eşidilirdi. Amma bu gün yüksək səviyyəli texnologiyalar əldə olunub ki, bir həftəlik dölün artıq ürək döyünməsi eşidilir.

Deməli, bu, özü nəyi göstərir? Bu özü onu göstərir ki, fərqi yoxdur, bir günlük olsun, üç günlük olsun, istər 9 aylıq olsun, bu, insandır. İnsanın hüquqları var və insanın insana qarşı qətl törətməsi, onu öldürməsi necə ağır cinayətdirsə, 10 günlük, 15 günlük uşağı da öldürmək, ana bətnində olan məsum uşağı da öldürmək o dərəcədə ağır cinayət sayılır və sayılmalıdır.

Buna görə yuxarıda da qeyd etdiyim kimi, ailə planlaşdırması çox önəmlidir. Ailə planlaşdırması uşaq dünyaya hələ gəlməmiş, eləcədə qadın - ana hamilə olmamışdan qabaq  aparılır. Yəni, bu, bir elmdir və bütün dünyada bu aparılır.

Təbii ki, bəzi inkişaf etməmiş toplumlarda bunun aparılması mümkün deyil, onların bunun üçün imkanları yoxdur, amma bizim bu cür inkişafımız, nailiyyətlərimiz, bu cür resurslarımız ola-ola  bu istiqamətdə apardığımız  işlər  etiraf etməliyik ki, çox zəifdir.

Elə o zəif işin nəticəsidir ki, bu gün Azərbaycanda 7 yaşına qədər olan əhalinin içərisində qızların sayı oğlanlardan xeyli azdır, burada  nəzərəçarpacaq dərəcədə fərq var və bu məsələ  beləcə özbaşına buraxılsa, gələcəkdə daha ciddi təhlükə yarada bilər…


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.